Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidenti Vladimir Putinin qızğın təbliğatçısı Vladimir Solovyovun Ukrayna pilotsuz təyyarəsinin hərbi aerodroma hücumunu lentə alan hərbi çağırışçını edam etməyə çağırması hiddət fırtınasına səbəb olub. Bəyanat hətta müharibə müxbirləri tərəfindən belə kəskin tənqidlərə səbəb olub.
“Bakı-Xəbər” məlumat verir ki, Solovyovun aerodromda pilotsuz təyyarənin endirilməsi zamanı gənc əsgərin çəkdiyi iddia edilən videonun sosial mediaya sızması ilə bağlı insidentə reaksiyası qalmaqal doğurub. Qalmaqal Rusiya infrastrukturuna davam edən hücumlar və İstanbulda aparılan danışıqlar fonunda yaranıb və cəmiyyətdəki gərginliyi önə çəkib.
Efirdə Solovyov çağırışçını “vətən xaini” adlandırıb və “o alçağı çıxarıb sıranın qabağında güllələməyi” təklif edib. O, verilişində “onu, bu çağırışçını vura bilərikmi?”, - deyə sual qoyub.
Gənc əsgərə qarşı ittihamların ədalətsizliyinə işarə edən Roman Alyoxin teleaparıcını tənqid edib. Müharibə müxbiri Vladimir Romanov isə daha da irəli gedərək Solovyovu açıq şəkildə təhqir edib.
Bəllidir ki, Solovyov Kremlin əsas təbliğat ruporlarından biridir. Ukraynada müharibə yeni başlayanda o, böyük bir entuziazmla danışır, Kiyevi almaqdan dəm vurur, Zelenskini qaçmağa çağırırdı. İndi isə Solovyov artıq qələbə haqda danışa bilmir, daha çox daxili tənqidlərə üstünlük verir. Xüsusən də “Hörümçək toru” əməliyyatı onu və Rusiyanın ictimai-siyasi çevrələrini həm hiddətləndirib, həm də pərt edib.
Rusiyalı teleaparıcının edama çağırışı nədən xəbər verir? Əsgəri faktiki linc etməyə çağıran Solovyova rəsmi səviyyədə və ya Rusiya İstintaq Komitəsindən hər hansı irad və ya xəbərdarlıq bildiriləcəkmi?
Qabil Hüseynli
Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a deyib ki, Solovyovun bu çağırışı Rusiyada artan paranoyanın və daxili çöküşün göstəricisidir: “Solovyovun bu davranışı, Rusiyanın informasiya məkanında baş verən deqradasiyanın bariz nümunəsidir. Bu cür çağırışlar cəmiyyətin daha da qütbləşməsinə və insan haqlarının pozulmasına səbəb olur. Rusiya təbliğatının siması, Kremlin sözçüsü kimi tanınan Vladimir Solovyovun sıravi bir çağırışçının edamına çağırışı Rusiyanın nə qədər dərin bir mənəvi və siyasi uçuruma yuvarlandığını açıq şəkildə nümayiş etdirir. Bu çağırış sadəcə bir təbliğatçının emosional reaksiyası deyil. Solovyov bu bəyanəti ilə faktiki olaraq göstərdi ki, Rusiya rəhbərliyi və ona xidmət edən təbliğatçılar artıq cəbhədə baş verən real proseslərə nəzarəti itiriblər. Əsgər kamera arxasında çəkiliş etdiyi üçün güllələnməlidirsə, deməli, orduya, dövlətə, hətta vətənə inam tamamilə itib”.
Politoloq qeyd edib ki, bütün dünyaya “nasistlərə qarşı mübarizə” adı ilə çıxan bir dövlətin öz gənc əsgərinə qarşı bu dərəcədə qəddarlıq nümayiş etdirməsi Rusiyanın ağır durumda olmasını açıq şəkildə göstərir: Bu, sadəcə, bir çıxış deyil. Rusiyada vətədaşa qarşı necə münasibət bəslənildiyinin isbatıdır. Solovyovun ağzından çıxan bu “edam hökmü” bir media fiqurunun deyil, sanki orta əsr inkvizisiya hakiminin hökmüdür. Bu, XXI əsrin ortasında informasiya vasitəsilə tiranlıq tətbiq etməyin nümunəsidir. Bu davranış Putinin qurduğu sistemin daxildən çürüdüyünün, ideoloji və mənəvi boşluğa düşdüyünün açıq sübutudur".
Politoloqun sözlərinə görə, bu gün Solovyovun “güllələyin” deməsi Putin Rusiyasının artıq yalanlarla ayaqda qala bilmədiyini, qorxu və cəza ilə nəfəs almağa çalışdığını göstərir: “Artıq bu sistem öz "güllə gücünə" qorxutmaq potensialını cəbhədə yox, daxildə çağırışçıya qarşı tətbiq etməyə məcbur qalıb. Əgər bir çağırışçının çəkdiyi video belə, Kremlin informasiya doktrinasını çökdürə bilirsə, deməli, sistemin özü artıq sabun köpüyü kimidir, toxunsan, partlayacaq. Solovyov və onun kimi təbliğatçılar əvvəllər “Qələbə mütləqdir” ritorikasını səsləndirirdilər. İndi isə daxili düşmən axtarışına çıxıblar. Hərbi uğursuzluqları gizlətmək mümkün olmadığından, qəzəbi sıravi əsgərin üstünə yönəltmək istəyirlər. Solovyovun çıxışı sadəcə təbliğat xətası deyil, dövlətin ideoloji iflasının etirafıdır".
Politoloq qeyd edib ki, vəziyyətin təhlükəli tərəfi ondadır ki, Rusiya rəhbərliyi indi cəmiyyətin hər təbəqəsini potensial düşmən kimi görür: “Rusiya artıq totalitarizmin son mərhələsinə olan avtoritar qəddarlıq və sistemli qorxu siyasətinə keçid edib. Nəticə nədir? Rusiya öz əsgərinə güllə tələb edən sistemin ayaqları üzərində dayana bilməz. Çünki bu güllələr sabah həmin sistemin öz beyinlərini də hədəf alacaq”.
E.MƏMMƏDƏLİYEV,
“Yeni Musavat”
06 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ