Onlayn ictimai-siyasi qəzet
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya lideri Əhməd əl-Şaraanın bu gün Ankarada baş tutacaq görüşündə Suriyada türk hərbi bazalarının yaradılmasını da əhatə edə biləcək birgə müdafiə sazişi müzakirə olunacaq.
Musavat.com xəbər verir ki, məlumatı Dəməşq və Ankaradakı mənbələrə istinadən “Reuters” agentliyi yayıb.
Bildirilir ki, bazalar Suriyanın mərkəzində yaradılacaq. İmzalanacaq sazişdə həmçinin Türkiyənin dəstəyi ilə müasir Suriya ordusunun yaradılması da nəzərdə tutulacaq.
Qeyd edək ki, Əhməd əl-Şaraanın bu gün, fevralın 4-də Ankaraya gələcəyi gözlənilir. Türkiyə tərəfinin rəsmi açıqlamasına görə, Suriya liderinin 2011-ci ildən bəri Türkiyəyə ilk səfəri zamanı prezidentlər “çoxlu” sazişlər imzalayacaq və “terrorizmlə mübarizəyə xüsusi önəm verilməklə geniş spektrli məsələləri” müzakirə edəcəklər.
Səfər öncəsi Türkiyə mətbuatı ərəb mənbələrinə istinadən Türkiyə rəhbərliyinin Suriyada iki hərbi baza tikmək və orada F-16 qırıcılarını yerləşdirmək planları barədə məlumat yayıb.
Musavat.com
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ