İnsanlara hürriyət, millətlərə istiqlal!

Şuşa məscidində namaz qılmaq istəyən erməni qadın - icazə verək, verməyək?

Azərbaycana gəlmək istəyən, vətəndaşlıq arzulayan ermənilərlə bağlı ekspertlərdən ehtiyatlı fikirlər; “Vətəndaşlıq elə ermənilərə verilməlidir ki...”

Erməni millətindən olan şəxslərdən Azərbaycan dövlətinə, onun Prezidentinə müraciətlər artmaqdadır. Son olaraq İslamı qəbul edən erməni qadın Aqunik Abovyan İlham Əliyevə videomüraciət edib və Bakıya gəlmək üçün ondan icazə istəyib. Bu barədə müraciətini o, sosial şəbəkə hesabından paylaşıb.

Abovyanın sözlərinə görə, Azərbaycanda olmaq, həyat yoldaşının və dostlarının vətənini görmək onun ən böyük arzusudur. Başqa bir diləyi isə Qarabağa getməkdir. “Əgər mümkünsə, məhz Şuşada məsciddə namaz qılmaq kimi arzum var”, - deyə o, sözlərini yekunlaşdırıb.

Bu artıq 3-cü analoji müraciətdir. Az əvvəl 2 erməni Azərbaycan vətəndaşlığı almaq istədiklərini bildirmişdi.  Hakimiyyətin belə müraciətlərə reaksiyası, yanaşması necədir? Onlara hansısa cavab hazırlanırmı? Veriləcəkmi?  Bu adamlarla əlaqə necə yaradılacaq, onların ünvanları, telefonları bəllidirmi?

Ceyhun Məmmədov: Azərbaycan milli mətbuatı çox şərəfli və zəngin inkişaf  yolu keçmişdir - "İki sahil"

Ceyhun Məmmədov 

Deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a dedi ki, belə müraciətlərin artması onu göstərir ki, Ermənistanın daxilində də ermənilər düşünürlər ki, artıq onların başqa yolları yoxdur: “Əvvəlki dövrdə daha çox revanşizm meylləri müşahidə edilirdisə, Azərbaycanın ünvanına təhdidlər eşidilirdisə, artıq vəziyyət dəyişib. Ermənilər Azərbaycan vətəndaşlığını qəbul etmək üçün müraciətlər etməyə başlayıblar. Hesab edirəm ki, bu məsələyə normal reaksiya vermək lazımdır və belə müraciətlərin çox olmasında maraqlı olmalıyıq. Belə ermənilərin sayının artması maraqlarımız çərçivəsindədir. Düzdür, Ermənistan daxilində belə insanlara çox sərt reaksiya verilir, təhdid edilirlər. Bir neçə gün əvvəl analoji müraciət edən erməninin psixoloji çatışmazlığı olması haqda dövriyyəyə məlumatlar buraxılmışdı. Biz belə müraciətləri düşünülmüş formada dəyərləndirməliyik. Belə müraciətlərə gələcəkdə baxa bilərik”.

Deputatın sözlərinə görə, belə müraciətlər dünyaya bir mesajdır: “Ermənilər iddia edirdilər ki, azərbaycanlılar onları sıxışdırırlar, təzyiq göstərirlər. İndi isə görünür ki, ermənilər özləri Azərbaycan vətəndaşı olmağa can atırlar. Bu, həm də Ermənistan daxilindəki bizim istədiyimiz prosesləri sürətləndirir. Hazırda Ermənistanda yaşayan ermənilərin Azərbaycanın idarəçiliyi altında yaşamasından söhbət gedir. Əslində bizim bu günə qədər həyata keçirdiyi siyasət, cənab Prezidentin vurğuladığı məsələlər də, yanaşmamız ondan ibarətdir ki, ermənilərə Qarabağda yaşamaq hüququ tanıyırıq. Bir şərtlə ki, onlar Azərbaycanın ərazi bütövlüyünü, Azərbaycan qanunlarını, atributlarını qəbul edib Azərbaycanın idarəçiliyi altında yaşasınlar”.

Deputat belə müraciətlərin kütləvi hal alacağını istisna etmir: “Uzun illər erməni separatçılarının nifrəti, kin-küdurəti bizə qarşı davam edəcək. Çünki Ermənistanın ideologiyasının kökündə separatçılıq meylləri qalır. Bu baxımdan hər zaman sayıqlığımızı qorumalıyıq. Çünki nə vaxtsa münbit şərait olsa, ermənilərin tarixən bizə qarşı törətdiyini görə bilərik. 1905-ci ildə, 1918-ci ildə biz erməni separatçılığı ilə üz-üzə qalmışıq. 70 illik sovet dönəmindən sonra da bu yenidən təkrar olundu, ermənilər azərbaycanlılara qarşı soyqırımı cinayətləri törətdilər. Bununla belə, müraciətlərə baxmalı, müraciət müəlliflərini qınamamalıyıq. Bu ona görə lazımdır ki, sabah deməsinlər ki, biz azərbaycanlılarla birgə yaşamaq istədik, onlar bizi qəbul etmədilər”.

Həmsöhbətimiz Azərbaycan vətəndaşlığına qəbul üçün istənilən şəxsin müraciət edə biləcəyini bildirdi: “Milliyyətindən, dinindən, irqindən asılı olmayaraq istənilən şəxs Azərbaycan vətəndaşlığına qəbul edilməsi üçün müraciət edə bilər. Ermənilərin də bu sırada olması mümkündür. Buna qanun yol verir. Söhbət azərbaycanlılara işgəncə verməyən, güllə atmayan, separatçılıq etməmiş və cinayət işləməmiş ermənilərdən gedir”.

Deputat vurğuladı ki, dövlətin bu müraciətlərə baxması üçün tədbirlər görülür: “Bu istiqamətdə planlar var. Bu planlar necə keçiriləcək, harada keçiriləcək məsələləri artıq konkretləşdirilib”.

Elçin Mirzəbəyli — Vikipediya

Elçin Mirzəbəyli

Politoloq Elçin Mirzəbəyli deyir ki, ermənilərin müraciətlərinə soyuqqanlı yanaşmağın tərəfdarıdır: “Ermənilərin bundan sonra da qalıb Azərbaycan torpaqlarında yaşamaqlarını qəbul ediriksə, ermənilər arasından olan ağıllı insanlarla da işləməyi bacarmalıyıq. Biz gücümüzü döyüş meydanında göstərməyi bacaran xalqıq. Belə məsələlərə emosional kontekstdən yanaşmağın tərəfdarı da deyiləm. Müraciətlərə selektiv yanaşmaq lazımdır. Onların içərisində vaxtilə Azərbaycan vətəndaşı olanlar və ya Azərbaycan vətəndaşlığını qəbul etməyə həvəs göstərənlər varsa, bu məsələyə müəyyən şərtlər daxilində baxmaq olar. Ümumiyyətlə isə məsələyə erməni Azərbaycan vətəndaşı olacaqsa, nə, olmayacaqsa, nə olacaq kontekstindən yanaşıram. Söhbət gələcəkdə seçki hüququndan gedirsə, mütləq çoxluq azərbaycanlılardır. Ən yaxşı halda Azərbaycan vətəndaşı kimi hüquqlarından istifadə etməklə bundan faydalana bilərlər”.

Politoloq deyir ki, Azərbaycan vətəndaşlığı almaq arzusunda olan ermənilərin müraciətlərinə son nəticədə müvafiq qurumlar baxmalıdır: “Müəyyən olunmalıdır ki, müraciət edən erməni Qarabağda separatçı fəaliyyətlə məşğul olmayıb ki? Separatçılara açıq-gizli dəstək verməyib ki? Bu və başqa suallara aydınlıq gətirilməlidir. Bundan sonra vətəndaşlıq məsələsinə baxıla bilər”.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və "ağalarını" belə ələ verdi -  ƏTRAFLI - en son xeberler 2022, xeberler bu gun 2022

Elxan Şahinoğlu 

Öz növbəsində “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, belə müraciətlər nəzərə alınmalı və dövlət konsepsiyası hazırlanmalıdır: “Azərbaycan qanunları ilə yaşamaq istəyən, Azərbaycan pasportunu daşımaq istəyən ermənilər də digər xalqlar kimi Azərbaycanda rahat yaşaya bilərlər. Yetər ki, bayrağımızı, gerbimizi, pasportumuzu, qanunlarımızı qəbul etsinlər. Kim bunu qəbul etmirsə, Azərbaycanda yaşaya bilməz və Azərbaycanın ayrılmaz parçası olan Qarabağdan da çıxmalı olacaq. Kim qəbul edəcəksə, onların məsələsinə baxıla bilər”.

Politoloqun sözlərinə görə, xarici ölkələrdə yaşayan ermənilər Bakıya səfərlər edirlər və burada heç bir problem yaşamırlar: “Əslində bizim dinc ermənilərlə heç bir problemimiz yoxdur, erməni separatizmi ilə problemimiz var. O ermənilər ki, Azərbaycan vətəndaşlığını qəbul etmək istəyirlər, onlara bu şərait yaradılmalıdır. Bu proses Azərbaycanın beynəlxalq aləmdə də reytinqini qaldıracaq. Qarabağda yaşayan, məskunlaşdırılmış ermənilərə gəlincə isə onlar separatçıların təzyiqi altındadırlar. Onlarla da dolayısı ilə təmasa keçmək lazımdır. Erməni icması ilə neytral zonada görüşlər keçirmək olar. Dövlət bu məsələ ilə bağlı konsepsiya hazırlamalıdır”.

Politoloq deyir ki, 44 günlük müharibə günlərində Azərbaycan tərəfə keçən, burada müalicə edildikdən sonra 3-cü dövlətə gedən qadının nə danışmasından asılı olmayaraq proses getməlidir: “Erməni qadın 3-cü dövlətə keçəndən sonra ağzına gələni danışdı. Bizim səhvimiz o oldu ki, biz onu Bakıda yerləşdirəndə, müalicə etdirəndə gərək foto və videolarını çəkərdik. Bu halda onun yalanı üzə çıxacaqdı. Bilinəcəkdi ki, Azərbaycanın ona təzyiq göstərilməsi ilə bağlı dedikləri cəfəngiyyatdır. Biz ermənilərlə birgə yaşayacağıqsa, bu, tək sözdə yox, əlimizdə bunu sübut edən görüntülər də olmalıdır ki, beynəlxalq ictimaiyyətə göstərək ki, Azərbaycan vətəndaşlığını qəbul edən, Azərbaycan pasportu alan ermənilər Azərbaycanda rahat yaşayırlar. Əlisilahlı separatçılara qoşulmayan, onlara dəstək verməyən ermənilərin Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində yaşamalarına heç bir maneə, problem yoxdur. Əli Azərbaycan vətəndaşlarının qanına batmış separatçılar isə Azərbaycan məhkəməsi önündə cavab verməli, layiqli cəzalarına çatdırılmalıdırlar”.

Politoloqun fikrincə, Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən, bunu izhar edən ermənilərlə təmas qurulmalıdır: “Aydınlaşdırılmalıdır ki, müraciət müəllifi olan ermənilər nə istəyirlər. Həmin erməniləri bir yerə yığıb qrup təşkil olunmalı, müsahibələr alınmalıdır. Bundan sonra onların istəkləri dinlənilməlidir. Bakıya və ya respublikanın digər ərazilərinə səfərləri təşkil olunmalıdır. Qoy gəlsinlər, öz gözləri ilə Azərbaycanı görsünlər”.

Politoloq Azərbaycan vətəndaşlığı almaq istəyən ermənilərin Azərbaycan ərazisində məskunlaşmaq probleminin həllinə də toxunub: “Vətəndaşlıq elə ermənilərə verilməlidir ki, Azərbaycana gələndən sonra burada dövlətə yük olmasın. Yəni gedib özünə ev ala bilsin, qaz, elektrik, su və s. problemlərini özü həll edə bilsin.  Mümkündür ki, dövlət müəyyən proqramlar həyata keçirsin. Ümumilikdə isə Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən şəxs milliyyətindən asıl olmayaraq gəlib burada öz yaşayış məsələlərini, sosial qayğıları özü çəkməlidir”.

Tural Abbaslı: “Mənim üçün iki cins var – kişi və qadın, vəssalam” – Azlogos

 Tural Abbaslı

AG Partiya sədri Tural Abbaslı isə belə müraciətləri qeyri-səmimi hesab edir: “Bu adamların məqsəd-məramları hər zaman məkrli olub. Ermənilər terrora meyllidirlər. Xatırlayırsınızsa, 1999-cu ilin oktyabrında öz parlamentlərinə girib deputatları güllələdilər. 8 deputat öldü, yaralananlar oldu. O zaman parlamentdə çıxışlar olurdu, erməni deputatlar deyirdilər ki, Qarabağda güzəştlər olmalıdır. Maraqlıdır ki, belə bir toplum daxilində olan şəxslər Azərbaycana müraciət edib vətəndaşlıq verilməsini xahiş edirlər. Belə müraciətdən sonra da öz məhlələrində, şəhərlərində qalıb yaşaya bilirlər. Bu, bir qədər şübhəlidir”.

Partiya sədri hesab edir ki, bu, hazırlanmış ssenarinin tərkib hissəsidir: “Xatırlayırsınızsa, 44 günlük müharibə günlərində bir erməni qadın tutularaq Bakıya gətirilmişdi. Ona qutab yedirtdik, sonra da göndərdik 3-cü ölkəyə. Təyyarədən düşən kimi müsahibə verib dedi ki, Azərbaycanda mənə təzyiq edirdilər. Yəni biz Azərbaycan vətəndaşlığı üçün müraciət edən ermənilərin də nə niyyətlə bunu etdiklərini bilmirik. Sabah gedib 3-cü dövlətdən sığınacaq istəməyəcəklər ki? Hansısa avantüralara getməyin tərəfdarı deyiləm və hansısa ölkənin tör-töküntüləri bizə lazım deyil”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR