İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabiq diplomatın məhkəməsi keçirildi – sol çiyni mənim sağ çiynimə dəydi...

Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş diplomat Emin İbrahimovun cinayət işi üzrə proses keçirilib.

Musavat.com xəbər verir ki, hakim Vüqar İbrahimovun sədrliyi ilə baş tutan prosesdə dövlət ittihamçısı Cövdət Mehrəliyev ittiham aktını elan edib.

İttihama görə, Emin İbrahimov ötən il iyulun 22-də Nizami rayonunda səki ilə hərəkətdə olarkən əvvəllər tanımadığı Kamal Şükürovla toqquşub. Aralarında yaranmış mübahisə zəminində onlar bir-birini təhqir edib, zor tətbiq edib, dalaşıblar. Həmin vaxt Emin İbrahimov cibində gəzdirdiyi bıçaqla Kamal Şükürovu qarnından bıçaqlayaraq sağlamlığına ağır zərər vurub.

Emin İbrahimov məhkəmənin nəzərinə çatdırıb ki, özünü təqsirli bilmir, zərərçəkəni tanımır:

“Özümü təqsirli bilmədiyim üçün müdafiə olunmağa ehtiyac görmürəm”.

İş üzrə zərərçəkən Kamal Şükürov ifadəsində deyib ki, hadisə təhqir və dava səbəbindən baş verib:

“Yolda sıxlıq olduğu üçün maşınımı küçənin yuxarısında saxlayıb, yola piyada davam etdim. Səki ilə hərəkətdə olarkən Emin İbrahimovla toqquşdum. Onun sol çiyni mənim sağ çiynimə dəydi. Dönüb üzr istəmək istəyərkən öncədən nəyə əsəbiləşdiyini bilmədiyim Emin mənim yaxamdan tutaraq təhqir etdi, məni hasara tərəf çəkərək vurdu. Mən də onu vurdum, yaxasından tutarkən köynəyi cırıldı. Daha sonra qarnımda istilik hiss etdim. Anladım ki, bıçaqlanmışam. Daha sonra polisə və təcili tibbi yardıma zəng etdim”.

Zərərçəkən bildirib ki, əməliyyat olunduqdan sonra ifadəsi alınıb.

Müttəhimin vəkili Fəxrəddin Mehdiyev deyib ki, zərərçəkənin istintaqa verdiyi ifadə ilə məhkəmədəki ifadəsi arasında ziddiyyət var. Hakim zərərçəkənin ibtidai istintaqa verdiyi ifadəsini elan edib.

Emin İbrahimov 2002-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsini bitirib. 2005-ci ildə Ankara Universitetindən Beynəlxalq münasibətlər ixtisası üzrə magistr dərəcəsi alıb. 2009-cu ildə NATO Müdafiə Kollecinin ali kursunu bitirib. 2007-2020-ci illərdə Azərbaycan Respublikasının diplomatik xidmətində olub. 2012-2016-cı illərdə Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyində, 2016-2019-cu illərdə Azərbaycanın Uruqvaydakı diplomatik nümayəndəliyində işləyib.

Azərbaycan hakimiyyəti isə heç kimin siyasi baxışlarına görə təqib edilmədiyini, həbs olunanların konkret cinayət əməlinə görə ittiham olunduqlarını bildirir.

Emin İbrahimov ötən ilin iyulunda saxlanılıb. O, sağlamlığa qəsdən ağır zərər vurmada (maddə 126.2.4) və xuliqanlıqda (maddə 221.1) təqsirləndirilir. Ona verilən ittihama görə, iyulun 22-də Qaraçuxur qəsəbəsinin Kamal Şükürov adlı sakininə bıçaqla xəsarət yetirib. Özü ittihamları qəbul etmir, şərləndiyini bildirir.

Növbəti məhkəmə iclası martın 12-nə təyin edilib.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR