İnsanlara hürriyət, millətlərə istiqlal!

“SEPAH sorğu-sual edəndə dedilər, elə et ki, bu söhbət Heydər Əliyevə çatmasın, ayıbdır” – Cavad Heyətin qohumu danışdı

Musavat.com-un növbəti müsahibi azərbaycanlı cərrah-alim, İranda ilk dəfə açıq ürək əməliyyatını həyata keçirən Cavad Heyətin qardaşı oğlu türkoloq alim Məhəmməd Rza Heyətdir.

Məhəmməd Rza Türkiyədə yaşayır və Ankara Universitetinin professorudur. O, həmçinin Təbriz Araşdırmaları Mərkəzinin rəhbəri və "Varlıq" dərgisinin baş redaktorudur.  

Qısa arayış: Cavad Heyət  Beynəlxalq Cərrahlar Cəmiyyətinin idarə heyətinin və Paris Cərrahlar Akademiyasının üzvü, "Varlıq" jurnalının təsisçisi, türkologiyaya aid 7 cildlik kitabın müəllifi, Bakı Dövlət Universitetinin, Azərbaycan Tibb Universitetinin, Xəzər Universitetinin fəxri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının, N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin fəxri professoru, Azərbaycan Cərrahları Elmi Cəmiyyətinin fəxri üzvü, Türk Dil Qurumunun fəxri sədri, eləcə də İstanbul Universitetinin fəxri doktoru olub. "İki Azərbaycanın ağsaqqalı", "Çağımızın ağsaqqalı", "Dövrümüzün Prometeyi", "Bilgə dədə" ləqəbləri ilə tanınıb. O, 1925-ci il mayın 24-də Təbrizdə anadan olub.

Untitled (7).jpg (241 KB)

Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi ən böyük şəxslərdən hesab olunur. Həm Cənubi Azərbaycanda, həm də Azərbaycanda yüksək səviyyədə tanınır. Türkologiya, tibb elmi və digər sahələrdə əvəzedilməz xidmətləri olub. 2014-cü ilin avqustun 12-də Bakı şəhərində vəfat edib. II Fəxri xiyabanda dəfn edilib.   

- Məhəmməd Rza bəy, siz doktor Cavad Heyətin hansı qardaşının övladısınız?

- Mən Hidayət Heyətin oğluyam. 1972-ci ildə Təbrizdə doğulmuşam. Atam vəfat edənə qədər Təbrizdə yaşayıb. Digər ailə üzvlərimiz isə Tehrandadır. Təbrizdə yaşamağın faydası o idi ki, dilimizi, kültürümüzü daha yaxşı saxlaya bildik. Atam "Varlıq" jurnalının Təbrizdəki təmsilçisi idi. Mən bu jurnalın sayəsində Azərbaycan dilini öyrənirdim. Çünki biz uşaqlıqdan fars dilində təhsil alırdıq. Yaxşı xatirəmdədir, 1986-cı ildə Bakıdan bir dostumuz gizli yolla kril əlifbası ilə yazılmış uşaq jurnalı gətirmişdi. Mən onu oxumaqda çətinlik çəkdim, çünki kril əlifbasını bilmirdim. Sonra əlifbanı öyrənib, jurnalı oxuya bildim. Bundan 2-3 il sonra Cavad Heyət Təbrizə gəldi və qonağımız oldu. Böyük qardaşım əmimə dedi ki, Məhəmməd Rza sənin yolunla gedir, hətta kril əlifbasını da öyrənib. Əmim dedi: "mənim Bakıda kril əlifbası ilə kitabım çıxıb. Bunu oxu görüm". Mən kitabı götürüb oxudum. O, çox təəccüb etdi, dedi: "bu yaşda sən bunları necə öyrənmisən". Daha sonra Azərbaycan şairlərindən kimləri tanıdığımı soruşdu, Bəxtiyar Vahabzadənin adını çəkdim. Dedi: "sən mənim davamçım olacaqsan".  O zaman 16-17 yaşım olardı. Həmin vaxtlar çox çətin idi, indiki kimi hər şey əlçatan deyildi.

Mən İranda hərbi xidmətimi başa vurandan sonra Bakıya gəlib burada ali təhsil aldım. Elə həmin vaxtlardan "Varlıq" jurnalının çapına da yardımçı olurdum.

Untitled (2).jpg (223 KB)

- Bəs, Türkiyəyə yolunuz necə düşdü?

- Bakıda təhsilimi bitirəndən sonra İrana qayıdıb 3 il orada işlədim. Son 1 ili isə Tehranda Azərbaycan səfirliyində çalışdım. Ondan sonra basqılar bir az da artdı. Türkçülüyü, milliliyi təbliğ etməyim İran hökumətinin xoşuna gəlmirdi. Həmin vaxtlar Güney Azərbaycanda tələbə hərəkatı yeni başlayırdı. Onlar elə sanırdılar ki, mən Cavad Heyətlə tələbələr arasında vasitəçilik edirəm. Dəfələrlə məni çağırıb rahatsız etmişdilər. Elə bir mərhələyə gəlmişdik ki, Cavad Heyət dedi ki, mənim İranda qalmağım məsləhət deyil, təhlükə var. Buna görə də mən Türkiyəyə getdim, orada təhsilimi davam etdirdim, 5 il TRT telekanalında çalışdım. 2013-cü ildən Ankara Universitetində dərs deyirəm.

- "Varlıq" jurnalı həkim sağ olanda onun şəxsi məvacibi hesabına çap olunurdu. İndi onu kim maliyyələşdirir?

- Jurnal 3 aydan bir çıxır. Mən öz maaşımdan pul ayırıb çap etdirirəm. Hazırda Ankarada nəşr olunur və İrana müxtəlif yollarla göndərə bilirik. Biz həmçinin uşaqlar üçün rəngli "Tumurcuq" jurnalını çap etdirdik, lakin onun 12 sayı çıxdı. Uşaqlar üçün dərs kitabı hazırlamışıq, yaxında çap olunacaq. Şüarımız isə belədir: "Hər ev bir məktəbdir". İranda dil qadağası var deyə, artıq ailələr məcburdur ki, dilimizi özləri uşaqlara öyrətsinlər.

Untitled.jpg (269 KB)

- Cavad Heyət ömrünün bir hissəsini İranda, bir hissəsini isə Azərbaycanda keçirirdi. Daha çox harada qalmağı sevirdi?

- Son illər ilin yarısını Bakıda qalırdı. Bunu isə diplomatik şəkildə  açıqlayırdı. Deyirdi, "İranın havası məni rahatsız edir". Bunu iki mənada deyirdi, İranın havası həqiqətən də kirli idi, digər yandan isə siyasi ab-havanı nəzərdə tuturdu. Mübarizə adamı idi, ona görə İrana da gedib-gəlirdi.  

- Cavad Heyətin 5 qız övladı olub. İndi onlar harada yaşayırlar?

- Onların ikisi Amerikadadır, biri diş həkimi, digəri isə kompüter mühəndisidir. Bir qızı Tehranda, ikisi isə Türkiyədə yaşayır. Əmimin iki evliliyi olub. Qızlarından 4-ü Aytən xanımla evliliyindən doğulub, biri isə Fəridə xanımla evliliyindən düyaya gəlib. Aytən xanım vəfat edib, Fəridə xanım isə Tehranda yaşayır.

Untitled (6).jpg (275 KB)

- Cavad Heyət yadınızda necə qalıb? Necə bir insan idi?

- Onun oğlu yox idi, çox istəyirdi ki, bir oğlu olsun. Mən ona oğul əvəzi idim. Mənəvi bağlarımız var idi, onun sirdaşı idim. Bir çox şeyləri xatirə kitabında yaza bilmədi, amma mənə danışdı. Çox disiplinli, zəki, zəhmətkeş insan idi. Milli şüur onda çox güclü inkişaf etmişdi. Azərbaycan müstəqil olandan sonra Türkiyədəki dostları ondan inciyirdi ki, ancaq ora gedirsən, Türkiyəyə az gəlirsən.

"Varlıq" jurnalı ilə onun müayinəxanası eyni yerdə idi. Bəzən "Varlıq"ın toplantısı olanda xəstələr gəlib orada gözləyirdilər.

- O nə sirr idi ki, sizinlə bölüşmüşdü?

- Onun ən önəmli xatirəsini hələ də deyə bilmərəm. Amma kitabda yazmadığı xatirələrdən biri "Varlıq"ın redaksiyasına dinləyici qoymaları ilə bağlı idi. Ən azı 3 il orada olduğunu bildik. Onu da təsadüfən tapdıq. Köhnə telefonlar var idi, qardaşım dəstəyi əlində saxlayıb telefon nömrəsini xatırlamağa çalışırmış. Mən də başqa otaqda ucadan kitab oxuyurdum. Birdən görür ki, dəstəkdən mənim səsim gəlir. Mənə dedi ki, bu, normal bir şey deyil, telefondan sənin başqa otaqdakı səsin niyə gəlməlidir?!

Beləliklə, mən ona dedim ki, digər otaqda danışa-danışa gəzəcəm, harada səsim ucalsa, mənə de. Nəticədə aşkarladıq ki, "razetka"nın içində kiçik dinləyici cihaz var. Gecə idi, səhəri gün əmimə bu barədə məlumat verdik. Açıb ona göstərdik, dedi, cihazı yenidən quraşdırın, özümüzü elə aparaq ki, guya xəbərimiz yoxdur. 3 ildən sonra isə həmin cihaz yox oldu. Ya yerini dəyişmişdilər, ya da çıxarmışdılar. Çox sıxıntılı 3 il idi. İran kəşfiyyatında xidmət edən Səid İmami deyilən adlı biri ziyalı rejim müxaliflərini öldürürdü. Sonra bəlli olmuşdu ki, 100-ə yaxın insanın siyahısı var imiş onun əlində.  

Cavad Heyətin yanına xəstələr gələndə mən onun yanından ayrılmırdım. Qorxurdum ki, həkimə zərər versinlər. Xəstə icazə verməyəndə isə qapının qarşısında gözləyirdim ki, nəsə olsa, tez müdaxilə edim. Mən "Varlıq"ın ofisində yaşayırdım, oradakı böyük kitabxanadan istifadə edirdim.

Untitled (1).jpg (262 KB)

- Belə bir çətin dövrdə Cavad Heyət təqiblərdən necə yayına bilirdi?

- Onun şöhrəti bir yerə qədər əmimə toxunulmazlıq vermişdi. Dünyada tanınan məşhur cərrah idi. Hətta İran kəşfiyyatı məni sorğu-suala çağıranda dedilər ki, Cavad Heyət bu barədə bilməsin. Dedilər, Cavad Heyət Azərbaycan prezidenti Heydər Əliyevlə görüşür, onun qulağına çatar, ayıb olar. Həkimin bu baxımdan toxunulmazlığı olsa da, mənim belə toxunulmazlığım yox idi, başıma hər iş gələ bilərdi.  

Təbrizdə məktəblərdə vəziyyət necə idi, öz dilinizdə danışa bilmirdiniz?

- Danışmaq qadağan deyildi, evdə öz dilimizdə danışa bilirdik. Lakin dərslər farsca olurdu. Bu, müəllimlər üçün də çətin idi, əsəbiləşirdilər. Təbrizdə müəllimlər çox şeyi öz dilimizdə izah edirdilər. Deyirdilər, aramızda qalsın, sizə türkcə başa salacam. Təbrizin türk müəllimləri müqavimət göstərirdilər. Lakin imtahanları farsca verirdik, buna görə də istər-istəməz farscanı öyrənirdik.  

İndi də Təbriz məktəblərində eyni vəziyyətdir. Sadəcə olaraq milli şüur güclənib, oyanış, insanların dirənci çoxalıb. Azərbaycan musiqilərinin çox böyük təsiri var.  

Untitled (5).jpg (232 KB)

- Yeri gəlmişkən, bu yaxınlarda sosial şəbəkələrdə bir video yayılmışdı. Təbrizli uşaqlar “Bu qala daşlı qala” mahnısını azərbaycanca ifa edirdilər...

- Azərbaycan musiqisi və rəqsi son illər çox güclü yayıldı və orada özəl kurslar açıldı. İndi Azərbaycan rəqsini peşəkar bilməyən ailə yoxdur. Bizim dövrümüzdə isə kimsə Azərbaycan rəqsini biləndə təəccüblənərdik. Deyərdik, mənə də öyrət də. Çox az adam bilirdi, indi isə bilməyən yoxdur. Bunun təsiri farslara qədər gedib. Onlar da bizim rəqsləri edirlər. Dildə isə sıxıntılar hələ də qalır. Çünki standart Azərbaycan ədəbi dili formalaşa bilmir. Hər kəs öz ləhcəsində danışır.

- Bu yaxınlarda İran prezidenti Məsud Pezeşkian Şəhriyarın şeirindən türkcə iki bənd şeir dedi. Lakin bu, etirazlarla qarşılandı.  

- Farscanın İranda bugünki hüquqi statusu təbii deyil. İranın 30-35 faizinin ana dilidir. İndi bütün dillərə hakim olub və digər dilləri qadağan edir. Fars dili ilə rəqabət apara biləcək tək dil Azərbaycan dilidir. Ona görə də Azərbaycan türkcəsindən belə qorxurlar. Pezeşkian çox zəki bir şəkildə hər fürsətdən istifadə edib bunu dövlətin ən üst səviyyəsində dilə gətirir. Bunu çox peşəkarcasına edir deyə, heç nə edə bilmirlər.

Cavad Heyətin 1986-cı ildə “Türk dili və ləhcələrinin tarixi” adlı kitabı çap olundu. Bunu İranın o zamankı prezidenti Xameneiyə və baş nazir Musəviyə göndərdi. Onların ikisindən də təşəkkür məktubu gəldi. Xamenei dedi, siz bizim dilimizi ehya etdiniz, yəni hörmətləndirdiniz. Biz sonradan anladıq ki, onun ətrafı panfarsistlərlə doludur. Ona o qədər basqı etdilər ki, Xamenei istiqamətini dəyişdi, farsçı oldu.

Birinci Qarabağ müharibəsində yaralıları Tehrana gətirmək üçün Cavad Heyət çox çalışdı. O zaman xarici işlər naziri Vilayəti Əkbərə məktub yazdı, səhiyyə naziri ilə görüşdü. 150-dən çox yaralı Tehrana gəldi və onlardan çoxunu Cavad Heyət özü əməliyyat etdi. Bunun üçün bir diplomatik üsula əl atdı. Nazirlərlə görüş təşkil etdi, rəsmi icazələr aldı. Bu, İran dövlətindən çox Cavad Heyətin öz təşəbbüsü ilə baş tutdu.

Untitled (3).jpg (315 KB)

- Cavad Heyət hətta Kəlbəcərin işğalından sonra Süleyman Dəmirələ də məktub yazmışdı. Nə yazılmışdı həmin məktubda?  

- Həmin məktub sabiq prezident Süleyman Dəmirəlin ev muzeyində indi də durur. O zaman Qarabağın rayonları ard-arda işğal olunurdu. Cavad Heyət çox narahat və kədərli idi. O, Xameneiyə məktub yazdı, dedi ki, bir həftə Azərbaycan həftəsi elan etsin ki, yardım toplansın və o, Azərbaycana göndərilsin. Bundan əvvəl İranda Bosniya həftəsi elan olunmuşdu. Digər istəyi isə o idi ki, icazə versin ki, biz adam toplayaq və gedib Qarabağda döyüşək.

Xamenei məktuba cavab vermədi. Bu da Süleyman Dəmirələ məktub yazmaq üçün bəhanə oldu. Çünki İran hökuməti deyərdi ki, bizdən kömək istəməmiş başqa bir dövlətin başçısından kömək istəyirsən. Bütün duyğularını həmin məktuba qoymuşdu. Onu yazanda dəfələrlə ağladı. Hətta həmin məktubdan sonra xəstələndi. Həyat yoldaşı deyirdi ki, bu məktub sənin ölümünə səbəb olacaq. Türkiyə səfiri həmin məktubu oxuyub demişdi, "Cavad bəy, bu məktub dəmiri dələr, qalmışdı ki, Süleyman Dəmirəli. Mən bu məktubu təcili ona çatdıracağam".

Məktub Dəmirələ çatmışdı. Cavab gəlmişdi ki, "Cavad bəy narahat olmasın, o məsələ bizim üçün də həssasdır. O işlə məşğuluq". Bu məktub tarixə düşdü.

Cavad Heyətgil 9 qardaş idilər. Sağ qalanları var?

- Heç biri yaşamır. Uşaqları Avropada, Amerikada yaşayırlar. İranda az qohum qalıb. İranda yaşamaq çox çətindir, xüsusən də Heyət ailəsi üçün. Həmişə nəzarət var.

Untitled (9).jpg (36 KB)

- Cavad Heyət həm də yaradıcı idi. Şəhriyarla xüsusi münasibətləri var idi. Bu haqda nə bilirsiniz?

- Onlar çox yaxın idilər. Şəhriyar məşhur vaxtlarında Təbrizdə yaşayırdı, farsca şeirlər yazırdı. Məşhur şərqşünas Rüstəm Əliyev Moskvada yaşayırdı, hələ SRRİ zamanında İrana rahat gəlib gedə bilirdi. Cavad Heyət də inqilabdan öncə Tehrandakı yazarlarla görüşürdü, şeir axşamları olurdu. Rüstəm Əliyev də İrana gələndə onlarla görüşürdü. Bir dəfə gələndə deyir ki, siz Şəhriyarı Təbrizdə yalnız buraxmısınız, o da oturub farsca şeirlər yazır. Siz onu niyə özünüzə yaxın gətirmirsiniz ki, türkcə daha çox şeir yazsın. Rüstəm Əliyevin bu sözü Cavad Heyəti tutur və o, Təbrizə gedir, Şəhriyarı ailəsi ilə birgə götürüb Tehrana gətirir. Tehranda 6 ay Cavad Heyət Şəhriyarı öz evində saxlayır. 6 aydan sonra əmim həmin küçədə ona bir ev tutur və Şəhriyar orada yaşayır.  Ondan sonra şair yenidən türkcə şeirlər yazmağa başlayır. Burada əlavə bir xatirə də var.

Şahın yoldaşı Fərəh xanım Şəhriyara xəbər göndərir, deyir ki, icazə verin sizə bir ev verim, orada yaşayın. Çünki ziyalıların bir araya gəlməsindən narahat idilər. Şəhriyar isə deyir ki, burada rahatam, ondansa icazə verin ki, türkcə şeirlərim çap olunsun. Təbii ki, Fərəh xanım icazə vermir. Şəhriyar Təbrizdən ayrıla bilmirdi. Onun məşhur bir şeiri var, deyir, "Tehranın qeyrəti yox Şəhriyarı saxlamağa". Bundan sonra yenidən Təbrizə qayıdır.         

- Cavad Heyətlə Heydər Əliyevin münasibətlərindən danışardınız.  

- Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri olarkən onu izləyirdi. Bakıda görüşürlər, Heydər Əliyev deyir ki, mən Naxçıvanda olarkən bəs siz niyə mənim yanıma gəlmədiniz. Əmim deyir ki, gəlmək istəyirmiş, amma Heydər Əliyevin bunu necə qarşılayacağını bilmirmiş. H. Əliyev bildirir ki, əmimi illərdir tanıyır və "Varlıq"dan xəbərdardır. Onlar arasında bir dostluq başlayır. Əmim dedi, güclü liderdir.

20 Yanvar hadisəsi baş verəndə Tehrandakı Azərbaycan səfirliyində yas mərasimi oldu. "Varlıq"ın bütün yazarları ora getdi. Sonra İrandakı kommunistlər etiraz etdi ki, Bakıda üsyançılar etraz edib, Qorbaçov da onları vurub öldürüb. Siz onlara niyə yas tutursunuz? Cavad Heyət bu xatirəni Heydər Əliyevə danışıb. O, gülərək soruşub ki, orada məgər hələ kommunistlər qalır? Ondan sonra müxtəlif tədbirlərdə, Bəxtiyar Vahabzadənin yubileyində, Hüseyn Cavidin anım günündə onların görüşləri olmuşdu.

Mən onun qeyd etdiyimiz kitabını Azərbaycan türkcəsinə tərcümə etmişdim. Cavad bəy onu İlham Əliyevə təqdim etmişdi. Prezident demişdi ki, həmin kitab iki cilddə çap olunsun və çap olundu.  

Untitled (8).jpg (40 KB)

- Ömrünün son günlərində yanında idiniz?

- Vəfatından bir neçə gün öncə Bakıya gəldim. O, çox şeyi artıq xatırlamırdı. Yoldaşı qapını açıb, dedi, çox şeyi xatırlamır, görək səni xatırlayacaqmı? İçəri girəndə əmim mənə baxanda dedi, "Məhəmməd Rza, oğlum", unutmamışdı. İlk dəfə onu üzütüklü gördüm. Mənə çox pis təsir etdi, onun üzünü qırxdım. Çox ümidsizləşmişdi. Öləcəyini bilirdi. Həmin vaxt onun rəsmlərini çəkdim, amma heç vaxt paylaşmadım, dedim, yaddaşlarda necə qalıbsa, elə də xatırlasınlar.

Untitled (4).jpg (263 KB)

- Əminizin arxivi indi haradadır?

 - Onun çox böyük arxivi var idi. Mən onun bütün əsərlərini, şəkillərini, məktublarını bir yerə yığıb özümlə Türkiyəyə apardım. Orada onun əl yazısı, haqqında yazılan şeirlər, məqalələr, müsahibələri, bir müəlliminin şaha yazdığı məktub var.

- Siz özünüz Təbrizə gedib gəlirsinizmi?

- Xeyr, gedə bilmirəm. Anam və qardaşlarım Türkiyəyə gəlir.

Untitled (11).jpg (75 KB)

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Mart 2025

BÜTÜN XƏBƏRLƏR