Onlayn ictimai-siyasi qəzet
İran seçkilərində “qırğılar”ın namizədi qalib gələcək
İyunun 28-də İranda keçiriləcək 14-cü prezident seçkiləri üçün namizədlərin qeydiyyatı başlayıb. Mayın 19-da Şərqi Azərbaycanda təyyarə qəzasında həlak olan İbrahim Rəisinin potensial varislərinin axtarışı Tehran və Vaşinqton arasında sanksiyaların mümkün ləğvi ilə bağlı danışıqların davam etdiyi bir vaxta təsadüf edib.
Gələn həftədən etibarən rəsmi qeydiyyatdan keçmiş namizədlər haqda məlumatlar Mühafizə Şurası tərəfindən yoxlanılacaq. Təsdiq olunan namizədlərin yekun siyahısı iyunun 11-də açıqlanacaq. Onun dərcindən sonra siyasətçilərin seçki kampaniyasını təşkil etmək və keçirmək üçün təxminən iki həftə vaxtı olacaq. İyunun 28-də keçirilən birinci turda təqdim edilmiş namizədlərdən heç biri səs çoxluğunu toplaya bilməsə, iyulun 5-də ikinci tura start veriləcək.
Seçki Qərargahının (seçkini keçirən əsas orqan) rəhbəri Məhəmməd Tağı Şahçeraqinin dediyi kimi, İranın bütün müvafiq qurumlar seçkinin keçirilməsinə hazırdırlar.
Bunun fonunda, dəyişən siyasi konfiqurasiyada Qərblə nüvə danışıqların məsuliyyətini kimin üzərinə götürə biləcəyi ilə bağlı mübahisələr artır. Belə ki, qeyri-rəsmi səviyyədə İranın nüvə enerjisi ilə bağlı razılaşmanın bərpası məqsədilə Vaşinqtonla Tehran arasında aparılan dolayı dialoqun hələ mart ayında Ali Liderin köməkçisi Əli Şamxaniyə həvalə edildiyi barədə məlumatlar yayılıb. Başqa bir versiyaya görə, nüvə proqramı üzrə danışıqlar və müvafiq siyasətin hazırlanması hələ də Ali Milli Təhlükəsizlik Şurasının nəzarətindədir.
İranın yeni xarici işlər naziri Əli Baqiri Kani bir gün əvvəl bildirib ki, qəzaya baxmayaraq, Tehran və Vaşinqton arasında fikir mübadiləsi dayanmayıb və bu günə qədər də davam edir. Eyni zamanda, diplomat ABŞ-İran danışıqları ilə bağlı iddiaları şərh edərək qeyd edib ki, “nüvə fəaliyyəti Ali Milli Təhlükəsizlik Şurasının nəzarəti altında davam edir.”
Musavat.com “Nezavisimaya qazeta”ya istinadən xəbər verir ki, əvvəllər də İran isteblişmentində çox nüfuzlu fiqur sayılan Əli Şamxaninin ictimai sferaya aktiv şəkildə daxil olduğu müşahidə edilir.
Amerika kəşfiyyat xidmətlərinə yaxın olan “Stratfor” analitik mərkəzinin məlumatına görə, Rəisinin varisi çox güman ki, mühafizəkar rejimin başqa bir nümayəndəsi olacaq. Belə ki, bir neçə islahatçı namizədin seçkilərdə iştirakı əngəllənib. Seçki prosesinə isə həmişəkindən daha ciddi nəzarət edilir və Raisinin regional milli təhlükəsizliklə bağlı fikirlərini bölüşən başqa bir mühafizəkar fiqurun prezident olması təmin ediləcək.
Vaşinqton Yaxın Şərq İnstitutu öz növbəsində qeyd edir ki, İran elitasındakı islahatçı və mötədil fraksiyalar hələ də hökumətin qərar vermə mexanizmini öz əlində cəmləşdirən İranın Ali Lideri Əli Xamneyinin başqa namizədlərə qarşı xoşməramlılıq nümayiş etdirəcəyinə ümid edir. “Ancaq belə ümidlər çox güman ki, əsassızdır. Xamneyi, demək olar ki, seçkiləri onun ideoloji cəhətdən sərt islamçı dünyagörüşünü bölüşən müxtəlif namizədlər arasında rəqabətlə məhdudlaşdıracaq”, - analitik mərkəzi yekunlaşdırıb.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ