İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Ermənilər Qarabağdakı mədənlərin qanunsuz istismarını dayandırdıqlarını dedilər-Azərbaycanın mövqeyi belədir

“Laçın yolundakı aksiya ilkin hədəfinə çatdı” 

Ağdərədəki mədənlərdə qanunsuz olaraq çalışan “Base Metals” şirkətinin rəhbərliyi birgə ekspertiza başa çatana qədər istismar etdiyi mədənin fəaliyyətinin müvəqqəti dayandırılması barədə qərar qəbul edib.

Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir.

“Artsax respublikası hökuməti” adlı oyuncaq qurum bildirib ki, Qarabağda dağ-mədən sənayesi ən yüksək beynəlxalq standartlara uyğun həyata keçirilir və bu sahənin qanunvericiliyi ilə müəyyən edilmiş normalar qəbul edilib.

“Bununla belə, qonşu ölkənin ekoloji fəallarının “yaratdığı qeyri-sağlam atmosferi və beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdlərini nəzərə alaraq, epidemiya ilə bağlı beynəlxalq ekoloji ekspertizanın keçirilməsi üçün beynəlxalq təşkilatlara müraciət edilməsi qərara alınıb” - separatçıların yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, şirkət rəhbərliyi ilə birlikdə ekspertiza başa çatana qədər işlədilən mədənin fəaliyyətinin müvəqqəti dayandırılması barədə qərar qəbul edilib.

“Artsax hökuməti” adlı oyuncaq qurum daha da uzağa gedərək, yoxlamaların tez bir zamanda təşkili üçün BMT-nin müvafiq strukturlarına və digər beynəlxalq peşəkar təşkilatlara müraciət edib.

Göründüyü kimi, azərbaycanlı ekofəalların etirazları özünün ilkin nəticələrini verməkdədir, qanunsuz istismar işi apararaq qızıl, mis, molibden mədənlərini talayan şirkət fəaliyyətini dayandırmağa vadar olub. Lakin separatçılar yenə də avantürist mövqe tutaraq, BMT və digər qurumların təmsilçilərini Azərbaycan ərazilərinə dəvət edəcək qədər həyasız davranış sərgiləyiblər.

Bu baxımdan Azərbaycan tərəfi bir qrup cinayətkarın açıqlaması ilə hər hansı bir aksiyanı dayandırmaq fikrində deyil.

Musavat.com-a etibarlı mənbələrdən daxil olan məlumata görə, Azərbaycanın nümayəndə heyəti əraziyə buraxılmayana, orada mütəxəssislərimiz tərəfindən lazımı araşdırmaların aparılmasına şərait yaradılmayana qədər Laçın yolundakı aksiyamız davam edəcək. Hələ ki, Azərbaycanın nümayəndələri üçün bütün danışıqlara rəğmən belə bir şərait yaradılmayıb.

Ona görə də onlar işi dayandırıblar, dayandırmayıblar bu, bizi qayğılandırmır. Təbii ki, bir qrup cinayətkarın açıqlamasına görə hərəkət etməmişik və etmərik də.

Qeyd edək ki, 2002-ci ildən Qarabağda qanunsuz istismarla məşğul olan şirkət Avstraliyanın “International Base Metals Limited” şirkətinin törəmə müəssisəsidir və həmin ölkədə yaşayan erməni iş adamı tərəfindən qurulub.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR