Onlayn ictimai-siyasi qəzet
"Gilead Sciences" şirkəti tərəfindən hazırlanan Lenakapavir adlı yeni inyeksiya HIV-ə yoluxmanın 100% qarşısını alır. Bu preparat artıq sınaqlardan keçib və möhtəşəm nəticələr göstərib.
Musavat.com xarici mətbuata istinadən bildirir ki, indiyə qədər sağlam insanları HIV-dən qoruyan yeganə dərman PrEP adlanırdı və hər gün qəbul edilməli idi, amma artıq bu problem həll olunub.
İldə cəmi bir dəfə vurulan iynənin insanları bu ölümcül virusdan qoruyacağı gözlənilir.
Bu inyeksiya HIV-1 virusunun kapsid zülalını hədəf alaraq onun çoxalmasını dayandırır. 2022-ci ildən etibarən ABŞ, Avropa və Kanadada müalicə üçün təsdiqlənən Lenakapavir artıq HIV-in qarşısını almaq üçün də istifadəyə hazırdır
2024-cü ilin iyul ayında genişmiqyaslı klinik sınaqlarda Lenakapavir inyeksiyasının HIV infeksiyalarını 96% azaltdığı sübut edilib. Sınaqda iştirak edənlərin 99,9%-i iynə vurduqdan sonra virusa yoluxmayıb. Bu, müasir tibb tarixində misli görünməmiş nailiyyətdir.
ABŞ Qida və Dərman İdarəsi (FDA) 2025-ci ilin iyun ayında Lenakapavir inyeksiyasının təsdiqlənməsi ilə bağlı qərarını elan edəcək. Əgər təsdiq olunsa, insanlar artıq HIV-dən birdəfəlik xilas ola biləcək.
Bundan əlavə, "Gilead Sciences" 120 ölkədə preparatın əlçatanlığını təmin etmək üçün 6 generik dərman istehsalçısı ilə razılaşma imzalayıb. Bu o deməkdir ki, aşağı və orta gəlirli ölkələrdə də bu dərman daha ucuz qiymətə satılacaq.
Hazırda Lenakapavir ildə iki dəfə vurulsa da, tədqiqatlar onun ildə bir dəfə tətbiq edilə biləcəyini göstərir. 2025-ci ilin mart ayında aparılan araşdırmalarda tək bir inyeksiyanın bir ildən artıq müddətə təsir göstərdiyi sübut olunub.
Mütəxəssislər qeyd edir ki, əgər Lenakapavir kütləvi istifadəyə buraxılsa, AIDS xəstəliyi tarixə qovuşa bilər.
Xalidə Gəray
Musavat.com
15 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ