İnsanlara hürriyət, millətlərə istiqlal!

Səhiyyə Nazirliyi qızılca ilə bağlı çağırış etdi

 “Hamiləliyi planlaşdıran qadınların ən azı 6 ay əvvəl qızılcaya qarşı peyvəndlənməsi tövsiyə olunur”.

Musavat.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun mama-ginekoloqu Xanım Mirzəyeva deyib.

- Doktor, ilk öncə bilmək istərdik ki, qızılca virusu nədir?

- Qızılca yüksək yoluxuculuğa malik olan və qızılca virusları tərəfindən törədilən infeksion xəstəlikdir. Onun əsas yoluxma mənbəyi xəstə insanlardır, ötürülmə yolu isə hava-damcı yoludur. Virusa yoluxduqdan sonra kliniki əlamətlərin meydana gəlməsi 9-21 gün ərzində baş verir və bu gizli dövrdə xəstə insan qızılca virusunu ətraf mühitə yayır. Əlamətlər xəstəlik inkişaf etdikcə artır. Bu zaman daha çox halsızlıq, zəiflik, iştahsızlıq yaranır.

İkinci mərhələ kataral mərhələ adlanır. Bu mərhələdə gözlərin selikli qişalarının zədələnməsi olur, gözlərdə sululuq artır, burun boşluğundan çoxlu miqdarda selik ifraz olunur. Həmçinin, bu zaman quru və boğucu öskürək əmələ gəlir, öskürək xəstəlik inkişaf etdikcə artır və bədən hərarəti yüksəlir. İlk günlərdə bədən hərarəti 37, maksimum 38 dərəcə olsa da, sonradan 40 dərəcəyə qədər yüksələ bilir.

Qızılcanın əsas xüsusiyyəti bədəndə ilk dövrdə təxmini diametri 3-5 mm olan açıq-qırmızı, çəhrayı rəngdə səpgilərin əmələ gəlməsi ilə xarakterizə olunur. Səpgilər sonradan bir-biri ilə birləşərək, iri ölçülü və bütün bədəni əhatə edən səpkilərə çevrilə bilir. Qızılca üçün xarakterik olan səpgi ağız boşluğunda və yanaqların selikli qişasında yaranan iri ölçülü ağ rəngli səpgilərdir. Səpgilər yaranan dövrdə artıq qaşınmalar və selik ifrazı artmağa başlayır. Xüsusilə gözlərin zədələnməsi olur ki, bu zaman işıqdan da qorxu yarana bilir. İnkubasiya dövrü 21 günə qədər davam edə bilər. Sağalmağa doğru səpgilərin rəngi tündləşir, bozarır və qabıqlanaraq keçib gedir.

- Hamiləlikdə qızılca virusuna yoluxma halı olduğu təqdirdə nə edilməlidir?

- Vaxtında qızılcaya qarşı peyvənd olunmayan qadınlarda hamiləlik dövründə xəstəliyin gedişatı ağır ola bilər. Bunun əsas səbəbi hamiləlik dövründə qadının fizioloji olaraq immun sisteminin nisbətən zəifləməsindən irəli gəlir. Hamiləlikdə də əsas yoluxma mənbəyi hamilənin xəstə insanla kontaktda olmasıdır. Xəstəliyin hamiləliyə təsiri yoluxma müddətindən asılı olaraq dəyişir. İlk trimestrdə inkişafdan qalmış hamiləliyə, özbaşına düşüklərə səbəb olur.

Əgər hamiləlik dövründə xəstəlik inkişaf edirsə, bu zaman uşaqda mərkəzi sinir sisteminin zədələnmələri, mayalanma dövrünə təsadüf etdiyi təqdirdə isə xromosom anomaliyalarının yaranmasına gətirib çıxara bilər. İkinci trimestrdə isə vaxtından əvvəl doğuş ilə nəticələnə bilər. Bəzən tam sağlam uşaqlar da doğula bilər. Qızılca zamanı ağciyər pnevmoniyasının inkişafı riski hamilələrdə yüksək olur.

- Xəstə insanla kontaktda olmuş hamilə nə etməlidir?

- Təcili şəkildə həkimə müraciət olunmalıdır və 72 saat ərzində hamiləyə qızılca əleyhinə immunoqlobulin yeridilməlidir. Bu, həm virusa yoluxmanın qarşısını alır, həm də yoluxma baş verərsə, onun yüngül keçməsinə şərait yaradır.

- Özümüzü qızılca xəstəliyindən necə qoruya bilərik?

- Qızılcadan qorunmağın ən yaxşı və təhlükəsiz yolu xəstəliyə qarşı vaxtında peyvənd olunmaqdır. Bu peyvənd ölkəmizdə uşaqlara 1 yaşında və 6 yaşında yeridilir. Həmçinin, qızılca peyvəndi məxmərək peyvəndi ilə birgə yeridildiyi üçün hər iki xəstəlikdən qoruyur. Peyvəndlənmiş şəxslər xəstə insanla təmasda olsalar belə, ya xəstəliyə yoluxmurlar, ya da çox yüngül keçirirlər. Xüsusən də qızılcaya qarşı vaxtında peyvənd edilən uşaqlarda xəstəliyin ağırlaşmaları müşahidə edilmir.

- Virusa yoluxmuş hamilə qadınlarda müalicə necə aparılır?

-Qeyd edim ki, hamiləlik zamanı qızılca peyvəndi vurdurmaq qəti şəkildə məsləhət görülmür. Hamiləliyi planlaşdıran qadınların ən azı 6 ay əvvəl qızılcaya qarşı peyvəndlənməsi tövsiyə olunur. Xəstəliyə yoluxan hamilələr üçün xüsusi bir müalicə planı mövcud deyil. Ona görə də simptomatik müalicə təyin edilir. Uşaq dünyaya gəldikdən sonra müayinə olunur. Əgər uşaqda qızılca aşkar olunarsa, o, anası ilə bərabər qalır və ana südü ilə qidalanır. Amma yoluxmayıbsa, ana izolyasiya olunur və müalicə planı təyin edilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR