Onlayn ictimai-siyasi qəzet
“Çox şadam ki, İran və Azərbaycan nümayəndələrinin birgə işi nəticəsində biz Araz çayının cənub sahili boyunca dəmir yolu və avtomobil xətti marşrutunun keçməsini razılaşdırdıq”.
Xəbər verildiyi kimi, bunu Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti İbrahim Rəisi ilə ötən həftə Daşkənddə görüşü zamanı söyləyib.
“Əminəm ki, bu layihə qısa müddətdə həyata keçiriləcək və Şimal-Cənub Nəqliyyat Dəhlizinin daha bir istiqamətinə çevriləcək. Yəni nəticədə bizim iki marşrutumuz olacaq: biri Astara çayı üzərindən, digəri Ağbənd ərazisindən. Hər iki marşrut İranla Azərbaycan arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsi işinə xidmət edəcək, həmçinin qonşularımız və digər tərəfdaş ölkələr üçün əlçatan olacaq”, - dövlət başçısı bildirib.
İlham Əliyev həmçinin deyib: “İki ölkənin yüksək səviyyəli nümayəndələri arasında çox tez-tez və müntəzəm təmasların olmasını da məmnunluqla qeyd edərdim. İranın xarici işlər nazirinin səfəri, Azərbaycan baş nazirinin müavininin səfəri, mənim nümayəndəmin səfəri və Sizin vaxt taparaq onları qəbul etməyiniz əlaqələrimizin davamlı inkişafından xəbər verir. Əvvəlki illərdə də biz regiondankənar qüvvələrin İranla Azərbaycan arasında dostluq münasibətlərinə müdaxilə etmək cəhdlərinin şahidi olmuşuq. Bu cəhdlər nəticəsiz qaldı. Əminəm ki, indi də düşmənlərimiz öz məqsədlərinə çatmayacaqlar. İran və Azərbaycan bundan sonra da uğurla əməkdaşlıq edəcək və münasibətləri gücləndirəcək”.
Öz növbəsində İ.Rəisi Qarabağ üzərində Azərbaycanın öz suverenliyini tam bərpa etməsindən məmnunluq ifadə edib. Qarabağın yenidən bərpasında İranın köməyini təklif edib. “Əminik ki, rəqiblərimizin istəklərinin əksinə olaraq, münasibətlərimiz gündən-günə yaxşılaşır və əlaqələrimizə mane olmaq istəyən ölkələr öz planlarını həyata keçirə bilmir və məyus olur”, - İran prezidenti vurğulayıb.
Daşkənd görüşü iki ölkə arasında səfirliyimizə terror hücumundan sonra ən aşağı səviyyəyə düşmüş diplomatik münasibətlərin normallaşmasına stimul verə bilərmi? Hazırda yolun harasındayıq?
Məsələ ondadır ki, İ.Rəisinin nikbin sözlərindən cəmi bir gün sonra - noyabrın 10-da İranın Ermənistandakı səfiri Mehdi Sübhani ölkəmiz əleyhinə təxribatçı fikirlər söyləyib. Qarabağda yaşamış ermənilərin “öz müqəddəratını təyinetmə haqqının olduğunu” bildirib, mifik “Qarabağ xalqı”ndan danışıb (Azərbaycan XİN artıq sərt reaksiyasını bildirib). İndi kimə inanaq - İranın prezidentinə, yoxsa səfirinə?
İkinci yandan, görəsən, Sübhani Güney Azərbaycandakı 40 milyonluq azərbaycanlılara da eyni haqqı - öz müqəddəratını təyinetmə hüququnu tanıyırmı? Yoxsa şüşəli otaqdan başqasına daş atmağın bədəlinin nə olacağından bixəbərdir?
Bundan əlavə, səfirliyimizə hücum etmiş terrorçu Yasin Hüseynzadə ilə bağlı İran məhkəməsi 10 aydır qərar verə bilmir. Bugünlərdə isə məlum olub ki, qondarma casusluq ittihamı ilə İranda 2 il həbs cəzası kəsilən Fərid Səfərlinin apelyasiya şikayəti təmin edilməyib.
Mətin Məmmədli
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi, politoloq Mətin Məmmədli “Yeni Müsavat”a şərhində son dövrlər Azərbaycan və İran rəsmilərinin açıqlamalarına istinadən münasibətlərin normallaşmasına dair müəyyən dərəcədə nikbinlik yarandığını qeyd etdi. Politoloq hesab edir ki, ölkə liderlərinin Daşkənddəki görüşü zamanı verilən açıqlamalardan sonra iki ölkə arasında münasibətlərin bərpası istiqamətində real addımların atılacağını ehtimal etmək olar: “İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin açıqlaması kifayət qədər ziddiyyətlidir. Hətta erməni rəsmilər belə açıqlama vermirlər. Ermənistanı müdafiə edən Fransa rəsmiləri bu tip açıqlamalardan çəkinirlər və əsasən Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyindən danışırlar. İranın Ermənistandakı səfiri sanki Roma Papasından daha artıq katolik olmağa çalışır. Hesab edirəm ki, bu, səfirin özfəaliyyətidir, mərkəzi hakimiyyət orqanları ilə razılaşdırılmayıb. İkinci ehtimal isə bunun İran hakimiyyətinin məqsədyönlü siyasətinin tərkib hissəsi olmasıdır. İran prezidenti ilə səfirin açıqlaması arasında kəskin ziddiyyət varsa, bu iki ölkə arasında münasibətlərə ziddi zərbədir. Əgər səfirin bu açıqlaması ilə bağlı tədbir görülməyəcəksə, bu o deməkdir ki, İran hakimiyyəti Azərbaycanla münasibətlərin normallaşması məsələsində qeyri-səmimi davranır. Düşünürəm ki, İran hakimiyyəti daxilində iki xətt var: bir xətt Azərbaycanla münasibətlərin normallaşmasının tərəfdarıdır; ikinci xətt isə daha mühafizəkardır, Azərbaycanla münasibətlərin daha da pisləşməsinin tərəfdarıdır, səfir də bu xəttin təmsilçisidir. İran Azərbaycanla münasibətləri həqiqətən normallaşdırmaq istəyirsə, bu istiqamətdə konkret addımlar atmalıdır. Yalnız bu halda Azərbaycan adekvat addımlar atacaq. İlk növbədə də gözləntilər özünü doğrultsa, İrandakı səfirliyimizin fəaliyyəti bərpa oluna bilər”.
M.Məmmədlinin fikrincə, problemlərin əsası İranın Azərbaycanla bağlı siyasəti ilə əlaqəlidir: “İki ölkə arasında problemlər sıradan deyil, köklü problemlərdir. Bu problemlərin həlli asan görünmür. Əsas problem İranın Azərbaycanla bağlı siyasətidir. İran hakimiyyəti, beyin mərkəzləri müstəqil Azərbaycanın mövcudluğunu qəbul etməli və hörmət etməlidirlər. Ölkəmizə qarşı bu düşüncə dəyişmədən köklü problemlərin həlli qeyri-mümkündür. İran qonşu dövlətdir. Azərbaycan bütün, o cümlədən qonşu dövlətlərlə yaxşı münasibətlərin olmasında maraqlıdır”.
Xəyal Bəşirov
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri Xəyal Bəşirov hesab edir ki, İran prezidentinin açıqlaması təsadüfi deyil. Politoloq xatırlatdı ki, İkinci Qarabağ müharibəsindən sonra İran tərəfindən aşkar göstərilən anti-Azərbaycan mövqeyinə qarşılıq olaraq Azərbaycan heç zaman kəskin mövqe nümayiş etdirməyib: “Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyev Qarabağa səfəri zamanı Cəbrayıl rayonunda, Xudafərin körpüsündə İran-Azərbaycan sərhədini dostluq sərhədi adlandırmışdı. Bu İrana münasibətin bariz nümunəsi idi. Azərbaycan heç bir dövlətə, hüquqi subyektə münasibətdə milli maraqlarından geri çəkilmə siyasəti yürütməyib. Prezident İlham Əliyevin hakimiyyətdə olduğu illərdə hər zaman prinsipial və qəti mövqeyin şahidi olmuşuq: Tehranda diplomatik korpusun fəaliyyətinin dayandırılması, anti-Azərbaycan ritorikasına adekvat cavab verilməsi, ümummilli, dövlətçilik maraqları, sərhədlərin toxunulmazlığı, suverenlik və başqa mövzularda mövqeyimizin aydın ifadə olunması və s. Bununla da Azərbaycan bir sıra Qərb dövlətlərinə qırmızı xəttini göstərmiş oldu. Yəni Azərbaycan istənilən addıma adekvat davranmaq iqtidarındadır. Nəticədə proses tamamilə fərqli məcrada inkişaf etdi. İranın Azərbaycana münasibəti dəyişdi”.
X.Bəşirov Fərid Səfərli ilə bağlı vəziyyəti də şərh etdi. O bildirdi ki, F.Səfərli qanunazidd hər hansı addım atmayıb: “Fərid Səfərli cinayət törətməyib, azadlıqdan məhrumedilmə cəzası tətbiq olunmamalı idi. Həmin dövrdə İranın Azərbaycana qarşı mövqeyinin tərkib hissələrindən biri də bu formada nümayiş etdirildi. O ki qaldı səfirliyimizdə terror törədən Yasin Hüseynzadənin hələ də cəzalandırılmamasına, fikrimcə, İran gözləmə mövqeyindədir. Onlar rəsmi səviyyədə səslənən xahişlərə cavab gözləyirlər. Bu, Prezident İlham Əliyevin səlahiyyətində olan məsələdir. Səfirliyin fəaliyyətinin bərpa ediləcəyi gözləniləndir. Bu, İranın növbəti addımlarından asılıdır.
Hesab edirəm ki, İranda anti-Azərbaycan siyasətinin tərəfdarı olan qüvvələr var. Onların zaman-zaman iqtidarın siyasətinə təsir göstərmək imkanları olur. İranın Ermənistandakı səfiri Azərbaycan-İran münasibətlərinə təsir göstərəcək ən sonuncu şəxsdir. O, Ermənistan cəmiyyətinə xoş gəlmək üçün belə fikirlər səsləndirə bilər. ABŞ, Böyük Britaniya, Fransanın Ermənistandakı səfirləri də belə fikirlər səsləndiriblər. Bu, təəccüblü deyil. Səfirlərin xarici siyasətini müəyyən etmək üçün səlahiyyəti, resursları yoxdur. Bizi maraqlandıran İran dövlətinin mövqeyidir. İstənilən halda səfirin açıqlamasına münasibət bildirilməlidir. Bu, bizim siyasətimizdə dəyişikliyə səbəb olacaq hadisə deyil. Azərbaycan 3+3 formatını təklif edir, yəni Cənubi Qafqaz və qonşu ölkələrin regionda baş verən proseslərdə iştirak etməsini təklif edir. Ermənistan isə regiona kənar qüvvələri cəlb etmək istəyir. Bir sözlə, İran Azərbaycanla Ermənistanın fərqini görmüş oldu”.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ