Onlayn ictimai-siyasi qəzet
Əgər, 4-5 il bundan əvvəl kimsə desəydi ki, Türk Dövlətləri Təşkilatının Şuşada Zirvə Toplantısı keçiriləcək və orada “Qarabağ Bəyannaməsi” imzalanacaq, yəqin ki, ona heç kim inanmazdı, bunun bir xəyal və ya utopiya olduğunu deyərdik.
Ancaq bu gün bu, artıq, xəyal deyil, qurur duyduğumuz bir gercəklikdir.
“Qarabağ Bəyannaməsi” Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərin, Qarabağ separatçılarının birdəfəlik yox etməsinin, ərazi bötüvlüyünü və suverenliyini kiminsə lütfi ilə deyil, öz gücünə, savaşaraq bərpa etməsinin əks-sədasıdır, Türk Dünyasının dünyaya verdiyi yeni “Qarabağ” mesajıdır.
Artıq Qarabağ və Şuşa Türk Dünyası birliyinin, gücünün simvoluna, qürur mənbəyinə çevrilibdir.
06 iyul 2024-cü il, Türk Dövlətləri Təşkilatının (qeyri-rəsmi) Şuşa Zirvəsi. Bu sözlər qızıl hərflərlə Türk Dünyasının tarixinə yazıldı.
Bundan sonra, Türk Dövlətlərinin birlik və gücündən söz edən zaman 06 iyul 2024-cü ildə Şuşada imzalanan “Qarabağ Bəyannaməsi”nə mütləq və mütləq istinadlar olacaq, bu Bəyannamənin direktivləri əsasında yeni qlobal güc mərkəzinin formalaşması daha da sürətlənəcək.
Bu gün “Qarabağ Bəyannaməsi” “Şuşa Bəyannaməsi”nin ruhuna uyğun və onun davamı kimi imzalandı. “Qarabağ Bəyannaməsi” Türk Dünyasının birlik və bərabərliyinin, gücünün və gələcəyə baxışının manifesti kimi dünyaya təqdim olundu.
“Qarabağ Bəyannaməsi” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 ay öncə qətiyyət və əminliklə dediyi “Bizim başqa ailəmiz yoxdur, ailəmiz Türk dünyasıdır” bəyanatının real həyatda tətbiqi, Türk Dünyasının birliyi naminə cənab Prezidentin uğurlu liderlik missiyasının növbəti təntənəsidir.
Bəyannamənin Şuşada imzalanması və adının da Qarabağ Bəyannaməsi adlandılrılmasının da çox böyük tarixi, siyasi dəyəri və simvolik mənası
var. Məzmunundan asılı olmayaraq, Bəyannamənin Qarabağ adlandırılması və Şuşada imzalanması Türk Dünyasının, Türk Dövlətləri Təşkilatının milli ruhunun, birlik istəyinin nə qədər güclü olduğunu, bu möhtəşəm Birliyin istiqamətini, yönünü bəlirləyən və təsdiq edən ən mühüm amildir.
Bu faktın özü həm də Azərbaycanın, onun Liderinin Türk Dünyasınadakı sanballı yerini və siyasi çəkisini, Türk dünyası üçün göstərdiyi yüksək xidmətlərin üzv ölkələr tərəfindən qiymətləndirilməsini, eyni zamanda, dövlətimizə və Prezidentimizə olan dərin hörməti və etimadı göstərir.
Bu baxımdan, cənab Presidentin Zirvə Toplantısındakı çıxışının bu hissəsinə diqqət yetirək: “Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmişdir.Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir. Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır”.
Artıq, necə deyərlər, əlavə şərhə ehtiyac yoxdur. Hər şey, "Qarabağ Bəyannaməsi"nin müddəaları və gələcək hədəfləri cənab Prezidentin bu fikirlərində çox açıq və inamlı şəkildə qeyd olunubdur.
Tarixin heç bir kəsimində Türk Dövlətləri bu qədər yaxın və bir olmayıblar. Zaman və tarix Türk dünyasına Bir və Güc olmaq imkanı verib.
Xoşbəxtlikdən Türk Dövlətləri bu tarixi imkanı çox gözəl başa düşür və lazımınca dəyərləndirir.
Türk dünyasına, Türk Dövlətlərinə “Qarabağ Bəyannaməsi” xeyirli və uğurlu olsun!
Azay Quliyev, millət vəkili
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ