İnsanlara hürriyət, millətlərə istiqlal!

SOS: Erməni hərbçilər İranda PUA təlimlərində – Azərbaycana təhlükə!

Politoloq Rəşad Bayramov qəzetimizə az öncə verdiyi aşıqlamada Rusiyanın Ukraynaya qarşı İran PUA-ları almaq istəməsi, bu məqsədlə rusiyalı hərbçilərin İranda təlim keçməsi mövzusunda danışarkən maraqlı bir məqama toxunub.

Sitat: “İran PUA-sı ilə bağlı ən təhlükəli məsələ əslində Ukrayna məsələsi deyil. Çünki Ukraynanın kifayət qədər müttəfiqi, onu ən qabaqcıl silahlarla təchiz edən ölkələr var. Təhlükəli odur ki, qeyd olunan təlimlərdə Ermənistan tərəfi də iştirak edir və bu da yaxın zamanlarda Ermənistanla İran arasında da PUA-larla bağlı saziş imzalanacağı ehtimalını gücləndirir. Odur ki, Azərbaycan olaraq indi qarşımızda duran əsas məsələ Ermənistanın PUA-larla təchiz olunmasını önləməyə yönəlməlidir”.

Qeyd edək ki, bundan öncə Hindistan mediası Ermənistanın hind dronlarına maraq göstərdiyi haqda yazmışdı. Belə bir təhlükə nə də dərəcədə realdır? Azərbaycan buna qarşı hansı kontr-addımlar atmalıdır? Ümumiyyətlə, Ermənistanın bahalı dronlar almağa, müvafiq kadr potensialı yaratmağa yetərli vəsaiti varmı?

Polkovnik Şair Ramaldanov: “Erməni mətbuatında silahlandırma ilə bağlı hər zaman çoxlu şayiələr yayılıb. Fikirlərindən keçənləri real kimi göstərmək istəyirlər. Bu da təbiidir. Çünki informasiya savaşında belədir. Vətən müharibəsinə qədər də bu cür ”dezo"lar yayılmışdı, ondan sonra da yayılmasında təəccüblü heç nə yoxdur.

Hazırda bilirsiniz ki, Azərbaycanla Ermənistan arasında ciddi gərginlik var. Dəhlizlə bağlı, eləcə də Qarabağdan ermənilərin çıxarılması fonunda belə məlumatların çıxması o qədər də təəccüblü deyil. Bilirik ki, Ermənistanın Rusiya kimi müttəfiqi var. Rusiyada dronların, PUA-ların müxtəlif cür növləri icad olunur. Ukraynada gedən müharibədə həmin dronlardan istifadə edirlər. Onu da yaxşı bilirik ki, Rusiya kredit adı altında Ermənistanı hər zaman silahlandırmaqla məşğul olub. Bunun fonunda Hindistanla hər hansı bir hərbi-texniki sahədə saziş ehtimalı şübhə doğurur. Çünki Rusiya kimi hərbi-sənaye kompleksi yüksək formada inkişaf edən bir güclü ölkə Ermənistanın arxasında dayanır. Rusiya daim dünya bazarında özünə yer tutub. Düşünürəm ki, belə olan halda Ermənistanın Hindistandan nəsə almağa bir ehtiyacı qalmır. Ermənistan II Qarabağ savaşından sonra sosial problemləri daha da ağırlaşan bir ölkədir. Qarabağdan geri qayıdan ermənilər bu sosial problemləri daha da gücləndirəcəklər. Ermənistanın iqtisadi cəhətdən hansısa nailiyyətlər əldə etməsi Azərbaycanla bağlıdır. Başqa çıxış yolları yoxdur".

Polkovnik Şair Ramaldanov: Sosial şəbəkələrdə bilən də, bilməyən də

Şair Ramaldanov: “Hansısa dronlar Ermənistanda görünsə, buna təəccüblənmərik”

Polkovnik İranla münasibətlərə də toxundu: “İran özünü qonşu ölkə kimi göstərsə də, Ermənistan bu ölkə ilə istər açıq, istərsə də gizli şəkildə münasibətlər qurur. Cənub qonşumuzun hər cəhətdən Ermənistanı dəstəkləməsini biz bilirik. Dağıdılan yaşayış məntəqələrimizdən əldə olunan əşyalar İrana daşınıb. Biz Vətən müharibəsindən sonra da İrandan TIR-larla ermənilərə daşınan yüklərin şahidi olduq. Eyni zamanda müharibədən sonra İranın sərt mövqeyi ilə də rastlaşdıq. Ermənistanla İran arasında bu cür münasibətlərin olması bizim üçün yeni deyil. Onu da bilək ki, cənub qonşumuzun Ermənistanla bağlı səmimiyyətinə heç zaman inanmaq olmaz.

İranla birlikdə təlimlərin keçirilməsi, dron, PUA-lar-filan hazırlanması yeni deyil. Digər tərəfdən, bu hər iki ölkə arasındakı münasibətlərdir. Hər bir dövlət öz xarici siyasətini yürüdür. Bu onun daxili işidir. Sadəcə olaraq, cənab  Prezident dediyi kimi, “biz Vətən müharibəsində gördük ki, kim bizim dostumuzdur, kim deyil”. Bu cümlədə də İranın yeri bizim üçün bəllidir. Təbii ki, Ermənistanın hansısa bir ciddi texnika almaq üçün vəsaitinin olmadığını yaxşı bilirik. Burada əmma da var.

Biz Vətən müharibəsində gördük ki, ermənilər kifayət qədər silahlanıblar. Bu silahlar erməni diasporu vasitəsilə, yaxud müxtəlif yollarla əldə olunmuşdu. İndi də hansısa yollarla haradansa nələrsə əldə etmələri elə də problem deyil. Bir sıra ölkələr var ki, guya erməni diasporu etmiş kimi öz siyasətlərini həyata keçirirlər. Harada Rusiya faktoru varsa, ona qarşı olan güc mərkəzləri mövcuddur. Həmin güc mərkəzləri də hazırda Ukraynada Rusiyaya qarşıdır. Ermənistanın Rusiyanın təsiri altında olduğunu nəzərə alsaq, ola bilər ki, hansısa formada dəstək göstərilsin. Biz hər kəsin mövqeyini bilirik. Cənubi Qafqaz daim həm alovlanır, həm də közərir, odu isə daim qalır. Səhəri gün hansısa dronlar Ermənistanda görünsə, buna təəccüblənmərik".

Hərbi ekspert "RUS" sözünə görə adını dəyişmək qərarına gəldi - Ruslan idi, ALP  ARSLAN olacaq Vaxtmedia.az

Alp Arslan İmamqulu: “Növbəti mərhələdə yenə də üstünlüyün bizdə olması qaçılmazdır”

Tanınmış hərbi ekspert, “M5 Müdafiə və Strategiya jurnalı”nın regional təmsilçisi Alp Arslan İmamqulu narahat deyil: “Tarix boyu silahlanma yarışı daim olub. Bunun qarşısını heç bir halda almaq mümkün deyil. Vətən müharibəmizdə müasir vasitələrdən, o cümlədən pilotsuz uçuş aparatlarından mükəmməl şəkildə istifadə etmiş olmamız o demək deyil ki, biz daha da yeni vasitələr əldə etmiş olmayacağıq. Təbii ki, düşmənlərimizin silahlanması, pilotsuz uçuş aparatlarına maraq göstərməsi bizi narahat etməlidir. Amma bununla yanaşı, müdafiə sənayemizin, hərbi qüdrətimizin artırılması eyni şəkildə buna qarşı qoya bilmənin ən gözəl yoludur. Bundan sonrakı dönəmlərdə daha yeni hansı yüksək texnoloji vasitələrin icad ediləcəyi və tətbiq olunacağı müharibə sahəsinin imkanlarını, qabiliyyətini, müqəddəratını dəyişəcək. Görünən odur ki, Azərbaycan yeniliklərə çox sürətli şəkildə inteqrasiya etdiyi üçün növbəti mərhələdə yenə də üstünlüyün bizdə olması qaçılmazdır”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR