Onlayn ictimai-siyasi qəzet
“2024-cü il ölkəmiz üçün bir sıra mühüm ictimai-siyasi hadisələr və qlobal əhəmiyyətli tədbirlərlə yaddaqalan olub. İlk dəfə olaraq suveren respublikamızın bütün ərazisində keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidentinin seçkiləri və Milli Məclisə növbədənkənar seçkilər əlamətdar hadisəyə çevrilib”.
Musavat.com bildirir ki, bunu Ombudsman Səbinə Əliyeva Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin “Azərbaycan Respublikasında insan hüquqlarının qorunması haqqında” 2024-cü il üzrə məruzəsini Milli Məclisə təqdim edərkən deyib.
S.Əliyeva vurğulayıb ki, Zəfər seçkisi kimi tarixə düşən və vətəndaşların xüsusi seçici fəallığı ilə yadda qalan növbədənkənar Azərbaycan Respublikası Prezidentinin seçkiləri xalqımızın demokratiya və milli dövlətçilik ənənələrinə sədaqətini, öz liderinə sarsılmaz etimad və inamını, habelə son iyirmi ildə görülən işlərə, qazanılan uğurlara verilən yüksək dəyəri bir daha nümayiş etdirdi: “Ötən il respublikamız bir çox ölkələrin dövlət və hökumət başçılarının, rəsmi şəxslərinin, nüfuzlu ictimai, siyasi, elm və mədəniyyət xadimlərinin qatıldığı beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edib. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsi, ölkəmizin uğurlu moderatorluğu və yüksək diplomatik məharəti sayəsində inkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon dollar məbləğində maliyyə yardımına dair razılığın əldə olunması və digər mühüm qərarların qəbul edilməsi iqlim dəyişmələrinə qarşı mübarizədə mühüm nəticə kimi tarixə düşüb. Həyata keçirilən kompleks islahatlar nəticəsində əldə olunan nailiyyətlər, iqtisadi suverenliyin möhkəmləndirilməsi və müasir həyat standartlarına əsaslanan sosial rifahın təmini vətəndaşların hüquq və azadlıqlarının daha səmərəli reallaşdırılmasına xidmət etməkdədir”. Məruzədə qeyd olunub ki, Ombudsman ölkə Konstitusiyası və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrlə təsbit olunmuş və dövlət orqanları, bələdiyyələr, habelə qanunvericiliklə müəyyən edilmiş digər qurumlar və onların vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquq və azadlıqlarının bərpa edilməsi, insan hüquqları pozuntularının qarşısının alınması üzrə fəaliyyətini davam etdirib: “Diqqətinizə çatdırmaq istərdim ki, 2024-cü ildə Ombudsmanın ünvanına 29.371 müraciət daxil olub. Bu müraciətlərə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanunu ilə müəyyən olunmuş qaydada və müddətlərdə baxılıb.
Ərizəçilərə həm qəbulda, həm də yazılı müraciətləri əsasında hüquqi məsləhətlər, habelə insan hüquq və azadlıqlarının müdafiəsinin forma və üsulları, o cümlədən bu və ya digər məsələlərlə əlaqədar aidiyyəti dövlət qurumlarına müraciət etmələri barədə tövsiyələr verilib. İnsanların üzləşdikləri problem və çətinliklərin həlli məqsədilə Ombudsman tərəfindən aidiyyəti dövlət qurumlarına, idarə, müəssisə və təşkilatlarına müraciətlər edilmiş, bir çox hallarda nöqsan və çətinliklərin aradan qaldırılması və pozulmuş hüquqların bərpası üzrə zəruri tədbirlər görülmüş, təklif və tövsiyələr verilib”.
E.Paşasoy,
Musavat.com
09 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ