Onlayn ictimai-siyasi qəzet
Suriyanın yeni hakimiyyət orqanları 2019-cu ildə Rusiya şirkəti ilə Tartus dəniz limanının idarə edilməsi üzrə imzalanmış investisiya müqaviləsini ləğv edib.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı Suriyanın “Əl Vətən” qəzetinə Tartus əyalətinin gömrük departamentinin direktoru Riad Cudi açıqlayıb.
Onun sözlərinə görə, Suriya keçid hökuməti limanın restrukturizasiyası üzərində işləyir, onun tam fəaliyyətini bərpa etməyə çalışır. Xüsusilə Suriyanın yeni hakimiyyət orqanları bəzi kateqoriyalı mallar üçün gömrük rüsumlarını 60 faiz azaldıb. Qurum rəsmisi qeyd edib ki, yüksək ödənişlər və logistika xidmətlərinin baha olması səbəbindən dəniz limanı praktiki olaraq fəaliyyət göstərmir: "Rusiya şirkəti ilə imzalanmış Tartus limanına investisiyalar haqqında müqavilə ləğv edilib. Limanın fəaliyyətindən əldə edilən bütün gəlirlər Suriya dövlətinin xeyrinə istifadə olunacaq”.
Suriya hökuməti 2019-cu ildə Rusiyanın “Stroytransgaz” şirkəti ilə investisiya müqaviləsi imzalayıb. Müqavilə 49 il müddətinə nəzərdə tutulub. Suriyanın keçmiş nəqliyyat naziri Əli Hamudun sözlərinə görə, sənəddə Rusiya tərəfinin limanı idarə etməsi və onun modernləşdirilməsinə 500 milyon dollardan çox sərmayə qoyması nəzərdə tutulurdu.
Tartus Suriyanın ikinci ən böyük dəniz limanıdır. Orada 1971-ci ildə ikitərəfli razılaşmaya əsasən təşkil edilmiş Rusiya Hərbi Dəniz Qüvvələri üçün logistika mərkəzi yerləşir. Hazırda Rusiya Suriyanın yeni administrasiyası ilə ölkədəki hərbi bazalarını saxlamaqla bağlı danışıqlar aparır.
Musavat.com
22 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ