Onlayn ictimai-siyasi qəzet
Belçika hökuməti ölkə ərazisində dondurulmuş 190 milyard avro dəyərində Rusiya aktivlərinin müsadirəsinə qarşı olduğunu açıqlayıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Maksim Prevo Financial Times-a müsahibəsində deyib.
Nazir bildirib ki, Belçika yalnız bir halda aktivlərin idarə olunmasında dəyişikliklərə açıq ola bilər: “Əər hüquqi risklər bütün Aİ ölkələri arasında bölüşdürülərsə”.
“Əgər yeni təşəbbüslər irəli sürüləcəksə, onların hüquqi etibarlılığı təmin olunmalıdır. Amma riskləri də nəzərə almaq lazımdır”, – deyə Prevo vurğulayıb.
Qeyd edək ki, 2022-ci ildən sonra Qərb dövlətləri Moskvanın xaricdəki suveren aktivlərini dondurub. Onların əsas hissəsi Belçikanın “Euroclear” mərkəzi depozitarında saxlanılır. Hazırda bu aktivlərdən əldə olunan mənfəət G7 ölkələrinin Ukrayna üçün ayırdığı 50 milyard dollarlıq kreditin ödənilməsinə yönəldilir.
Bununla belə, Aİ daxilində bu gəlirlərin daha da artırılması, hətta ən mübahisəli addım – əsas aktivlərin müsadirəsi məsələsi getdikcə daha çox gündəmə gəlir.
Prevo isə xəbərdarlıq edib ki, belə bir addım həm beynəlxalq hüquqi mübahisələrə, həm də Avropaya inamın sarsılmasına gətirib çıxara bilər:
“Konfiskasiya bizim üçün variant deyil. Bu, gələcəkdə Avropadakı bütün suveren aktivlərin siyasi səbəblərlə risk altında qalması qorxusu yarada bilər. Belə addım həm də avrovalyutaya etimadı zəiflədər və Avropa maliyyə bazarlarının çökməsinə səbəb ola bilər.”
Nazir əlavə edib ki, Belçika üçün ən vacib məsələ bu aktivləri saxlayaraq gələcək sülh proseslərində danışıqlar üçün təsir vasitəsi kimi istifadə etmək və daha sonra Ukraynanın bərpasına yönəltməkdir:
“Əgər istəyirik ki, bu ‘qızıl yumurta verən toyuq’ qalmağa davam etsin, onu öldürməməliyik.”
Musavat.com
17 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ