Onlayn ictimai-siyasi qəzet
Putinin gözlənilən Ukrayna danışıqları haqda şəxsi avtomobilində Kreml jurnalistinə açıqlamalarında bir çox qəribəliklər diqqət çəkdi. Əlbəttə, bu müsahibə ABŞ prezidenti Trampla Putinin zəngləşəcəyi və hətta görüşəcəyi haqda informasiya axınında yaranmış pauzadan Rusiya prezidentinin istifadəsi idi. Yəni onun dedikləri xüsusi olaraq Tramp üçün idi.
Rusiyanın cəbhə zonasında hazırkı vəziyyəti danışıqlar masasında üstün mövqe vəd etdiyi sirr deyil. Rusiya prezidentinin müvəqqəti atəşkəsə qarşı olduğu da bilinir, bunu bir neçə dəfə deyib. Putin o rəydədir ki, danışıqlar uzanmamalı, tərəflər masadan da sənəd imzalayaraq qalxmalıdırlar. Bu o deməkdir ki, Rusiya hətta Ukraynaya(və qarant ölkələrə) imzalatmağa ümid etdiyi razılaşma belə, artıq hazırdır. Çünki Putinin dediyindən çıxan nəticə də budur ki, Ukraynanın hansı ərazlərdən imtina etməsi, bloklara qoşulmayan ölkə statusu alacağı “həll olunub”, Rusiya da hər hansı kompomisə getməyəcək. Putin açıq şəkildə bildirdi ki, qeyri-legitim Zelenski ilə sülh danışıqları aparıla bilməz, ya da belə danışıqların heç bir hüquqi qüvvəsi olmayacaq. İstənilən legitim danışıqların aparılması üçün Ukrayna tərəfi Zelenskinin danışıqların qadağan edilməsi haqda qərarı ləğv etməlidir. Putin qeyd edib ki, Rusiya tərəfi həmişə sülh danışıqlarına hazır olub, lakin Zelenski müttəfiqlərinin (ABŞ və Böyük Britaniya) məsləhətlərini dinləyib və hərbi əməliyyatları davam etdirmək qərarına gəlib. Putin deyib ki, o, danışıqlar üçün müəyyən adamlar ayırmağa hazırdır. Amma vurğulayıb ki, bu, ümumiyyətlə sülh danışıqları deyil, sadəcə olaraq, çox aşağı səviyyədə, illərlə davam edə biləcək məsləhətləşmələr olacaq.
Bəllidir ki, Putin sülh razılaşması dediyi əslində kapitulyasiya sənədidir, həm də ona qol çəkməklə təkcə Kiyev deyil, həm də Qərb məğlubiyyətinin etiraf etməlidir. Putin əslində bu qədər arxayın danışmamalıdır, sülhün Rusiya üçün nə dərəcə vacib olduğunu o hamıdan yaxşı anlayır, amma seçdiyi üslub yanlışdır, daha dəqiqi qabadır. Ukrayna dövlətinin müstəqilliyini lağ etmək, aşağılamaq hüququnu Rusiyaya kim verib axı? Bu sitata diqqət edək: “ Pul və sursat axını dayansa, onlar mövcud ola bilməyəcəklər, bir ay belə davam etməyəcəklər. Hər şey ən çoxu iki aya bitəcək. Bu mənada Ukraynanın suverenliyi demək olar ki, sıfırdır”. Qərb bu savaşa, Ukraynanın məğlubiyyətinə görə əlbəttə, başı ilə məsuliyyət daşıyır, Putinin onlara cəza kəsmək istəməsi, acıq verməsi ayrıca mövzudur, amma Ukraynaya bu cür həqarət Rusiyanın əslində imperialist təfəkkürdən hələ də ayrılmaması, müstəqil dövlətlərə imperialist baxışın dəyişməməsidir. Böyük-kiçikliyindən asılı olmayaraq, Rusiya heç bir dövlətin müstəqiliynə sayğı göstərməməyə meyllidir. Hətta ABŞ-ın, hətta Çinin, hətta Hindistanın da…
Belarus prezidenti Lukaşenko ağıllı adamdır, iki ölkə arasında ittifaq müqaviləsi 1999-cu ilin dekabrında imzalanıb, amma dövlətlərin “soyuz” kimi birləşməsini ilbəil uzadır. Lukaşenko bir neçə dəfə Rusiyanın Belarusu birləşdirmək cəhdlərinə qarşı olduğuna hətta vurğu da edib. Çünki yaxşı bilir ki, bu birləşmə belaruslara çox baha başa gələ bilər, ruslar “böyük qardaşlıq” iddiasından əl çəkməyəcəklər, elə Lukaşenkonun da “əl-qolunu” bağlaya, ona əmrlər verə bilərlər. Ona görə arada Lukaşenko hərdən qəsdən inciklik də salır ki, bu birlik heç olmasa onun zamanında rəsmiləşməsin. İndiki birliklər kağız üzərindədir, formal birliklərdir, gerçək olan Rusiyanın Belarusa nüvə başlığı verməsidir, bu da indiki qarışıqlıqda Minskin işinə yarayır.
Putinin Trampa “Aurus”undan mesajları onu göstərir ki, əslində Rusiya sövdələşməyə getməyəcək. O zaman Tramp bugünlərdə dediyi “B”variantına baş vurmalıdır. Bəllidir ki, Tramp bir neçə gün əvvəl Rusiyanı müharibəni dayandırmağa çağırıb. Əks halda, Rusiyanın ABŞ-a bütün ixracatına yeni sanksiyalar və rüsumlar tətbiq etməklə hədələyib. “Əgər biz razılığa nail olmasaq və tezliklə Rusiyanın ABŞ və digər iştirakçı ölkələrə satdığı hər şeyə yüksək vergilər, tariflər və sanksiyalar tətbiq etməkdən başqa yolum qalmayacaq”
– Tramp deyib.
Rusiyanı arada silkələmək, onu ayıltmağa çalışmaq bütün dünyanın xeyrinə olardı...
Nazim SABİROĞLU
Musavat.com
31 Yanvar 2025
30 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ