İnsanlara hürriyət, millətlərə istiqlal!

“Şənbə-bazar qadınlar işləməsin” təklifinə kişilərdən etiraz var

“Təklif edirəm ki, şənbə-bazar günləri qadınlar işləməsinlər”. Bunu deputat Rauf Əliyev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci ilə dair hesabatının müzakirəsində deyib. O bildirib ki, xarici ölkələrin birində bu təcrübəni görüb: “Onlar belə əsaslandırdılar ki, qadınların ailənin həyatında rolu böyükdür. Ona görə uşaqlarla daha çox vaxt keçirmələri üçün belə bir addım atırlar”.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova isə qeyd edib ki, elə kişilər də ailə ilə daha çox vaxt keçirməlidirlər. Bu məsələni təkcə qadınlarla məhdudlaşdırmaq doğru deyil.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Teleqram.az-a  açıqlamasında sözügedən təklifin xoşniyyətlə verildiyini bildirib. O, təklifi hörmətlə qarşıladığın deyib: “Amma bu, Azərbaycanın öz qanunvericiliyinə, eləcə də qoşulduğu beynəlxalq konvensiyalara uyğun təklif deyil. Azərbaycan gender bərabərliyi haqqında BMT-nin konvensiyasına qoşulub.

Gender bərabərliyinin qorunması haqqında Azərbaycanda qanun qəbul olunub. Eyni zamanda məişət zorakılığının qarşısının alınması, eləcə də digər qanunlarda qadınla kişilərin hüquq və vəzifələrinin bərabərliyi haqqında müddəalar var. Sovet dönəmində bir siyahı vardı, xüsusilə ağır və təhlükəli işlərdə işləmək qadınlara qadağan olunurdu. Təxminən 760 peşə və vəzifədə qadınların işləməsinə icazə verilmirdi. Bu da bizim qəbul etdiyimiz qanunlara və gender bərabərliyi haqqında konvensiyaya uyğun deyildi.

Bunu nəzərə alaraq ötən il Əmək Məcəlləsinə dəyişikliklər etdik. Qadınlar və kişilər arasındakı əmək bölgüsündəki ayrı-seçkilik aradan qaldırıldı. Yalnız hamilə qadınların müəyyən işləri görməsinə məhdudiyyət qoyuldu. Qalan hallarda qadın və kişinin əmək bərabərliyi qorundu.

Azərbaycan reallığında demək olar ki, bazar günləri işləyən qadınların və müəssisələrin sayı o qədər çox deyil. Şənbə günləri qadınlar və kişilər əksər vaxt ya istirahət edirlər, ya da günortaya qədər işləyirlər. Bu mənada hesab edirəm ki, belə bir məsələnin qanuniləşdirilməsi doğru olmazdı. Dünyada getdikcə artan qadın və kişi hüququnun bərabərləşdirilməsi meyllərinə zidd bir addım olardı".

Əkrəm Həsənov: "Günaybank"ın bağlanması inhisarçılıqla bağlıdır

Əkrəm Həsənov: “Niyə şənbə-bazar məhz qadınlar işləməsinlər, kişilər isə işə çıxsınlar?

Hüquqşünas Əkrəm Həsənov isə qadınların şənbə-bazar günləri işləməməsi ilə bağlı təklifə sərt münasibət bildirib. Ə.Həsənov Pravda.az-a açıqlamasında deyib ki, şənbə-bazar günü işləyənlərə həftəiçi istirahət verilir: “Niyə məhz qadınlar şənbə-bazar günləri işləməsinlər? Bunu başa düşə bilmirəm. Ailəli qadın şənbə-bazar işləyəndə nə dəyişir? Həftəsonu ailəli qadında qeyri-adi nə baş verir? Əksinə, şənbə-bazar əri də evdədir. Uşaqlara baxmaq lazımdırsa, əri baxacaq. Bəlkə də qadının digər iş günü istirahət etməsi yaxşıdır ki, vaxtından daha səmərəli istifadə edə bilər. Əgər ümumən əmək qanunvericiliyi pozulmursa, həftəlik, yəni 40 saat işləyirsə, hər bir halda 2 istirahət gününü qadına verirlər. Niyə şənbə-bazar məhz qadınlar işləməsinlər, kişilər isə işə çıxsınlar? Bunun məntiqini tuta bilmirəm. Onsuz da Azərbaycanda çox hallarda əmək qanunvericiliyinə riayət olunmadığını bilirəm. Hətta iş həftəsi 40 saatdan da çox olur. Bəzən heç 2 gün istirahət də vermirlər. Pozuntu edənlər məsuliyyətə cəlb olunmalıdırlar, amma söhbətimiz bu deyil...”

Zahid Oruc: Keçmiş Baş porkuror və hərbi prokuror xalqdan üzr istəməlidir

Zahid Oruc

 

Millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc mövzu ilə bağlı “Yeni Müsavat”a  deyib ki, bu məsələdə əks-mövqe göstərənlərin yanaşmaları başa düşüləndir. Çünki bu, özü-özlüyündə müxtəlif güzəştləri ehtiva edən qanunvericilik istiqamətində dəyişiklikləri tələb edəcək: “Bu güzəştlər  həqiqətən sonda bizi istədiyimiz məqsədə çatdıracaqmı? Heç şübhəsiz ki, qadın ilahi missiyanı daşıyır, ailə ocağının əsas qurucusu və qoruyucusudur, onun üzərinə çox böyük yük düşür. Bu gün Azərbaycan qadınları şəhid anası, şəhid bacısı, şəhid həyat yoldaşı kimi müqəddəs adları daşıyır. Bir tərəfdən vətən torpaqlarının azad olunmasında gerçək döyüşçü kimi iştirak ediblər, digər tərəfdən şəhidlərimizin, qəhrəmanlarmızın valideyni, anaları olaraq dövlətin, millətin çox böyük ehtiramını qazanıblar. Bu gün qadınlarımız ictimai həyatda, siyasi prosesdə dövlət idarəçiliyində önəmli yer tutur, parlamentdə xüsusi çəkiyə malikdirlər, həmçinin parlamentdə spikerin qadın olması sübut edir ki, Azərbaycan xanımları bütün sahələrdə bərabər hüquqa malikdir. Biz bu gender bərabərliyini Qərbin hansısa titullu qərarlarından sonra deyil, ondan öncə bərqərar etmişik. Yəni qadını orta əsr köləliyində qəbul edən müxtəlif cəmiyyətlərdən tamamilə fərqliyik. Qeyd edim ki, Sosial Tədqiqatlar Mərkəzində kollektivin mühüm bir hissəsi qadınlardır. Onlarla işləmək həqiqətən də ikiqat  məsuliyyət tələb edir. Hesab edirəm ki, müəyyən qədər güzəştlərin də olması onların həm işinə, həm də digər tərəfdən də ailə ocağının qorunmasında üzərinə düşən məsuliyyəti yerinə yetirməyə şərait yaradır”.

Zahid Oruc qeyd edib ki, qadınların şənbə-bazar işləməməsi ilə bağlı irəli sürülən təklif müzakirəyə layiqdir: “Bu həmçinin tədqiqat tələb edir ki, məsələ geniş şəkildə araşdırılsın, yəni qərar qəbul etmə zamanı subyektiv  mövqe görünməsin deyə”.

Boşanmaların sayı bir az da artacaq" - Əhməd Qəşəmoğlu

Əhməd Qəşəmoğlu: “Qadınlar şənbə-bazar günü işləsin və yaxud işləməsin ”çiy" söhbətdir, ona görə ki... “

Sosioloq Əhməd Qəşəmoğlu isə irəli sürülən təklifi “yarımçıq, sadəlövh müzakirə” adlandırıb: “Yəni qadınlar şənbə-bazar günü işləsin və yaxud işləməsin "çiy" söhbətdir. Məsələn, tutaq ki, qərar qəbul etdik ki, qadınlar şənbə-bazar günü işləməsin, amma hansısa qadınlar üçün həmin günlər işləmək çox önəmlidir. Bəs onda necə olacaq? Hesab edirəm ki, bu cür qərar qəbul etmək üçün ilk növbədə  iqtisadiyyatımızı elə qurmalıyıq ki, qadınlar üçün şənbə-bazar günü iş olmasın. Elə işlər var ki, məhz şənbə-bazar günüdür. Onda qadınlar nə etməlidir? Bu cür fikir səsləndirəndə hərtərəfli, dərin düşünmək lazımdır.  Onsuz da bir çox işlərdə şənbə-bazar günü əksərən qadınlar işləmir, yəni müəyyən faiz qadınlar işləyir, o da başqa çıxış yolu olmadığından. İndi belə çıxır ki, şənbə-bazar günü ölkədə iqtisadi prosesləri dayandırmalıyıq? Bir daha qeyd edirəm ki, bu, absurd, “çiy” söhbətdir. Biz niyə deyirik ki, qadınlar şənbə-bazar işləməsin, ona görə ki, böyüyən yeni nəslin keyfiyyəti daha yaxşı olsun. Əgər  məqsəd budursa, onda niyə sağ əlimizlə sol qulağımızı axtarırıq? Bunun üçün tövsiyələr aparmalı, valideynləri maarifləndirməliyik. Yoxsa ki, məsələnin mahiyyəti qalıb bir tərəfdə, birdən kiminsə ağlına gəlir ki, “xaricdə gördüm, bizdə də qadınlar şənbə-bazar günü işləməsin”. Mənim  öz cəmiyyətimin mahiyyətindən irəli gələn işləri görmək lazımdır".

Xalidə GƏRAY
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR