Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, “Terrorsuz Türkiyə” siyasi prosesinin gedişində PKK terror təşkilatı 47 ildən sonra bu gün silahı təhvil verir.
Birinci mərhələdə İraqın Süleymaniyyə şəhərində bir qrup terrorçu tərəfindən təhvil verilən silahlar qeydiyyata alınaraq məhv edilir.
30 PKK üzvünün silahı təhvil verməsi prosesi başa çatıb. Silahlar simvolik olaraq böyük metal qazanda yandırılıb.
Türkiyədə uzun illər davam edən silahlı qarşıdurmanın sonuna bir addım da atılır. Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalının ötən ilin oktyabrında verdiyi çağırış və Prezident Rəcəb Tayyib Ərdoğanın “Daxili birliyi möhkəmləndirək” çağırışı ilə başlanan “Terrorsuz Türkiyə” təşəbbüsü bu gün mühüm mərhələyə daxil olur.
Musavat.com xəbər verir ki, Türkiyə mediasının yaydığı xəbərlərə görə, PKK bu gündən etibarən silahlı mübarizəyə son qoymaq prosesinə start verir.
Bütün diqqətlər bu gün Şimali İraqa yönəlib. Məlumata əsasən, PKK sıralarından olan bir neçə on nəfərlik qrup bu gün silahlarını təhvil verərək regionu tərk edəcək. Əldə olunan məlumatlarda qeyd edilir ki, terrorçuların lideri Abdullah Öcalan daha əvvəl həm görüntülü, həm də səsli müraciətlə çıxış edərək bu prosesə dəstək göstərib və silahsızlanma üçün zəruri mexanizmlərin qurulmasına çağırıb.
Mənbələr bildirir ki, silahların təhvil verilməsi Süleymaniyyə yaxınlığında, gizli saxlanılan ərazidə baş tutacaq. Təkcə döyüşçülər deyil, PKK/KCK-nin rəhbərliyindən olan bəzi şəxslərin də bu prosesə qatılacağı gözlənilir.
Musavat.com
11 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ