Onlayn ictimai-siyasi qəzet
“Nikol Paşinyan Ermənistanın Qavar sakinləri ilə son görüşündə Ermənistanın sülh sazişi ilə bağlı fikirlərini açıqlayıb və bütün cəhdlərin ölkəsinin buna nail olmaq üçün edildiyini deyib. Azərbaycan artıq 9-cu dəfədir ki, sülh təkliflərini Ermənistana göndərib, amma buna lazımi qarşılıq almayıb”.
Bunu Musavat.com-a açıqlamasında Türkiyənin Erciyes Universitetinin professoru, politoloq Qafar Çaxmaqlı bildirib. Ekspertin dediyinə görə, sülhlə bağlı prinsiplər əslində, hazırdır, onunla bağlı layihə də hazırlandığı ehtimal olunur: “Amma Ermənistanın bu günə qədər onu gecikdirməsi və bundan manipulyasiya vasitəsi kimi istifadə etməsi yekun razılığa təsir edib. Məncə, əsas maneə Ermənistanın Konstitusiyasının preambula hissəsində yer alan Azərbaycana ərazi iddiaları sayılacaq ifadələrin yer olmasıdır və prezident İlham Əliyev bunu dilə gətirərkən haqlı olduğunu ermənilərin özləri də təsdiq edirlər. Sabah sülh sazişi imzalansa, onun parlamentdə təsdiqi olmalıdır. Parlamentdə təsdiq edilməsi üçün isə həmin sənədin Konstitusiya məhkəməsində ratifikasiya olunması lazımdır. Ermənistan konstitusiyasındakı həmin iddialar yer alırsa, onun təsdiqi mümkün olmayacaq. Azərbaycan Ermənistanı bəribaşdan ehtiyatlandırır”.
Q.Çaxmaqlı əlavə etdi ki, Nikol Paşinyan da daxili siyasətə hesablanmış addımlardan vaz keçə bilmir:
“Konstitusiyanın dəyişdirilməsinə yönəlik hər hansı fikir top-tüfənglə qarşılanır ki, Azərbaycanın tələblərini yerinə yetirməklə məşğuldur. Amma Ermənistana sülh lazımdırsa, bu cəsarəti etməlidir. Hələ biz Ermənistanın dövlət atributlarındakı simvollarla bağlı haqlı fikirləri demirik. Bu ilin sonuna az qalıb. Ermənistan 4 kəndin qaytarılması fonunda ölkədə xaosun bir də Konstitusiya dəyişikliyi və atributların əvəzlənməsi, erkən seçkilər kimi tədbirlərə getsə vaxt uzanacaq. O səbəbdən də sülh təkliflərini uzadır. Artıq heç kəsə sirr deyil ki, Ermənistan vektor dəyişikliyinə getmə təşəbbüsləri və kiminsə dəstəyi ilə hansısa diplomatik üstünlük əldə etməkdən uzaqdır. Rəsmi İrəvan reallıqlarla barışmaq zorundadır”.
ELŞAD,
Musavat.com
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ