Onlayn ictimai-siyasi qəzet
Rus xalqının yenə də Putinlə yola davam etmək qərarının sirri
Martın 17-də Rusiyada prezident seçkisi keçirildi. Hazırkı dövlət başçısı Vladimir Putin yüksək səslə - 87,31 faizlə qalib gəlib. Rusiya Federasiyası Kommunist Partiyasından Nikolay Xaritonov 4,30 faiz səslə ikinci, “Yeni İnsanlar”dan Vladislav Davankov isə 3,83 faiz səslə üçüncü və Leonid Slutski 3,21 faiz səslə dördüncü yerdə qərarlaşıblar.
“Seçkinin əsas nəticəsi ondan ibarətdir ki, Vladimir Putin Rusiyanın müasir seçki tarixində görünməmiş yüksək seçici fəallığı şəraitində keçən səsvermədə inamlı qələbə qazandı”.
Bu açıqlama ilə Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko çıxış edib.
Valentina Matviyenko bildirib ki, Vladimir Putin inamlı qələbə qazanmaqla öz siyasi kursunu davam etdirmək üçün Rusiya vətəndaşlarından legitim mandat alıb.
“Mən Vladimir Vladimiroviç Putini layiqli qələbə münasibətilə təbrik etmək istəyirəm”, - deyə V.Matviyenko fikrini tamamlayıb.
Azərbaycan Prezidenti İlham Əliyev martın 18-də Rusiya Prezidenti Vladimir Putinə zəng edib.
Musavat.com-un məlumatına görə, Prezident İlham Əliyev Vladimir Putini prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.
Çin Xalq Respiblikasının sədri Si Cinpin Rusiyada prezident seçkilərində qalib olan Vladimir Putini təbrik edib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Bildirilib ki, Cinpin Putini yenidən Rusiya Federasiyasının prezidenti seçilməsi münasibətilə təbrik edib.
O, təbrikdə Putinin rəhbərliyi altında Rusiyanın inkişafda böyük uğurlar qazanacağını bildirib.
İran Prezidenti İbrahim Rəisi də Vladimir Putini yenidən Rusiya Prezidenti seçilməsi münasibətilə təbrik edib. Bu barədə İslam Respublikasının Moskvadakı səfirliyinin “Telegram” kanalında dərc olunan bəyanatda qeyd olunub.
Belarus, Qazaxıstan və Tacikistan prezidentləri Aleksandr Lukaşenko, Kasım-Jomart Tokayev və Emoməli Rahmon da Putini seçkilərdəki qələbəsi münasibətilə telefonla təbrik ediblər.
Nəticələr nə deyir, obyektiv saymaq olarmı?
Qeyd edək ki, Qərb Putini legitim prezident kimi tanımayacağını bildirərək, birmənalı olaraq seçkilərin saxtakarlıqla keçirildiyini bəyan edib. Almaniya hökuməti Rusiyadakı seçkiləri tanımayan bəyanat yayıb...
Bütün bunlar Rusiya ilə münasibətlərdə, Ukrayna üzrə sülh danışıqlarında hansısa problem yarada bilərmi? Rusiyanı növbəti 6 ildə nə gözləyir?
Elşən Mustafayev
AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev Putinə dünyada münasibətin bundan sonra da dəyişməyəcəyini qeyd etdi: “Rusiyada keçirilmiş prezident seçkisini nəinki dünya, hətta region üçün bir hadisə kimi qəbul etmək olmaz. Bütün siyasi və iqtisadi rıçaqları əlində cəmləmiş, iki ildən artıqdır ki, Ukrayna vasitəsilə Qərblə müharibə aparan Putinə kim alternativ idi ki, nəticələrə də xüsusi yanaşma olsun? Əvvəldən də aydın idi ki, bu seçki istər namizədlərin kimliyinə, istərsə də aparılan kampaniyaya görə Putinin prezidentliyini növbəti 6 ilə hüquqi cəhətdən təmin etməyə hesablanmışdı. Yəni onsuz da hazırda elə bir namizəd ortada yox idi. Eyni zamanda bu seçki bəlkə də yeganə seçki idi ki, bəzi məntəqələrdə insanlar açıq etirazlarını bildirirdilər, məntəqə komissiyalarının binalarına basqınlar olurdu, hətta partlayışları belə gördük. Bütün bunlarla bərabər nəticələrin legitimliyinin Qərb tərəfindən tanınıb-tanınmasına gəlincə, hesab edirəm ki, hazırda rəsmi Moskvanı bu narahat eləmir və buna ehtiyac da görmür. Putin haqqında beynəlxalq cinayət məhkəməsi cinayət işi qaldırıb. Poma Statutuna görə, bu sənədi imzalayan ölkələr onu gördükəri anda həbs etməlidirlər. Ailə üzvlərinin, yaxınlarının, komandasının çoxlu sayda ölkələrə gedişləri qadağan olunub və s. Bütün bunlar ortada var ikən legitimliyin tanınıb-tanınmamasının bir mənası yoxdur. Amma Qərb və ABŞ təbii ki, bu seçkilərin nəticələrini qəbul etməyəcəyini bildirib, Putini prezident kimi tanımadığını elan edə bilər. Bununla belə, bu seçkidən sonra Putini təbrik edən ölkələr təbii ki, olacaq və bu proses artıq başlayıb. Venesuela, Nikaraqu, Şimali Koreya, Özbəkistan, Tacikistan, Suriya və s. ölkələr ilkin nəticələr elan olundan sonra artıq təbriklərini ediblər. BRİKS-də bir yerdə olduqları ölkələrdən- Çindən, Argentinadan, Cənubi Afrikadan, Hindistandan və digərlərindən də təbriklər çox güman ki, daxil olacaq. Bir məsələ də var ki, Qərb Putini prezident kimi tanımayacağını elan edəcəksə, o zaman sülh danışıqlarını kiminlə aparacaq? Ya da ümumiyyətlə, Putin var ikən hər hansı sülh danışıqlarına getməyəcək? Bunu yaxın vaxtlarda biləcəyik. Ölkədə fövqəladə vəziyyətin olduğu, Ukrayna ilə müharibənin gərgin bir zamanında Putin seçki etməyə də bilərdi və dediyim səbəblərə görə seçkini qeyri-müəyyən vaxta qədər təxirə də sala bilərdi. Buna ölkə konstitusiyası imkan verir. Amma görünür ki, bu ssenari ilə getmək uyğun görünməyib. Xalqdan növbəti 6 ilə mandat alan prezident kimi həm müharibəni aparmağı, həm də lazım gəlsə danışıqlar masasına oturmağı daha uyğun bilib. Hesab edirəm ki, bu seçkilərdən sonra Putinə olan münasibətdə əlavə heç nə dəyişməyəcək, seçkidən öncə olan münasibət yenə də davam edəcək. Bu gün üçün rəsmi Moskvanı daha çox yaz əməliyyatlarının necə olacağı, Ukraynanın planları, Qərbin silah tədarükünü necə aparması daha çox narahat edir, nəinki onun seçkisinin dünyada tanınıb-tanınmaması...”
Elxan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Kreml sahibinin Azərbaycanla əməkdaşlığa çox önəm verdiyini diqqətimizə çatdırdı: “Rusiya prezidenti Vladimir Putin hakimiyyətini uzatdı. Onun daxili və xarici siyasətində dəyişən heç nə olmayacaq. O, hakimiyyətdə olduğu 20 ildən çox müddətdə Rusiya iqtisadiyyatını şaxələndirə bilmədisə, ölkə ancaq enerji resurslarının satışından asılıdırsa, bu durum gələcək illərdə də davam edəcək. Ancaq Rusiyanın enerji resurslarının satışında çətinlikləri artacaq. Rusiya Ukrayna müharibəsinə görə Avropaya sata bilmədiyi neft və qazını Çin və Hindistana yönəldib. Ancaq Hindistan Rusiya neftinin alışını azaldıb, Çin isə Rusiya qazını ucuz qiymətə almağa çalışır. Bu amillər Rusiyanın gələcək illərdə gəlirlərini azaldacaq. Vladimir Putin və onun hökumətinin işini çətinləşdirən Ukraynanın Rusiyanın neft emalı zavodlarına endirdiyi zərbələrdir. Putin Ukraynaya qarşı işğalçı müharibəni davam etdirməkdə "qətiyyətini" davam etdirsə də, müharibənin Rusiyaya vurduğu zərərləri də hesablamaq məcburiyyətində qalacaq. Rusiyanın müharibədə itkiləri yüzminlərlədir, maliyyənin böyük hissəsi savaşa xərclənir, sosial məsələrin həlli arxa plana keçib. Digər tərəfdən, ABŞ və Avropa İttifaqı müharibəni Rusiyanın xeyrinə bitirməyə imkan verməməyə çalışacaq. Bu isə o deməkdir ki, Putin müharibə tələsindən hələ uzun müddət çıxa bilməyəcək. O, hakimiyyətdə olduğu dövrdə Rusiyanın Qərb ölkələri ilə münasibətləri normallaşmayacaq. Putin Qərb ölkələrindən heç birinə səfər edə bilməyəcək. Rusiya vətəndaşları üçün də Qərb ölkələrinə səfərlər və bu ölkələrdə iş qurmaq məhdudiyyətləri qüvvədə qalacaq. Bu, Rusiya vətəndaşları və biznesmenləri üçün diskomfort yaratsa da, onlar Vladimir Putinin hakimiyyətinə qarşı çıxmağı düşünmürlər. Rusiyada 1990-cı illərdən fərqli olaraq alternativ fikir yürütmək, hakimiyyətin siyasətini tənqid etmək həyat üçün risklidir. Buna görə də Moskva və Sankt-Peterburq kimi iri şəhərlərdə Putinin siyasəti barədə fərqli düşünənlər olsa da, Rusiya cəmiyyətinin əksər hissəsi Putinlə yola davam etmək istəyir. Rusiyada yaxın illərdə inqilabi dəyişikliyin olmayacağını Qərbdə də qəbul ediblər. Vladimir Putinin Cənubi Qafqaz siyasəti də olduğu kimi davam edəcək. Putin Azərbaycanla tərəfdaşlıqda maraqlıdır, ortaq layihələr var. Kreml sahibi Rusiyadan uzaqlaşmaq istəyən Ermənistan hakimiyyətinə isə çətinliklər yaradacaq. Putin gələcək illərdə Ermənistanda güc yolu ilə hakimiyyət dəyişikliyinə nail olarsa, Kremlin Cənubi Qafqaz siyasətində yenidən Ermənistana ağırlıq verəcəyi mümkündür. Azərbaycan həmin günü gözləmədən Rusiya hərbi kontingentinin Qarabağdan çıxarılmasına nail olmalıdır".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ