İnsanlara hürriyət, millətlərə istiqlal!

Rubionun Azərbaycan mesajı - ABŞ Xəzərə qayıdır 

Rəsmi Vaşinqton türkmən qazının ölkəmiz vasitəsilə Avropaya nəqlinə dəstək verməyə razıdır, amma...

ABŞ dövlət katibi Marko Rubio Xəzər interkonnektorunu tamamlamağın ABŞ və müttəfiqlərin maraqlarına uyğun olduğunu təsdiqləyib. Dövlət katibi Senatın Xarici Əlaqələr Komitəsində belə deyib.

Senator Stiv Deyns Türkmənistanın Azərbaycana, daha sonra Avropadakı interkonnektora qoşulması üçün 20 mil uzunluğunda (əslində isə söhbət 200 mil, təxminən 300 kilometrlik kəmərdən gedir - red.) qaz kəmərinin kifayət etdiyini deyib. O, Türkmənistanın Rusiya, Çin və İranla əhatə olunduğunu nəzərə alaraq, rəsmi Vaşinqtonun bu ölkədən təbii qazının Azərbaycan vasitəsilə Avropaya nəqli üçün Transxəzər qaz kəmərinin tikintisinin tamamlanması imkanını necə qiymətləndirdiyini və bu interkonnektoru tamamlamağın ABŞ-ın marağında olub-olmadığını Marko Rubiodan soruşub.

“Düşünürəm ki, bəli. Mən mütəxəssis deyiləm, amma şübhəsiz ki, sizin arqumentinizdən, irəli sürdüyünüz yoldan bunun dünyada böyük əhəmiyyət kəsb etdiyini görə bilirəm”, - ABŞ dövlət katibi cavabında bildirib.

Rubionun sözlərinə görə, ABŞ xüsusilə də dünyada enerji təhlükəsizliyi ilə bağlı mövcud vəziyyət kontekstində, bu layihəni müsbət qiymətləndirir. O əlavə edib ki, xarici yardımın azaldılmasına baxmayaraq, bu cür layihələr üçün vəsaitlər səfirliklər və regional ofislər vasitəsilə ayrılmağa davam edir.

Transxəzər qaz kəməri təbii qazın Azərbaycan ərazisi vasitəsilə Avropaya nəqli üçün Xəzərin Azərbaycan və Türkmənistan sahillərini birləşdirəcək. Tengiz (Qazaxıstan) - Türkmənbaşı (Türkmənistan) - Bakı (Azərbaycan) - Tiflis (Gürcüstan) - Ərzurum (Türkiyə) marşrutu ilə ildə 20-30 mlrd. kubmetr təbii qazın ixracı nəzərdə tutulur. Layihənin dəyəri 7,9 mlrd. avro məbləğində qiymətləndirilir.

Prezident İlham Əliyev son olaraq  Şuşada keçirilən “Qlobal Media Forumunda jurnalistlərin suallarını cavablandırarkən dedikləri diqqət çəkir: "Transxəzər qaz boru kəməri ilə əlaqədar artıq bir neçə dəfə mövqeyimi bildirmişəm. Bir daha təkrar etmək istəyirəm ki, bu, Azərbaycanın təşəbbüsü ilə başlayacaq bir layihə deyil. Çünki Azərbaycanın təşəbbüskarı olduğu layihələr həmin o layihələrdir ki, bu, ölkələrin resurslarına əsaslansın".

Ölkə başçısının bu fikirlərindən aydın olur ki, Azərbaycan böyük risklər daşıyan bu kəmərin tikintisinə investisiya yatırmaq istəməsə də, hər halda kəmərin çəkilməsinə və bizim ərazimizdən keçməsinə də qarşı deyil. Deməli, top ABŞ, Avropa və Türkmənistanın sahəsindədir. Bəs onlar necə, bu kəmərin çəkilməsi üçün əllərini ciblərinə salacaqmı?

fikret.jpeg (167 KB)

Fikrət Yusifov 

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov “Yeni Müsavat”a açıqlamasında dünyaca məşhur bir əsərdə bu məsələlərin öz əksini tapdığını bildirdi: “Amerika Birləşmiş Ştatlarının Avrasiya siyasətinin əsas istiqamətləri Birləşmiş Ştatların xarici siyasətinin xaç atası hesab olunan, milli təhlükəsizlik məsələləri üzrə ABŞ prezidentinin məsləhətçisi olmuş Zbiqnev Bzejinskinin "Velikaya şaxmatnaya doska" kitabında tam aydın bir şəkildə öz əksini tapıb. Biz bu gün ABŞ-ın Avrasiya məkanında yürütdüyü siyasətin məhz həmin kitabda göstərilən xətlər üzrə necə dəqiqliklə aparıldığına şahidlik edirik. Bzejinski bu kitabda nə deyir? O deyir ki, əgər ABŞ özünün dünya hegemonu statusunu qoruyub saxlamaq istəyirsə, Avrasiya məkanında heç bir dövlətin və ya dövlətlər qrupunun ondan önə keçməsinə imkan verməməlidir. Yəni Birləşmiş Ştatlar necə olursa-olsun Avrasiya məkanında öz hegemonluğunu təmin etməlidir".

Sabiq nazir onu da qeyd etdi ki, Birləşmiş Ştatların Avrasiya siyasətində əsas yerlərdən biri məhz Azərbaycana və Xəzər hövzəsinə aiddir: “Zbiqnev Bzejinskinin "Velikaya şaxmatnaya doska" kitabında Avrasiya məkanında ABŞ-ın maraq dairəsinə mütləq aid edilməli olan iki ölkənin - Azərbaycanın və Ukraynanın adları və habelə Xəzər dənizi hövzəsinin adı xüsusi çəkilir. 

Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən keçərək, Türkmənistan və Qazaxıstan qazını Avropaya daşıyacaq Transxəzər boru kəmərinin çəkilməsində ABŞ-ın marağı yalnız Avropanı qazla təmin etmək deyil. Birləşmiş Ştatlar bu kəmərdə öz payını almağı və daha çox nəzarət zərfinə sahiblənməyi düşünür. Çünki Avrasiya məkanında hegemonluğun təmin edilməsinin bir şərti də bütün kommunikasiyalara və yollara nəzarət etməkdən keçir. Bütün bunlar yaxın gələcəkdə baş verəcək və ABŞ Cənubi Qafqazda Türkiyə vasitəsilə mövqeyini möhkəmləndirəcəkdir. Birləşmiş Ştatlar burada öz mövqelərini bir də Orta yolda əsas söz sahiblərindən birinə çevrilməklə əldə etmiş olacaqdır. Mən bu səbəbdən dəfələrlə demişəm ki, zamanı yetişəndə Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistandan heç kim heç nə soruşmayacaq, bütün danışıqlar və razılaşmalar bu regionun açar dövləti olan Azərbaycanla ediləcək. Azərbaycan da heç şübhəsiz bu danışıqlarda və razılaşmalarda öz maraqlarını reallaşdırmaq yolunu tutacaqdır. Dünyanın xəritəsində edilən dəyişikliklər sırasında bizim də adımızın düşəcəyinə inanıram..."

elsen mustafayev.jpg (186 KB)

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayevin sözlərinə görə, 2014-cü ildən sonra Rusiyaya qoyulan sanksiyalar nəticədə 2022-ci ildən enerjidaşıyıcılarına da tam tətbiq olundu: “Doğrudur, ABŞ bunun əvəzinə özünün qaz və neft məhsullarını təklif etməklə həm Avropa bazarını əlinə almağı, həm Rusiyanı iqtisadi baxımdan daha da zəiflətməyi, həm də müəyyən bir asılılıq yaratmaqı hədəfləmişdi. Amma bir neçə amil bu planları həyata keçirməyə mane olurdu. Birincisi, ABŞ qazı Rusiya qazından çox baha başa gəlirdi ki, bu da Avropa ölkələrini artıq məsrəflər etməyə məcbur edirdi. İkincisi, sanksiyalardan yan keçməklə Rusiya nefti və qazı əvvəlki zamanlara nisbətdə az olsa da, yenə də Avropaya daxil olurdu, üçüncüsü isə Avropa İttifaqı rəhbərləri özlərinin enerji təhlükəsizliyini təmin etmək məqsədilə alternativ yollar axtarırdılar. Azərbaycan uzun müddətdir ki, bir sıra Aİ ölkələrinin qaz tələbatının müəyyən hissəsini ödəyir və hər il bu sahədə artım baş verir. Amma yenə də Aİ üçün bu azdır. Avropa Komissiyasının Prezidenti Ursula Von der Leyenin keçən il Bakıya səfəri zamanı mətbuata verdiyi açıqlamalarda bu niyyətlərini açıq demişdi. Bu yaxınlarda Kallasın Bakıya səfərində də çox güman ki, bu məsələlər müzakirə olunmuşdu. Proseslərin getdiyi bir zamanda ABŞ-ın bu layihə işində aktivləşməsi də təsadüfi olmamışdı. Türkmən qazının və gələcəkdə Qazaxıstanın enerji məhsullarının Xəzər dənizi üzərindən Azərbaycandan keçməklə Avropaya nəql olunmasının artıq ABŞ-ın strateji maraqları çərcivəsində olduğu aydındır. Bunun arxasında həm də ciddi siyasi maraqlar dayanır. Orta Asiya respublikalarının Rusiyadan tədricən uzaqlaşdırılması yollarından biri kimi bu layihə mühüm əhəmiyyətə malikdir. Həmçinin dünyanın ən zəngin neft ölkələrindən biri kimi tanınan İran məsələsində də bu layihəyə xüsusi önəm verilir. Odur ki, hesab edirəm ki, Marko Rubio görülməli olan işləri tezləşdirməyi təklif etməklə eyni zamanda, Orta Asiya respublikaları ilə də bu sahədə işlərin təcili görülməsini və razılaşmaların əldə edilməsini təklif edib. Həmçinin bəzi Aİ ölkələrinin perspektivdə gizli yollarla, yaxud üçüncü ölkələr vasitəsilə Rusiyadan enerjidaşıyıcılarının almasını maraqsız etməyə hesablayır. Təsadüfi deyil ki, son vaxtlar həm ABŞ, həm də Aİ rəhbərliyi müxtəlif yollarla Rusiyadan qaz və neft məhsulları alanları xəbərdar edərək bunun davam edəcəyi halda ciddi şəkildə cəzalandırmaların olacağını bildiriblər”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 May 2025

24 May 2025

BÜTÜN XƏBƏRLƏR