İnsanlara hürriyət, millətlərə istiqlal!

Sahibə Qafarova: “Büdcənin sosialyönümlü olmasına xüsusi diqqət yetirilib”

Milli Məclisdəki büdcə müzakirələrində çıxış edən spiker Sahibə Qafarova Baş nazir və hökumət üzvlərinə, həmçinin deputatlara xitabən giriş nitqi söyləyib.

Musavat.com-un xəbərinə görə, sədr bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası ölkəmizdə təşəkkül tapmış makroiqtisadi sabitliyi və maliyyə dayanıqlığını daha da möhkəmləndirməyə, iqtisadi inkişaf və təhlükəsizlik sahəsində dövlət siyasətinin prioritetlərini və məqsədlərini əldə etməyə imkan yaradıb:

“Bu gün Milli Məclisdə müzakirəsinə başladığımız dövlət büdcəsinin layihəsi və büdcə zərfinə daxil olan digər sənədlər ölkə həyatında müşahidə olunan müsbət meyilləri əks etdirir. Məmnunluqla qeyd edilməlidir ki, dövlət büdcəsinin həm gəlirləri, həm də xərcləri ildən-ilə artırılır. Gələn il bu göstəricilərin rekord həcmdə olması dövlətimizin artan iqtisadi potensialının təzahürüdür. Qeyd olunmalıdır ki, dövlət büdcəsinin layihəsi müasir dövrün çağırışları nəzərə alınmaqla tərtib edilib. Büdcənin sosial yönümlü olmasına xüsusi diqqət yetirilib. Belə ki, gələn il sosialyönümlü xərclərin cari ilə nisbətən 1 milyard 35 milyon manat və ya 7 faiz çox olması nəzərdə tutulur. Dövlət büdcəsinin digər prioritetləri sırasında təhsil, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatı da var”.

Spiker qeyd edib ki, sahibkarlığın inkişafına rəvac verilməsi, ölkənin ərzaq təhlükəsizliyi ilə bağlı tədbirlərin, nəqliyyat, sənaye, energetika və digər sahələrdə infrastruktur layihələrinin dəstəklənməsi diqqət mərkəzində saxlanacaq:

“İnamla söyləmək olar ki, gələn ilin dövlət büdcəsinin icrası üçün Azərbaycan hökumətinin həyata keçirəcəyi tədbirlər möhtərəm Prezident tərəfindən müəyyən edilmiş hədəflərin əldə olunmasına, o cümlədən Azərbaycan iqtisadiyyatının davamlı inkişafına, nəzərdə tutulan dövlət proqramlarının və strategiyalarının reallaşmasına zəmin yaradacaq”.

S.Qafarova bildirib ki, 2024-cü ilin dövlət büdcəsinin layihəsi və büdcə zərfinə daxil olan sənədlər parlament komitələrinin iclaslarında geniş müzakirə olunub və Milli Məclisin plenar iclasına tövsiyə edilib:

“Hesablama Palatası da büdcə zərfi barəsində müsbət rəyini bildirib. Mən hesab edirəm ki, aparacağımız müzakirələr səmərəli olacaq, burada biz deputatların maraqlı fikirlərini və dəyərli təkliflərini dinləyəcəyik”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR