Onlayn ictimai-siyasi qəzet
Son vaxtlar Rusiyanın liderləri və təbliğatçıları rusofobiyadan çox danışırlar. Bu barədə federasiyanın prezidenti Putin də fikir səsləndirib, son 3 ildə “təhdidkar qırğı” kimi ad çıxarmış eks-prezident Dmitri Medvedyev də.
İki gün öncə XİN-in sözçüsü Mariya Zaxarova da bu mövzuda danışaraq deyib ki, artıq xarici ölkələrdə rusofobluq edib-etmədikləri onları maraqlandırmır, əsas odur ki, ölkə daxilində vətəndaşlar özlərini necə hiss edirlər.
Fobiya qorxu deməkdir. İnsan cəmiyyətində yüzlərlə qorxu növü var – A.-dan Z.-yə qədər. Çoxu psixi sapıntı ilə əlaqədardır. İnsan oğlu hər şeydən, hər situasiyadan qorxur. Hərənin bir şeyi görməyə gözü yoxdur. Amma psixika ilə bağlı olmayan, həyatın içindən gələn fobiya növləri də var.
Rusofobiya o türdəndir. Bu, təkcə ruslardan qorxu anlamına gəlməz. Rusoboiya özündə qorxuyla yanaşı, nifrət, ikrah hissi də daşıyır.
Rusiyanı idarə edənlər rusofobiyanın son illərdə nədən şiddətləndiyi barədə özlərinə hesabat vermir, heç olmasa öz aralarında müzakirə aparmırlar ki, Avrasiyada, Yaxın Şərqdə, dünyanın dörd bir yanında onları niyə sevmirlər.
Kreml başbilənləri düşünürlər ki, tutumları, yolları budur, belə də davam etməlidirlər, bütün dünya da onları bu cür qəbul etməli, hörmət bəsləməli, hətta sevməlidir.
Bu məntiqlə təkcə 2022-ci ilin fevralından bəri torpaqlarının üçdə biri Rusiyanın işğalına məruz qalmış, yarım milyon yaxın gənc kişisini, eləcə də günahsız qadın, uşaq, qocasını müharibədə itirmiş Ukrayna xalqı rusofob olmamalıdır və işğalçını sevməlidir. Əksinə, rusofobiya bu ölkədə o həddə çatıb ki, 50, 100, 200 il öncə dünya ədəbiyyatına, incəsənətinə töhfə vermiş rus mənşəli korifeylərin, məsələn, Puşkinin, Tolstoyun, Vısotskinin, heykəllərini demontaj edirlər. Bu, artıq pataloji nifrət həddidir.
Hər gün ölkələrinin daha bir bölgəsinin Rusiyaya güvənən separatçılar tərəfindən bölünəcəyini gözləyən moldovanlar Rusiyadan necə qorxmasınlar?
16 il əvvəl rus tanklarının Tiflisin 60 kilometrliyinə qədər irəlilədiyini unutmayan və qısa çəkən müharibədə yüzlərlə oğlunu itirən gürcülərin rusofilliyi mümkündürmü?
Postsovet məkanında Rusiyaya əbədi minnətdar olmalı olan yeganə xalq ermənilərdir, onların da ruslardan üzü dönüb, yada salmırlar ki, Rusiya onlara yoxdan bir dövlət təsis edib, verib, ərazisini genişləndirib, Qafqazda qala halına gətirib. Ermənilər bu xidmətin qarşısında Rusiyaya əbədi kölə olmaq istəmirlər, 2020-ci ildə yaxşı müdafiə edilmədikləri üçün Rusiyaya kin-küdurət bəsləyirlər. Bu ölkədəki rusofobiya artıq keçmiş SSRİ ölkələrindəkindən olduğundan şiddətlidir.
Dörd ildir ki, Ermənistan hərbçiləri KTMT-nin sammit və təlimlərində iştirak etmirlər, ölkə rəhbərliyi MDB-nin sammitlərinə bir bəhanə ilə qatılmırlar, amma Kreml də onlardan əl çəkmir, dönə-dönə ermənilərə MDB və KTMT üzvü olduqlarını xatırladır. Sonuncu dəfə Moskvanın baş nazir Paşinyandan xəstəliyə dair epikriz, “xəstəlik kağızı” tələb etməsi isə biabırçılıq idi. Sanki Putin qaraj müdiridir, Paşinyan isə yük maşınının sürücüsü.
Bu cür davranışla hansı ölkədə sevimli olmaq olar?
Avropadakı rusofobiya Kremlin siyasətindən qaynaqlanır. Avropalılar Rusiyadan özlərinə real təhdid görürlər. İsveç və Finlandiyanın 2022-ci ilin fevralından sonra böyük haray-həşir və tələskənliklə NATO-ya can atması kütləvi psixi sapıntıdan irəli gəlmirdi, onlar gözü dönmüş rusların hər şeyə qadir olduqlarını düşünürdülər.
Hazırda Türküstan ölkələrindən gedərək Rusiyada yaşayan, işləyən yüz minlərlə təqsirsiz insan 3-4 terrorçunun güdazına gedərək Rusiyadan ya qovulub, ya da qovulmaq ərəfəsindədir. Onlar öz ölkələrində beş özləri qədər insanın dolanışığını təmin edir, güzəranlarının yaxşılaşmasına yardım göstərirdilər. İndi ruslardan böyük, həyati pislik görürlər. Onlar öz ölkələrinə qayıdıb rusofil olacaqlar, yoxsa rusofob?
Mariya Zaxarova da deyir ki, heç vecimizə deyil, bizi başqa ölkələrdə sevirlər. ya sevmirlər.
Bir zamanlar fransızlar və ingilislər də belə deyirdilər. Sonra onlara qarşı fobiya o qədər gücləndi ki, əksər müstəmləkələrini itirdilər. Fransa hələ də öz təsiri altında olan ölkələri itirə-itirə gedir. Paris keçmiş müstəmləkələrini toplayıb Frankofoniya adlı təşkilat yaradıb, indi onun frankofobiyaya döndüyünü müşahidə edir.
Rusiya da eləcə, öz aqressiyası, təkəbbürü, imperialist düşüncəsi ilə yaxınlığında yerləşən ölkələrin əhalisini həm qorxudur, həm də onlarda özünə qarşı nifrət yaradır.
05 Yanvar 2025
04 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ