İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan öz forpostuna qəfil nota - səbəblər

Rusiya Ermənistan Xarici İşlər Nazirliyinə nota göndərib. Səbəb kimi İrəvandakı “Sürməli” ticarət mərkəzində baş vermiş partlayışlarla bağlı Rusiyanın ittiham olunması göstərilir. 

“Biz bunu Rusiya-Ermənistan müttəfiqlik münasibətlərinə xələl gətirmək məqsədi daşıyan bu cür eyhamların arxasında duran siyasi qüvvələrin birbaşa təxribatı kimi qiymətləndiririk. Ermənistan hakimiyyətindən bu cür qeyri-dost təzahürlərin qarşısını almağa yönəlmiş addımlar gözləyirik”, - bəyanatda bildirilib.

Qeyd edək ki, bundan əvvəl “Sasna Çrer” siyasi qrupu sosial mediada belə iddialarla çıxış etmişdi. Elə isə Moskva öz forpsotuna sərt xəbərdarlığı niyə məhz bir radikal müxalifət partiyasının mövqeyinə görə edir, əgər rəsmi İrəvandan analoji ittiham irəli sürülməyibsə?

Heç şübhəsiz, bu fakt bütövlükdə Paşinyan hakimiyyətinin siyasətindən Moskvanın ciddi narazılığının, hətta boğaza yığıldığının növbəti təzahürüdür. Sirr deyil ki, məhz Paşinyan iqtidarı dönəmində qonşu ölkədə Rusiyaya münasibət xeyli pisləşib.

Bunu da qeyd edək ki, “Sasna Çrer” daima Rusiya hərbi bazalarının Ermənistandan çıxarılması tələbi ilə çıxış edir. Nota Moskva-İrəvan münasibətlərində hansı izləri qoya və ardınca Moskvanın hansı cəza tədbirləri gələ bilər? İrəvanın cavab tədbiri nə olacaq? Qarabağ məsələsinə təsirlər mümkünmü və Azərbaycanın separatçılara münasibətdə əl-qolunun daha da açılacağını söyləmək olarmı?

Hikmət Babaoğlu: “Bu cür illüziyalar onları Rusiyaya qarşı nifrətə kökləyir”

YAP-çı deputat Hikmət Babaoğlu hesab edir ki, Ermənistan Rusiyanı itirərsə, öz dövlətçiliyini təhlükə altına qoyar: “Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi heç vaxt indiki qədər güclü və kütləvi olmayıb. Bəzi araşdırmalara görə, erməni ictimai rəyini təyin edən mövqe üçdə ikidən çox olmaqla Rusiyanın əleyhinədir. Ancaq bu da son hədd deyil. Çünki son günlərdə baş verən hadisələr fonunda anti-Rusiya əhval-ruhiyyəsi daha da güclənərək milli nifrət səviyyəsinə doğru irəliləyir. Elə Rusiyanı narahat edən və Ermənistana nota vermək həddinə qədər məcburi addımlar atmağa vadar edən də budur.

Şübhəsiz ki, belə vəziyyətin yaranmasının səbəblərindən biri ondan ibarətdir ki, ermənilər hesab edirlər ki, İkinci Qarabağ savaşında Rusiya ermənilərə lazımi dəstək verməyib. Yəni öz acı məğlubiyyətlərinin səbəbkarı kimi Rusiyanı görməkləridir. Ancaq belə mövqe izah edilən və başadüşülən deyil. Ona görə ki, birincisi, Rusiyanın əlində heç də hər şeyə qadir sehrli çubuq yoxdur. İkincisi, Qarabağ savaşında mövcud şərtlər və imkanlar içərisində Ermənistana nə qədər kömək etmək mümkün idisə, Rusiya bu köməyi edib. Üçüncüsü, nəyə görəsə ermənilərə elə gəlir ki, Rusiya bütün hallarda və həmişə Ermənistana borcludur. Erməni ictimai rəyindəki bu cür illüziyalar onları Rusiyaya qarşı nifrətə kökləyir.

Dördüncüsü isə Paşinyan hakimiyyəti öz hərbi-siyasi məğlubiyyətinin əsas səbəbkarı kimi cəmiyyətə Rusiyanı hədəf göstərir və bunu şüurlu olaraq öz siyasi məqsədləri üçün edir. Çünki Paşinyan Sorosun siyasi layihəsi olmaqla özünəməxsus missiya yerinə yetirməlidir. Bu missiyanın məqsədlərindən biri də Ermənistanı Rusiyadan qopararaq Qərbə doğru yaxınlaşdırmaqdır. Bütün bunlar isə şübhəsiz ki, Rusiya kimi ciddi dövlətin diqqətindən yayınmır. Ona görə də rəsmi notanı Ermənistan dövlətinə ünvanlayır və anti-Rusiya əhval-ruhiyyəsinin yığışdırılmasını istəyir.

Hər kəsə aydındır ki, Ermənistan hakimiyyətinin razılığı, yaxud məqsədyönlü fəaliyyəti olmasa, ictimai rəy öz-özünə Rusiyaya qarşı bu qədər aqressiv ola bilməz. Ermənistanın kapitulyasiya aktına imza atmasından artıq il yarımdan çox vaxt keçməsinə baxmayaraq, bu günə qədər heç bir erməni siyasətçisi bu məğlubiyyətə görə Ermənistanın işğalçılıq siyasətini, terror dövləti olmasını ciddi şəkildə tənqid etməyib. Halbuki indiki biabırçı vəziyyətə Ermənistan işğalçı dövlət olduğuna görə düşüb. Heç olmasa bundan sonra ermənilər real vəziyyəti düzgün qiymətləndirib düzgün qərarlar qəbul etməyi bacarmalıdırlar. Əks təqdirdə, ermənilər üçün Rusiyanı itirmək Ermənistan dövlətçiliyini itirmək demək olacaq. Onsuz da Ermənistan baş tutmayan dövlətdir. Onun ərazisi isə tarixi Qərbi Azərbaycan torpaqlarıdır".

AĞ Partiyada yeni təyinat olub.

Rəhim Əhmədzadə: “Qərb dairələri Rusiya üzərinə növbəti hücum üçün bəhanə əldə edib”

AĞ Partiya başqanının müavini, politoloq Rəhim Əhmədzadə isə burada bir  neçə məqam görür: “Heç şübhəsiz ki, Ermənistanda Paşinyan və komandası iqtidara gəldiyi gündən etibarən ciddi şəkildə anti-Rusiya kampaniyası həyata keçirilir. Ermənistanda baş verən ən xırda hadisədə belə ilk ağıllara gələn Rusiya olur. Daha doğrusu, mövcud Ermənistan iqtidarı insanların belə düşünməsində maraqlıdır.

Məsələnin bir tərəfi də var ki, keçmişdə yaşanan bəzi hadisələr ermənilərin bu şəkildə düşünməsinə şərait yaradıb. İkinci Qarabağ müharibəsindəki qələbəmizdən sonra Ermənistanda Rusiyaya qarşı nifrət buxovu daha da yüksəldi. Ermənistanda aparılan küçə sorğularında ermənilər Rusiyanın onları satdığını, Azərbaycan qarşısında yalnız buraxdığını açıq şəkildə ifadə etməyə başlamışdılar. Ermənilərin deməyindən belə başa düşülürdü ki, güvəndikləri dağlara qar yağıb.

Hətta bir  məqamı da qeyd edim ki, Ermənistanda məğlubiyyətdən dərhal sonra keçirilən seçkilərdə Paşinyan və komandasının qalib gəlməsi yuxarıda söylədiklərimi dəstəkləyən arqumentlərdir. Təsəvvür edin ki, İkinci Dünya müharibəsinin qaliblərindən olan Uinston Çörçill müharibədəki qələbəsindən sonra məğlub olur, amma məğlub  Paşinyan qalib olur. Düzdür, mən analogiya aparmaq üçün demirəm. Sadəcə, mənzərənin ortaya çıxardığı rəsmi daha geniş aspektdən dəyərləndirə bilmək üçün  bunları söyləyirəm.

Yəni məsələ Ermənistanda baş verən yanğının kim tərəfindən törədildiyi deyil. Mövzu Ermənistanın bu məsələdə “günah keçisi” axtarmasındadır. Sanki Paşinyan və onun hakimiyyətini dəstəkləyən Qərb dairələri Rusiya üzərinə növbəti dəfə hücum etmək üçün bəhanə əldə edib. Rusiyanı bütün dünyada təkləmək eşqinə düşən Qərb dünyası onun Ukraynada başının qarışıq olmasından istifadə edərək daha bir forpostunda problemlərin ortasına çəkmək istəyir. Təsadüfi deyil ki, partlayışdan dərhal sonra, rus ordusunun Ermənistandan çıxarılması və qərbyönlü ordu ilə əvəz edilməsi çağırışları eşidilməyə başlandı.

İrəvanın bu nota qarşısında Rusiyaya ciddi etiraz edəcəyini düşünmürəm. Böyük ehtimalla, vaxt qazanmaq üçün münbit şəraitin yetişməsini gözləyən Ermənistan tərəfi məsələnin işçi qaydada həll edilməsi üçün addımlar atacaq. Gələk məsələnin bizi maraqlandıran tərəfinə. Geosiyasətin dəyişilməz qaydası yaranmış şəraitdən istifadə edərək öz çıxarları üçün ən uğurlu gedişləri etməkdir. Rusiya-Ermənistan arasında olan gərginlik bizim əlimizi gücləndirəcək. Baxır, biz  bundan necə istifadə edəcəyik. Əgər biz ortaya çıxan bu kimi vəziyyəti dəyərləndirə bilsək, tez bir zamanda mühüm nailiyyətlər əldə edə bilərik. Unutmamalıyıq, bu fürsətlər hər zaman düşmür. Ona görə də dəyərləndirməkdə gecikməməliyik".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR