Onlayn ictimai-siyasi qəzet
"Son 20 ildə ölkədə rus bölmələrinin sayı azalıb, gənclər arasında ingilis dilinə üstünlük verənlərin sayı isə artıb. Təhsil Nazirliyinin məlumatlarına görə, 2000-ci illərin əvvəllərində Bakı məktəblərində rus bölməsində oxuyan şagirdlərin sayı 20%-dən çox idisə, bu rəqəm hazırda təxminən 10-12% arasındadır".
Musavat.com bildirir ki, bu barədə təhsil eksperti Kamran Əsədov bildirib.
Ekspert qeyd edib ki, ümumiyyətlə, Azərbaycan cəmiyyətində rus dilinin istifadəsi son 30 ildə nəzərəçarpacaq dərəcədə azalıb:
"1994-cü ildə əhalinin 38%-i rus dilini ana dili səviyyəsində bilirdisə, 2018-2024-cü illərdə aparılan sorğular göstərdi ki, Azərbaycan əhalisinin 34%-i rus dilində ümumiyyətlə danışa bilmir. Bu tendensiya Azərbaycanı MDB ölkələri arasında rus dilinin ən az istifadə edildiyi ölkə statusunda saxlayır.
Bu dəyişiklik təkcə dil məsələsi deyil, həm də ölkənin mədəni, siyasi və sosial inkişaf trayektoriyasının göstəricisidir. 1990-cı illərin əvvəllərində rus dili hələ də keçmiş Sovet İttifaqının mirası kimi geniş yayılmışdı. Sovet dövründə təhsilin, elmi fəaliyyətin və rəsmi sənədləşmənin əsas dillərindən biri olan rus dili, müstəqillikdən sonra tədricən öz mövqelərini itirməyə başladı. 1992-ci ildə “Azərbaycan Respublikasında Dövlət Dili haqqında” Qanunun qəbul edilməsi və Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi bu prosesin sürətlənməsinə səbəb oldu".
Kamran Əsədov digər MDB ölkələri ilə müqayisə apararaq, Azərbaycanın rus dilindən uzaqlaşmada fərqli yol tutduğunu bildirib: "Məsələn, Qazaxıstanda əhalinin 80%-dən çoxu rus dilində sərbəst danışır. Ukraynada 2014-cü ildən sonra rus dili bilənlərin sayı azalsa da, bu rəqəm hələ də 60%-ə yaxındır. Belarusda rus dili faktiki olaraq ikinci rəsmi dil kimi qalır. Ermənistanda rus dilini bilənlərin səviyyəsi 70%-dən yuxarıdır, lakin orada da son illərdə azalma müşahidə olunur".
Ekspert vurğulayıb ki, Azərbaycan bu tendensiyada Baltikyanı ölkələrə — Estoniya, Latviya və Litvaya daha yaxın durur, çünki həmin ölkələrdə də rus dili bilik səviyyəsi kəskin şəkildə geriləyib.
Buna baxmayaraq, ekspert rus dilinin Azərbaycanda tamamilə sıradan çıxacağını düşünmür:
"Bakı və digər böyük şəhərlərdə rusdilli təhsil müəssisələri və mədəni təsirlər hələ də qalmaqdadır. Eyni zamanda, iqtisadi və siyasi münasibətlərdə rus dili müəyyən rol oynayır. Lakin tendensiya aydındır: Azərbaycan cəmiyyəti tədricən rus dilindən uzaqlaşır. Gələcəkdə bu prosesin davam edib-etməyəcəyi əsasən gənc nəslin dil seçimi, dövlətin dil siyasəti və beynəlxalq trendlərdən asılı olacaq".
Xalidə Gəray
Musavat.com
01 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ