Onlayn ictimai-siyasi qəzet
Rusiya iqtisadiyyatı uzun müddət Ukraynadakı müharibənin ağır yükünü dözə bilsə də, artıq bu dözümlülük əlamətləri zəifləməkdədir. Neft və qaz gəlirlərinin azalması, artan hərbi xərclər və Ukrayna dronlarının enerji infrastrukturuna zərbələri Moskvanı tarazlığı qorumaqda çətin vəziyyətə salıb.
Ekspertlər bildirir ki, müharibə bitdikdən sonra Rusiya iqtisadiyyatında yalnız tənəzzül deyil, həm də sosial böhran və işsizliyin kəskin artması gözlənilir. Bu fon Rusiya üçün həm siyasi, həm də iqtisadi sahədə “çətin seçimlər” dönəmini xəbər verir.
“Rusiyanın hərbi iqtisadiyyatında gərginlik artdıqca Kreml 2026-cı il büdcəsində çətin seçimlər etməli olacaq”. Bu barədə nüfuzlu “Financial Times” məlumat yayıb. Nəşr qeyd edib ki, Rusiyanın hərbi iqtisadiyyatı həyəcan siqnalları verir: “Ukraynada müharibənin ilk illərində Moskva neft və qazın sabit qiymətləri, eləcə də yüksək əmək haqqı və istehlakçı tələbatına töhfə verən hərbi xərclər sayəsində iqtisadi vəziyyəti qoruyub saxlaya bilmişdi. Son bir neçə ildə artan hərbi xərclər, yavaşlayan artım, güclü rubl və zəif neft qiymətlərinin birləşməsi Rusiya hökumətini çətin qərarlar qəbul etməyə məcbur edib”.
Qəzet daha sonra qeyd edir ki, Rusiya Maliyyə Nazirliyinin məlumatına görə, yanvar-avqust aylarında Rusiyanın enerji gəlirləri 2024-cü ilin eyni dövrü ilə müqayisədə 20% azalıb: “Analitiklər 2024-cü ildəki 4,3%-dən bu ilin sonuna qədər ÜDM artımının 1,4% olacağını proqnozlaşdırır və növbəti üç il ərzində bu artımın 2%-i keçəcəyi gözlənilmir. Mərkəzi Bank xəbərdarlıq edib ki, ən pis halda ölkə ciddi tənəzzüllə üzləşə bilər”.
Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a deyib ki, Rusiyanı gözləyən daha mühüm müharibə sonrası sindrom iqtisadi sahədə özünü göstərəcək: “Artıq 4 ildir davam edən müharibə Rusiya iqtisadiyyatını hərbiləşdirmək məcburiyyətində qoyub. Bir çox mülki təyinatlı fabrik və zavodlar profillərini dəyişdirib silah-sursat istehsalı ilə məşğul olurlar. Onlardan əksəriyyəti 3 növbəli iş rejiminə keçiblər. Gecə-gündüz silah istehsal edirlər. Müharibə bitdikdən sonra həmin müəssisələrdən bir çoxu istehsalı dayandırmağa məhkumdur. Çünki bu qədər silahı saxlamaq da böyük problemdir. Onların qısa zamanda yenidən əvvəlki təyinatlarına qayıtması da mümkün deyil. Bu isə Rusiyada ciddi işsizlər ordusunun yaranmasına yol aça bilər. Rusiyanın əsas gəlir sahəsi olan neft-qaz sektoru da müharibədən “arzuolunmaz” (təbii ki, Moskva baxımından) nəsibini alıb. Xüsusilə Ukraynanın son zamanlar açıq hədəfə aldığı yanacaq fabriklərinin sıradan çıxarılması Rusiyanın iqtisadi potensialına indidən ciddi zərbələr vurub və bu, rəsmi statistik göstəricilərdə də öz əksini tapır. Rusiya İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, ötən il 4.5% faiz böyüyən rus iqtisadiyyatında 2025-ci ildə 1.5% artım gözlənilirdi. Rusiya Mərkəzi Bankının iddialarına inansaq, bu proqnoz özünü doğrultmayıb və iqtisadi artım cəmi 05-1.5% civarında olub. Bir çox ekspertlərin fikrincə, iqtisadi artımda bu yavaşlama Ukraynanın rus enerji müəssisələrinə hücumları ilə birbaşa əlaqəlidir. Belə ki, Ukrayna dronlarının Rusiyanın ən azı yeddi neft emalı zavodunu vurması nəticəsində Rusiya hələ avqustun əvvəlində neft emalı gücünün təxminən 13%-ni itirib və emal zavodlarının dördü tamamilə bağlanmağa məcbur olub. O dövrdən indiyədək 2 aydan çox zaman keçir və Ukrayna mediası demək olar ki, hər gün yeni uğurlu dron zərbələri barədə məlumatlar yayır. Mütəxəssislər vurulan neft emalı müəssisələrin ümumi emalatın 20%-nə qədər yüksələ biləcəyindən bəhs edirlər. Rusiyanın emal gücünün getdikcə zəifləməsi ictimai həyatda da təsirlərini göstərir. Artıq Rusiyanın bir çox rayonlarında yanacaq qıtlığı başlayıb. Təsəvvür edin, bir zamanlar ABŞ-ın bir senatorunun “dövlət yox, böyük bir yanacaqdoldurma stansiyası” adlandırdığı Rusiyada indi müxtəlif yanacaq məntəqələrində böyük növbələr yaşanır. Qabaqdan qış gəldiyini nəzərə alsaq, yanacaq qıtlığının əhalinin sosial vəziyyətini xeyli çətinləşdirəcəyini proqnozlaşdırmaq böyük kəhanət qabiliyyəti tələb etmir. Bir müddət əvvəl İrkutsk bölgəsində qışa hazırlıq sahəsində “fövqəladə vəziyyət” elan olunması haqqında məlumatlar almaqdayıq. Qısası, Rusiyada indidən dərin bir çöküşün əlamətləri ortaya çıxır. Allah Rusiyanın bütün qonşularını, o cümlədən bizi bu böyük çöküşün yan təsirlərindən qorusun”.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
14 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ