Onlayn ictimai-siyasi qəzet
Bakıdakı “Rus Evi” ötən gündən fəaliyyətini dayandırıb.
Bu barədə “Rus Evi”nin sosial media hesabında paylaşım edilib. Bildirilib ki, Azərbaycan Xarici İşlər Nazirliyinin tələbi ilə mərkəz fəaliyyətinə son verib.
“Rus Evi”nin yerləşdiyi binadakı lövhə və yazılar da artıq sökülərək çıxarılıb. Binanın qapıları ziyarətçilərin üzünə bağlanıb.
TV Müsavatın əməkdaşı həmin ünvanda olub və real vəziyyətlə tanış olub.
Bəlli olub ki, binanın bəzi əşyaları oradan çıxarılsa da, ümumilikdə tam köç baş tutmayıb.
“Rus Evi”nin işçisi bildirib ki, hazırda içəri heç kim buraxılmır. Binada kiçik söküntü işləri aparılsa da, Azərbaycan və rus bayraqları, müxtəlif kitab və broşür rəfləri yerində qalır. Müxtəlif əşyaların nə zaman daşınacağı ilə bağlı məlumat verilmir.
Azərbaycan mətbuatında hələ bu ilin yanvar ayından məlumatlar yayılaraq bildirilmişdi ki, “Rus Evi” ölkəmizdə milli və dini zəmində nifaq salmağa, separatçılıq toxumları səpməyə çalışan şəxslərin-agentlərin yuvasına çevrilib.
Azərbaycan Xarici İşlər Nazirliyi “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə fevralın 3-də Rusiya tərəfinə nota göndərib. Qeyd edilib ki, “Rus Evi”nin hüquqi şəxs qismində qeydiyyatı yoxdur və təşkilat Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozur.
Millət vəkili Azər Allahverənov bildirib ki, hüquqi müstəvidə ziddiyyətli məqamlar olduğu üçün “Rus Evi”nin fəaliyyətinə son verilib:
“Rus Evinin qeydiyyatı yox idi. Bu struktur hüquqi nöqteyi-nəzərdən qanunsuz fəaliyyət göstərirdi. Eyni zamanda bu mərkəzdə elə tədbirlər keçirirdilər ki, ölkənin milli maraqlarına uyğun gəlmirdi. Məsələn, 20 Yanvar hadisəsində birbaşa günahı olan və qanlı 20 Yanvar faciəsinə rəhbərlik edən şəxslərdən biri olan Primakovla bağlı inşa müsabiqəsinin keçirilməsini, yaxud da “Rus Evi”nin mənsub olduğu “Rossotrudniçestvo”nun “artsax” uşaqları və Donbas uşaqları adlı rəsm müsabiqəsi keçirməsini qeyd edə bilərik. Bunlar faktiki olaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddiasının uşaqlara sirayət etməsi deməkdir.
Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan şüarlar altında tədbirlərin keçirilməsi bir çox səbəblərdən xəbər verir. Bu kimi fəaliyyətlər qətiyyən yolverilməzdir. Nəzərə alaq ki, bunlar bir şəbəkə daxilində baş verir və eyni mərkəzdən idarə olunur. Bu ciddi məqam ona dəlalaət edirdi ki, “Rus Evi” ilə bağlı ciddi qərar verilməlidir”.
Deputat Elçin Mirzəbəyli qeyd edib ki, “Rus Evi” şərti addır. Rusiyanın federal agentliyinin bir nümayəndəliyidir:
““Rus Evi” nə kommersiya, nə də qeyri-komersiya təsisatlarına aid idi. Bu təsisatlar ikitərəfli müqavilə əsasında fəaliyyət göstərir. Hazırda isə belə bir müqavilə yoxdur. Bu baxımdan onların Azərbaycanda fəaliyyəti qanunaziddir. Ölkəmizdə rus icması var. Ona Mixail Zabelin rəhbərlik edir. İcmanın tərkibində rus mədəniyyət mərkəzi fəaliyyət göstərir. Bu aspektdən əlavə bir təsisata ehtiyac yoxdur”.
Qeyd edək ki, “Rus Evi” ilə bağlı baş verənlər bir daha göstərdi ki, Azərbaycan haradan qaynaqlanmasından asılı olmayaraq, kənar müdaxilələrə artıq dözmək niyyətində deyil.
Azərbaycanda casus yuvalarının nəinki izi, heç tozu da qalmayacaq!
Şahanə Rəhimli
Musavat.com
12 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ