İnsanlara hürriyət, millətlərə istiqlal!

Talıbovsuz Naxçıvanın ikinci ili - NƏLƏR DƏYİŞDİ?

Ali Məclis sədri vəzifəsinə təyinat hələ üç il yarım da yubana bilər-bölgədən son xəbərlər

Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcə layihəsi Ali Məclisdə təsdiq olunub. Büdcə layihəsinə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə yeddinci çağırış Ali Məclisin payız sessiyasında üçüncü oxunuşda baxılıb. 

Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov muxtar respublikanın sosial-iqtisadi inkişafı və 2025-ci il büdcəsi barədə çıxış edib. Büdcə layihəsi ilə yanaşı, “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2025-ci il üçün xərclər smetası haqqında” qərar layihəsi də səsə qoyularaq qəbul edilib.

Yada salaq ki, 2022-ci ilin dekabr ayının 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov istefa verib. Yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında Ali Məclis sədrinin seçiləcəyi gözlənilirdi. Ali Məclisin sədri vəzifəsinə təklif olunan namizəd dəstəklənmədiyi üçün Ali Məclisin sədr müavinlərinin seçilməsi məsələsi müzakirə olundu. Bəxtiyar Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini seçildi.

Niyə Talıbovun vəzifəsinə deyil, birinci müavini postuna təyinat oldu? Yeni “Naxçıvan xanı” formalaşmasından ehtiyatmı edildi?

Heydər Oğuz 

Naxçıvandan olan siyasi şərhçi Heydər Oğuz dedi ki, Bəxtiyar Məmmədovun Ali Məclisin sədri seçilməməsinin səbəbi var: “Əslində Bəxtiyar Məmmədovu müavin yox, sədr seçmək istəyirdilər. Amma Naxçıvan Konstitusiyasının 29-cu maddəsinə görə muxtar respublika ərazisində 5 ildən az olmayaraq daimi yaşayan, başqa dövlətlər qarşısında öhdəliyi, ikili vətəndaşlığı olmayan ali təhsilli hər bir deputat Ali Məclisə sədr seçilə bilər. Bəxtiyar Məmmədov isə Naxçıvanda doğulsa da, son 5 il ərzində orada yaşamayıb. O, ilyarım əvvəl Naxçıvana qayıdıb və əvvəl baş nazirin müavini işləyib, sonra Ali Məclisin sədri seçilmək üçün deputatlıq mandatı alıb. Nəzərə almayıb ki, bu təyinatın reallaşması üçün o, daha 3 il yarım Naxçıvanda yaşamalıdır. Bu minvalla həmin vəzifə hələ üç il yarım vakant yer kimi öz əsl sahibini gözləyəcək”.

Heydər Oğuz Naxçıvanda “yeni xan” düzəldilməsinin mümkün olmadığı barədə fikrimizlə razılaşır. Bununla belə, o, bunun səbəbini Naxçıvanın yeni hakimiyyətinin məziyyəti ilə əlaqələndirməyin də əleyhinədir: “Məsələ burasındadır ki, Vasif Talıbov Naxçıvanda bütün hakimiyyət orqanlarını öz əlində topladığı üçün "xan" ola bilmişdi. İndiki hakimiyyətin isə bu imkanları yoxdur. Çünki muxtar respublikanın bütün güc strukturları paytaxt tərəfindən təyin olunur".

Müsahibimiz deyir ki, muxtar respublikada vaxtaşırı audit yoxlamaları aparan bütün rəsmi qurumların hesabatları bölgədə heç də hər şeyin yaxşılığa doğru dəyişmədiyini göstərir: “Məsələn, Hesablama Palatası, demək olar ki, Naxçıvanın bütün strukturlarını araşdırıb və hamısında qanunsuz xərcləmələr aşkarlayıb. Hətta Ali Məclisin xərclər smetasında nəzərdə tutulmayan istiqamətlərə 78,9 min manat artıq vəsait sərf olunub.

Ali Məclisin saxlanılması üzrə vahid büdcə təsnifatının tələbinə əməl edilməyib, ümumilikdə 32,4 min manat və satınalma keçirilmədən isə 69,3 min manat xərc edilib və sair". 

Ekspert deyib ki, Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində aparılmış yoxlamalar nəticəsində müəyyən olunub ki, təhsil müəssisələrində normativlərin tələbləri gözlənilməyib, dərs saatları artırılıb, bir şagirdin bir neçə qrupda göstərilməsi və əvvəlki tədris ilində olmayan şagirdlər hesabına qrupların təşkil edilməsi nəticəsində artıq vəsaitlər ödənilib, dövlət satınalmaları keçirilməyib, müqayisələr əsasında müqavilələr üzrə qiymətlər artırılıb və nəzarət ölçü qaydasında baxış zamanı avadanlıqlarda çatışmazlıqlar aşkar edilib.  İş o yerə çatıb ki, Hesablamalar Palatası bu özbaşınalıqlarda cinayət tərkibinin əlamətləri olduğunu düşünüb və müvafiq materialları Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərib.

Vasif Talıbovun Naxçıvanda qoyduğu - Bəzi Qadağalar Götürüldü - FED.az

Heydər Oğuz Naxçıvanda səhiyyə sistemində vəziyyətin daha ağır olmasından da danışdı: “Muxtar respublikada fəaliyyət göstərən bütün xəstəxanalara direktorlar tibbi savadı olmayan kadrlardan seçilib. Hətta Naxçıvanın Mərkəzi Doğum xəstəxanası Vasif Talıbova 14 il ombudsmanlıq etmiş bir xanımın ixtiyarına verilmişdi. Məndə olan məlumata görə, Naxçıvanın Səhiyyə Nazirliyində də ciddi yeyintilər aşkarlanıb və fakt prokurorluq orqanları tərəfindən yoxlanılır”.

Heydər Oğuz sonda bildirdi ki, Naxçıvanın bütün sahələrdə rəsmən qeydə alınan nöqsanlar barədə uzun-uzadı danışmaq olar, amma bizi yormaq istəmədiyindən o, əsasən muxtar respublikanın baş naziri Ceyhun Cəlilov haqqında bir neçə söz demək arzusundadır: “Bilirsiniz ki, Naxçıvanın indiki baş naziri Ceyhun Cəlilov bu ilin aprel ayında həmin vəzifəyə təyin olunub. Haqqında müxtəlif təşkilatlara üzvlüyü barədə ittihamlar səsləndirilir. Mən bu məsələni dövlət orqanlarının ixtiyarına buraxıram. Geniş auditoriyaya isə yalnız bunları çatdırmaqla kifayətlənirəm: Ceyhun Cəlilov baş nazir təyin olunmamışdan əvvəl Naxçıvanın əmək və əhalinin sosial müdafiə naziri işləyirdi. Bu postda da böyük təcrübəsi yox idi. Cəmi 1 il 1 ay 10 gün idi ki, nazir olmuşdu. Özünün də 37 yaşı var. Soruşa bilərsiniz; bu gənc kadr hansı fövqəladə iş gördü ki, qısa zamanda baş nazir postuna layiq görüldü?”

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Dekabr 2024

27 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR