İnsanlara hürriyət, millətlərə istiqlal!

Seçkiyə 40 gün qaldı - namizədlər imzanı necə yığır...

İmza toplamaq və təqdim etmək üçün iddialıların cəmi 10 günü qalır

Növbədənkənar prezident seçkisi gününə cəmi 40 gün qalır. Mərkəzi Seçki Komissiyası 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkisi ilə əlaqədar imza vərəqələrinin yoxlanılmasına başlayıb. Bu barədə “Yeni Müsavat”a Mərkəzi Seçki Komissiyasından bildirilib.

Xatırladaq ki, Seçki Məcəlləsinə əsasən, Mərkəzi Seçki Komissiyasının prezidentliyə namizədliyin irəli sürülməsini təsdiq edən qərarından sonra Azərbaycan Respublikası Prezidentliyinə namizədə və ya onun səlahiyyətli nümayəndəsinə, habelə siyasi partiyanın və siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə imza vərəqələri verilir.

Namizədin qeydə alınması üçün zəruri olan seçki sənədləri qəbul edildikdən sonra 7 gün müddətində MSK imza vərəqələrində və təqdim edilən digər sənədlərdə olan məlumatların düzgünlüyünü yoxlamalı və namizədin qeydə alınıb-alınmaması haqqında qərar qəbul etməlidir.

İndiyədək yalnız Yeni Azərbaycan Partiyası 2024-cü il fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərində Azərbaycan Respublikası Prezidentliyinə irəli sürdüyü namizəd İlham Heydər oğlu Əliyevin müdafiəsi üçün topladığı 50 min seçici imzasının olduğu imza vərəqələrini Seçki Məcəlləsinin 58.1-ci maddəsinə əsasən tələb olunan digər sənədlərlə birlikdə dekabrın 26-da MSK-ya təqdim edib.

26 dekabrda isə Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Əvvəlcə komissiyanın 21 dekabr və 23 dekabr 2023-cü il tarixli iclaslarının protokolları təsdiq olunub.

Sonra 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkisində namizədliklərin irəli sürülməsi ilə əlaqədar məsələlərə baxılıb. Namizədlikləri özləri tərəfindən irəli sürülmüş Sərvan İdris oğlu Kərimovun, Mətləb Əzizulla oğlu Mütəllimlinin, Abutalıb Qənbər oğlu Səmədovun, Fikrət Hüseyn oğlu Yusifovun, Yusif Qəzənfər oğlu Bağırzadənin, Arzuman Səid oğlu Abdulkərimovun, Yunus İsaxan oğlu Oğuzun və Qulamhüseyn Surxay oğlu Əlibəylinin namizədliyinin irəli sürülməsi təsdiq edilib.

Komissiya öz təşəbbüsləri ilə namizədliklərinin irəli sürülməsi təsdiq olunanlardan səlahiyyətli nümayəndələr təqdim edənlərin müraciətlərinin təmin olunmasına qərar verib.

Namizədliyini irəli sürənlərin sayı artıq 20-ni keçib. Ancaq indiyədək yalnız YAP-ın namizədinin qeydə alınması üçün tələb olunan 40 min imzanı toplayaraq, MSK-ya təqdim edib.

Bəs digər namizədlər imza toplama kampaniyasına başlayıblarmı? Başlayıblarsa, proses necə gedir? İmzanı necə toplayırlar?

Fazil Mustafa kimdir? - BBC News Azərbaycanca

 Fazil Mustafa

Namizədliyi Böyük Quruluş Partiyası tərəfindən irəli sürülən Fazil Mustafa “Yeni Müsavat”a bildirdi ki, imzatoplama prosesi yekunlaşmaq üzrədir: “Əksər dairələrdə partiyamızın üzvləri, təəssübkeşləri imzaların toplanmasında aktiv şəkildə iştirak ediblər. İndi partiyanın səlahiyyətli nümayəndələri bunu sistemləşdirməyə çalışırlar. Çünki qanunvericilikdə tələb var ki, 60 seçki dairəsindən ən azı 50 seçici imzası toplanmalıdır. Ona görə də bölgələr üzrə çeşidləyib ortaya qoymağa çalışırıq. Namizədlərin sayının çoxluğu bizim üçün elə bir məna ifadə eləmir. Çünki bu bir yarışdır və burada hər kəs özünün platforması ilə gündəmə gəlməyə çalışacaq. Biz çalışacağıq ki, daha fərqli bir kampaniya aparaq və cəmiyyətimizdən dəstək alaq. Demokratik seçki prosesidir, istənilən şəxs namizədliyini verə bilər. Əsas imzaları yekunlaşdırmaq tələbini yoluna qoymaqdır. Bunu keyfiyyətli şəkildə etməyimiz mümkün olacaqsa, sonrakı prosesləri tənzimləmək bir qədər asan olacaq. Biz bütövlükdə seçki kampaniyasının məsuliyyətini dərk edirik və daha fərqli platforma ilə çıxış eləməyi düşünürük. Yaxın gələcəkdə də bu istiqamətdə təbliğat kampaniyasında cəmiyyətimiz bunun şahidi olacaq”.

Razi Nurullayev prezidentliyə namizədliyini irəli sürdü Yeni Sabah

Razi Nurullayev

Namizədliyi Milli Cəbhə Partiyası tərəfindən irəli sürülən Razi Nurullayev isə bildirdi ki, imzatoplama kapmaniyasına başlayıblar: “İmzatoplama kampaniyası heç zaman asan proses olmayıb. İndi də asan deyil və təbii ki, müəyyən zaman darlığı da var. Amma biz hazırlıqlar üçün imza vərəqələrinin verilməsini gözləmirdik. Buna qədər də müəyyən hazırlıqlar həyata keçirmişik, müəyyən insanlarla danışmışıq, sözü keçən ağsaqqallarla görüşlərimiz olub və kampaniyamıza dəstək verilməsi üçün işlər aparmışıq. Bu günə qədər deputat kimi də hesab edirəm ki, xalqın sözünü demişəm, xalqın yanında olmuşam. Bütün bunlara görə də mənim adım olan yerdə etiraz edən, imza vermək istəməyən yoxdur. Yenə də təbii ki, bunun yazılması-pozulması var, insan resursları, maliyyə tələb olunur. Öhdəsindən gəlməyə çalışırıq”. 

Elşad Musayev Prezident Adminstrasiyasında olub - Ayna.az

Elşad Musayev

Namizədliyi Böyük Azərbaycan Partiyası tərəfindən irəli sürülən Elşad Musayev üçün də imzatoplama prosesi bir neçə gündür başlayıb. E.Musayev dedi ki, proses uğurla gedir: “İmzatoplama kampaniyası sürətlə gedir. Bütün əraziləri əhatə etməyə çalışırıq. Proses uğurla davam edir. İmza vərəqələri imzalanaraq axın-axın gəlir”.

Abutalıb Səmədov partiyasını niyə bağladı? – Özü danışdı - GlobalInfo.az

Abutalıb Səmədov

Namizədliyi özü tərəfindən irəli sürülən Abutalıb Səmədov isə bildirdi ki, imza vərəqələrini 27 dekabrda MSK-dan götürüb. 28 dekabrdan imzatoplama kampaniyasına start verməyi planlaşdırıblar: “İnşallah, ümid edirəm ki, vaxt az olsa da imzaları toplayıb çatdırmaq imkanımız olacaq”.

Namizədliyi özü tərəfindən irəli sürülən Yusif Bağırzadə isə namizədliyinin MSK tərəfindən 26 dekabrda təsdiqləndiyini, lakin hələ imza vərəqələri təqdim olunmadığını dedi. 

Namizədliyi özü tərəfindən irəli sürülən Fikrət Yusifov isə imzatoplama kampaniyasına 27 dekabrdan başladıqlarını dedi: “İmza toplamağa start vermişik. İnanırıq ki, vaxtında istədiyimiz qədər seçici imzasını yığa biləcəyik”.

Fayl:Fuad Əliyev.jpg — Vikipediya

Fuad Əliyev

Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev isə bildirdi ki, dekabrın 21-də MSK-dan imza vərəqələrini alıblar və həmin gündən imza toplamağa start verilib: “Seçki qərargahımın rəhbəri Xəzər Teyyublunun verdiyi məlumata görə, demək olar ki, iki-üç günə imzatoplama kampaniyasını yekunlaşdıra biləcəyik. Qeydə alınmaq üçün lazım olan 40 min seçici imzasını toplayıb dəqiqliklə yoxladıqdan sonra imza vərəqələrini MSK-ya təqdim edəcəyik. İşçi qrupu bu işi həyata keçirəcək”.

Arzuman Abdulkərimov: “Dövlət siyasi partiyaların inkişafında maraqlıdır”

Arzuman Abdulkərimov

Namizədliyi özü tərəfindən irəli sürülmüş Arzuman Abdulkərimov isə imza toplama kampaniyasına 28 dekabrdan başlayacaq.

Qulamhüseyn Əlibəyli prezidentliyə namizəd olmaq istəyir - ANS - Xəbərlər

Qulamhüseyn Əlibəyli

Namizədliyi özü tərəfindən irəli sürülmüş Qulamhüseyn Əlibəyli bildirdi ki, MSK namizədliyinin irəli sürülməsini 26 dekabrda təsdiqləyib. İmza vərəqələri isə dünən təqdim edilib. İmza toplamağa ayın 27-28-dən start veriləcək: “Vaxtın azlığı ola bilər ki, müəyyən problemlər meydana gətirər. Lakin çalışacağıq ki, vaxtında lazım olan sayda imzaları toplayıb MSK-ya təqdim edək”.

Universitetlər özəlləşdirilməlidir - Niyaməddin Orduxanlı - GlobalInfo.az

Niyaməddin Orduxanlı

BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı bildirdi ki, BAXCP-nin namizədi Qüdrət Həsənquliyevin imzatoplama kampaniyası başlayıb: “Düşünürəm ki, qanunvericiliyin nəzərdə tutduğu sayda imzanı toplayıb, MSK-ya vaxtında təqdim edəcəyik. İmzatoplama kampaniyası normal şəkildə davam edir”.

Seçki Məcəlləsinə əsasən, səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir.

Namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsinə 2023-cü il dekabrın 19-dan başlanıb və bu müddət 2024-cü il yanvarın 8-i saat 18.00-dək olan dövrü əhatə edəcək. Həmin müddətədək namizədliyin rəsmi qeydə alınması üçün lazım olan ən azı 40 min seçici imzası (60 seçki dairəsini əhatə etməklə) MSK-ya təqdim edilməlidir. Qeydə alınan namizədlərin təbliğat-təşviqat kampaniyası isə 15 yanvardan başlayacaq.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR