İnsanlara hürriyət, millətlərə istiqlal!

Stalinin və Xruşovun məmnun qaldığı tərcüməçi – Troyanvskinin diplomatlığı

Onun yolu Kremlə hələ İosif Stalinin hakimiyyəti dövründə, 1944-cü ildə açılıb. Uzun illər SSRİ-nin, daha sonra Rusiyanın Xarici İşlər Nazirliyində yüksək vəzifələr tutan Oleq Troyanovski ilk fəaliyyətinə tərcüməçi kimi başlayıb. Sovet liderlərinə Troyanovski ilə işləmək nə qədər rahat olubsa, tərcüməçi üçün də bir o qədər çətin olub...

1919-cu ildə Moskvada anadan olan Troyanovski ilk orta təhsilini Vaşinqtonda alıb. Həmin vaxtlar onun atası ABŞ-da diplomatik xidmətdə olub. Daha sonra o, Moskva Fəlsəfə, Tarix, Ədəbiyyat İnstitutunu bitirib. Sovet-alman müharibəsi başlananda Troyanovski hərbi xidmətə çağrılsa da, o, bir ildən sonra ordudan tərxis edilib. “Sovinformbüro”da tərcüməçilərə böyük ehtiyac olduğundan Troyanovskini dil bilgilərinə görə işə qəbul ediblər. Məhz bu iş onun gələcək karyerasında mühüm rol oynayıb.

2y4OSznD4FU.jpg (96 KB)

Troyanovski “Sovinformbüro”da işləyərkən tərcüməçi kimi tez-tez Kremlə çağrılıb. O, Stalinlə ilk dəfə 1944-cü ildə görüşüb. Britaniyanın nümayəndə heyəti Moskvada rəsmi səfərdə olanda sovet lideri ilə britanyalı rəsmilərin arasında tərcüməçilik etmək ona həvalə edilib. Troyanovski öz xatirələrində həmin günü aşağıdakı kimi xatırlayıb:

“Mən sıravi tərcüməçi idim. Heç ağlıma belə gətirmirdim ki, nə vaxtsa Stalinin bir addımlığında dayanacağam. Həmin gün səhər saat 10-11 radələrində Kremldən mənim arxamca maşın göndərmişdilər. Əvvəlcədən mənə hansı məsələ ilə çağrıldığım haqqında heç bir məlumat veriməmişdi.

Kremldə iki buraxılış məntəqəsindən keçdim. Çox ciddi şəkildə üst-başımı yoxladılar. Daha sonra məni Stalinin qəbul otağına apardılar. Birinci dəfə idi ki, belə mötəbər yerdə olurdum. Qəbul otağından keçənlərin hamısını tanıyırdım. Daha doğrusu, onların şəkillərini qəzetlərdə görmüşdüm. Təxminən yarım saatdan sonra Stalinlə Molotov kabinetdən çıxdılar. Çox həyəcanlı bir şəkildə oturduğum stuldan dik qalxdım. Deyəsən, Stalin də bunu hiss etdi. O, üzünü Poskrebışevə tutdu:

RdBwdYEuKNA.jpg (97 KB)

- Bu cavan oğlan kimi gözləyir.

Poskrebışevdən əvvəl Molotov cavab verdi:

- Bu gün tərcümə məsələlərini bu oğlana həvalə etmişik. Mən onun işinə bələdəm.

Stalin başdan ayağa qədər məni süzdü. Onda mənim 25 yaşım var idi. Həyəcan məni götürmüşdü. Düşünürdüm ki, Stalin yəqin məni geri qaytaracaq. Amma hər şey əksinə oldu. O, gülümsəyərək mənə yaxınlaşdı:
- Bax, cavan oğlan, sən mənim dediklərimi elə tərcümə etməlisən ki, ingilislər məni düz anlasınlar. Onların dediklərini isə tərcümə etməsən də olar. Çünki mən onların fikirlərini çoxdan bilirəm.

MdbtK1vkYTw (2).jpg (135 KB)

Görüş günortadan sonraya planlaşdırılmışdı. Hələ 3-4 saat gözləməli idim. Məhz bu qədər müddətdə qəbul otağında gözləmək mənim üçün olduqca cansıxıcı gəlirdi. Amma bu vəziyyətdən məni Poskrebışev xilas etdi. O, məni qəbul otağından sağ tərəfdə yerləşən otağa apardı. Belə anladım ki, həmin otaq köməkçinin istirahət otağıdır. Məni bu otaqda çaya və şirniyyata qonaq etdilər. Saat 3-ə qədər başımı qəzetlərlə qatdım. Görüş zamanı heç bir problem yaranmadı. Hər iki tərəf məndən razı qaldı. Sonralar məni tez-tez Kremlə çağırırdılar. Artıq birincilərin yanında olmaq mənim üçün adi hala çevrilmişdi...”

1947-ci ildə Troyanovski Molotovun təşəbbüsü ilə Xarici İşlər Nazirliyinin katibliyində işə qəbul edilib, üç ildən sonra isə o, Molotovun köməkçisi vəzifəsinə təyinat alıb.

Troyanovski 1958-ci ildən SSRİ Nazirlər Soveti sədrinin xarici siyasət məsələləri üzrə köməkçisi vəzifəsində işləyib - əvvəlcə Bulqaninlə, sonra Xruşovla, daha sonra isə Kosıginlə. Hər üçü Nazirlər Sovetinin sədri işləyəndə Troyanovski bütün xarici səfərlərdə onları müşayiət edib.

MdbtK1vkYTw (1).jpg (104 KB)

Sözsüz ki, bu səfərlər zamanı Troyanovskinin fəaliyyətində maraqlı hadisələr də baş verib. Sonralar özünün söylədiyinə görə, bu səfərlərin arasında Xruşovun İngiltərəyə səfəri daha şox yadda qalıb:

“1956-cı ilin aprel ayında Xruşov İngiltərəyə səfər etdi. Həmin səfərdə mən də tərcüməçi kimi iştirak edirdim. Sovet nümayəndə heyəti Londonda böyük təmtəraqla qarşılandı. Səfərin proqramı zəngin idi.

Rəsmi görüşlər, qəbullar, sənədlərin imzalanması, ayrı-ayrı sahələr üzrə fikir mübadiləsi, ziyafətlər, gəzintilər və s. Özünü həmişə sərbəst aparan Xruşov bu səfər zamanı bir az narahat idi. Söhbət heç də tərəflərin qarşılıqlı razılaşmasından, anlaşmalardan getmir. Xruşovu rahatsız edən geyim məsələsi və ziyafətlərdə masaya düzülən süfrə akssesurlarından istifadə edə bilməməsi idi. Səfərin birinci günü Xruşov özünü bu mühitə güclə alışdıra bilsə də, növbəti gündən istədiyi kimi geyindi, istədiyi kimi yemək yedi. Bu səfər zamanı ən böyük problem isə Şotlandiyada yaşandı. Edinburqda SSRİ-nin nümayədə heyətinin şərəfinə rəsmi ziyafət veriləndə alkoqol Xruşovu əməlli-başlı məst etmişdi. Protokola görə, sovet liderinin həmin ziyafətdə çıxışı da nəzərdə tutulmuşdu. Xruşovun çıxışı əvvəlcədən yazılmışdı və həmin çıxış onun cibində idi. Mən o mətni demək olar ki, əzbər bilirdim.

MdbtK1vkYTw (4).jpg (138 KB)

Nəhayət, Xruşova söz verildi. O, cibindəki mətni tamam yaddan çıxarmışdı. Onsuz da çılğın olan Xruşov içkinin təsirindən bir az da cuşa gəlmişdi. O, ayağa qalxıb nitqinə başladı. Bu çıxışdan daha çox hədə-qorxu dolu bəyanata bənzəyirdi. Xruşov bu çıxışı ilə imperializmi ayaqlar altına salıb tapdalayırdı. Çox böyük həyəcan keçirirdim. Sovet liderinin kefli vəziyyətə ağzına gələni danışmasının hansı fəsadlar törədəcəyini yaxşı anlayırdım. Amma saniyələr ərzində çıxış yolu tapdım. Xruşovun danışsıqlarını yox, əvvəlcədən hazırlanmış mətndəki ifadələri tərcümə etdim. Ziyafətin sonunda Xruşov çox çətinliklə ayaq üstə dururdu. Ziyafət sona çatdı, Xruşovu ona ayrılmış iqamətgaha apardılar. Səhərisi gün başlar ayılanda Xruşov məndən dünən nə danışdıqlarını soruşdu. Onun nitqini olduğu kimi təkrar etdim. O, buna görə çox həyəcanlanmışdı. Mən onu sakitləşdirdim:

- Nikita Sergeyeviç, sizin nitqinizi yalnız biz eşitdik. Mən “imperialistlərə” əvvəlcədən hazırlanmış çıxışın mətnini tərcümə etdim.

Onun gözlərinə sanki işıq gəldi. Məni qucaqlayıb üzümdən öpdü:

- Əhsən, sən necə də ağıllısan...”

Troyanovski sonrakı fəaliyyətini Yaponiyada və Çində səfir, BMT-də SSRİ-nin daimi nümayəndəsi kimi davam etdirib.

troyanovsky_oa-768x853.jpg (238 KB)

Ömrünün son illərini memuarlar yazmağa sərf edən diplomat 2003-cü ildə 84 yaşında vəfat edib. Oleq Troyanovski Moskvada, Novodeviçye qəbirstanlığında dəfn olunub.

İlham Cəmiloğlu, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR