Onlayn ictimai-siyasi qəzet
Rusiyada Ukrayna cəbhəsində döyüşüb tərxis olunanlar cəmiyyət üçün təhlükəyə çevrilib. Dövlət rəhbərliyi də müharibə veteranlarının kütləvi şəkildə cəbhədən geri qayıtmasını ictimai sabitliyə və siyasi sistemə ciddi risk kimi qiymətləndirir.
“Röyter” agentliyinin məlumatına görə, rəsmi Kreml Əfqanıstan müharibəsindən sonra (1979-1989) veteranların 1990-cı illərdə ölkədə cinayətkarlığın artmasına “töhfə verdiyi” vəziyyətin təkrarlanmasından ehtiyatlanır. Agentliyin şərhində bildirilir: “Cəbhədən geri dönənlərin çoxu hazırda qazandıqları qədər qazana bilməyəcək. Məsələn, Moskvadan olan çağırışçı Ukraynadakı ilk illik hərbi xidmət ili üçün ən azı 5,2 milyon rubl (65 min dollar), o cümlədən 1,9 milyon rubl (24 min dollar) avans alır. Bu, demək olar ki, paytaxtda orta illik əmək haqqına bərabərdir”.
Heydər Oğuz
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan siyasi şərhçi Heydər Oğuzun fikrincə, Rusiya rəsmilərinin müharibədən sonrakı vəziyyət barədə düşünməsi Kremlin də artıq “savaş yorğunluğu” yaşamasından xəbər verir: “Rus ordusunda xidmət edən əsgərlər Ukraynada törətdikləri vəhşilikləri "böyük vətənpərvərlik" nümunələri kimi görür, ölkələrini onların xilas etdiyini düşünürlər. Yeri gələndə müxtəlif yollarla müharibədən yayınan həmyaşıdlarına kəm gözlə baxırlar. Müharibə bitdikdən sonra evlərinə qayıdanda isə fərqli mənzərə ilə qarşılaşacaqlar. Onlar savaşdıqları halda, “dezertir” olaraq gördükləri həmyaşıdlarının daha yaxşı yaşadıqlarını, öz iqtisadi vəziyyətlərini getdikcə yüksəltdikləri, bütün sahələrdə veteranlardan ön plana keçdiklərini görəcəklər. Bu da istər-istəməz müharibə veteranlarında qısqanclıq, ədalətsizliyə uğrama hissi yaradacaq. Üstəlik, Rusiya onları müharibə dövründə olduğu kimi, xüsusi imtiyazlarla da təmin edə bilməyəcək. Əvvəlki kimi maaş almaq, bəzi güzəştlərdən istifadə etmək şansları qalmayacaq. Bu da istər-istəməz onlarda üsyankarlıq duyğularını tətikləyəcək".
H.Oğuzun fikrincə, bu durumun Əfqanıstan müharibəsindən sonra yaranmış sindromla müqayisə edilməsi əsaslıdır, ancaq vəziyyət daha vahiməli hal alacaq: “Çünki Əfqanıstanda döyüşən SSRİ vətəndaşları sosializm inqilabını hansısa Şərq ölkəsində yaymağa çalışdıqlarını düşünürdü. Hazırda Ukraynada savaşan rus işğalçıları isə daha "müqəddəs dəyərlər" uğrunda döyüşdüklərinə inanırlar. Üstəlik, onlar Ukraynanı yad ölkə hesab etmirlər, onları qardaş slavyan xalq olaraq qəbul edir və Qərb imperializminin slavyan xalqlarını bir-birindən ayırma siyasətinə qarşı savaşdıqlarını zənn edirlər. Bu döyüşçülər hər an ölümlə sınağa çəkildikləri halda, “qazandıqları” qələbənin meyvəsini başqalarının yediyini, özlərinin isə tədricən rus cəmiyyətinin ən aşağı təbəqəsinə çevrildiklərini görəndə təbii ki, bu, ciddi narazılıqların yaranması ilə nəticələnəcək. Rus şovinizminin getdikcə güclənməsi xüsusilə də bu ölkədə yaşayan azlıqlara nifrətə çevriləcək. Kreml də etnik azlıqları və miqrantları müharibə meydanına sürükləmək üçün onlara qarşı nifrətin təməllərini indidən atır. Yaxın vədədə bu siyasət bəlkə də Kremlin işinə yaraya bilər. Uzaq vədədə isə əsl başağrısına, hətta ölkənin parçalanmasına qədər uzana bilər".
Heydər Oğuz Putin hakimiyyətinin Ukrayna savaşında məhkumlardan faydalanmasını da Rusiyanın “gələcəyinə basdırılmış mina”lardan biri kimi qiymətləndirir: “Məlumatlara görə, Ukrayna savaşında indiyədək 1.5 milyon rus vətəndaşı iştirak edib. Onların ən azı 150-180 mini isə dustaqlardır. Yəni ümumi savaşanların 10-13%-i vaxtilə ağır cinayətlər törətmiş insanlardır. Cinayətə meylli bu şəxslər həbsxanalarda islah olunaraq cəmiyyətə geri dönmək əvəzinə Ukraynada öz vəhşiliklərini daha da "təkmilləşdiriblər". Müharibədə 6 ay xidmət etdikdən sonra evlərinə qayıdan keçmiş məhkumların hazırda daha ağır cinayətlər törətdikləri barədə çoxsaylı məlumatlar var. Rusiyanın müstəqil xəbər agentliyi olan “Verstka”nın məlumatına görə, 2024-cü ilin oktyabrında müharibədən qayıdan veteranlar tərəfindən azı 500 mülki şəxs zərər çəkib. Zərərçəkənlərdən 242 nəfər həlak olub, 227 nəfər isə ağır yaralanıb. Müharibədən sonra bu kimi cinayətlərin kütləvi hal alacağı gözlənilir".
Ekspert bildirir ki, Kreml gec də olsa bu perspektivi indidən görməyə başlayıb: “Bildirildiyinə görə, Rusiya Müdafiə Nazirliyi "cinayətkarların adi könüllülərdən daha imtiyazlı şərait əldə etməsinin ədalətsizliyini" əsas gətirərək, 2023-cü ildə keçmiş məhbusların altı aylıq döyüşdən sonra geri qayıtmasına icazə verən nizamnaməyə dəyişiklik edib. Yeni nizamnaməyə əsasən, keçmiş məhbuslar müharibə bitənə qədər döyüşmək məcburiyyətindədirlər. Bu dəyişiklik birmənalı qarşılanmır. Həmin məhbuslar 6 aylıq fədakarlıqdan sonra azadlığa çıxacaqları üçün döyüşə getməyə həvəslənmişdilər. İndi isə onları döyüşə həvəsləndirən stimul aradan qalxır və bu insanlar daha ağır cəzaya məhkum olunurlar. Rusiya dövləti onların dinc cəmiyyətə yenidən qayıtmaq hüquqlarını əllərindən almaq, döyüş meydanlarında öldürmək yolunu seçib. Ağlı başında olan heç bir məhbus bu ağırlaşdırıcı cəzanı qəbul etməz.
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
14 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ