İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəqsanə müharibəsi

Azərbaycan hökuməti hörmətli manıslarımızdan (doğrusu, ona da xalq artisti adı verilibmi, xəbərim yoxdur, inşallah, yatıb-çıxsın verərlər) Rəqsanə İsmayılovanı dələduzluqda ittiham edərək türməyə salmışdır. Kiməsə 520 min dollar atmışdır - belə deyilir. Görəsən, uca millətimiz manıslara bu qədər pulu nə üçün etibar edib verir və sonra zibilə düşür? Birinci dəfə deyil axı. Normal bir insan, sadə vətəndaş həmin o dələduzluq qurbanından, sizi inandırım ki, heç 50 qəpik də ala bilməz. Lap yalvar-yapış, özünü öldür, dilən. Xeyri yoxdur. Ancaq manıs görən anda əriyib mum olurlar. Həddən artıq musiqili xalqıq. Məncə, bir çox problemlər buradan qaynaqlanır.

Sözgəlişi, mənim heç yadımdan çıxmaz, həmin bu Rəqsanə xanımın “Bivəfa” mahnısı moda minən vaxtlar idi, küçədə gedirdim, gördüm bir nəfər pəncərələri də açıb, maşında o diringiyə xod verib şəstlə gedir. Elə hazırlaşırdım söyəm, maşın yanımda əyləndi, sürücü başını çıxarıb salam verdi. Əlim üzümdə qaldı, çünki maşını sürən bərkgedən siyasətçilərimizdən biri idi (hətta bir ara partiya sədri də olmuşdu, adını yazmağa ehtiyac və məna görmürəm, hamımız aşağı-yuxarı o gündəyik).

Bax, mən tutaq ki, musiqidən-zaddan heç nə qanmıram, axı insan belə cəfəngiyyata necə qulaq asa bilər: “Əlimi tutandan ürəyimi itirdim, İtirdim, aha, itirdim, Yolunu qəlbimin evinə gətirdim, Gətirdim, aha, gətirdim, Bivəfa, bivəfa” və sairə.

Sözüm odur ki, biz gərək bir az susaq və sükuta qulaq asaq. Başa düşürəm, şad günlərdir, ölkəmiz durmadan inkişaf edir, pomidor istehsalı artmışdır və sairə - ancaq çox mahnıya aludə olmaq bizi haradasa Hindistan xalqlarına oxşada bilər. Bu işə nəsə dövlət səviyyəsində sərəncam verilsə yaxşı olardı. Məsələn, başlanğıc olaraq toyda, restoranda musiqi qadağan edilsə, çox əla olardı. Adam bilmir nə yeyir, nə içir. Pul verib rəsmən qulağımızı zorladırıq. Ehsan işini tarazlayandan sonra musiqiyə əncam çəkilsin. Çətindirsə, rayon-rayon, addım-addım məqsədə yaxınlaşaq.

Qayıdaq Rəqsanənin həbsi mövzusuna. İsmayılova qərardan apelyasiya şikayəti veribdir. Lakin ən gözlənilməz açıqlama onun ərindən gəlibdir. Sitat: “Hər kəs açıqlama gözləyir, artıq mənim susmağım düzgün deyil, bu olanlar qarşısında kişi susmaz! Bu gün bütün açıqlamalar veriləcək. Biz başqa ölkənin vətəndaşı olduğumuz üçün burada ailəmlə birgə əlimizdən heç bir şey gəlmir. Mən Fazil Əmiraslanov bir Rusiya vətəndaşı olaraq Rusiya səfirliyindən kömək istəyirəm, mənim və övladlarımın təhlükəsizliyini təmin etsinlər, ölkəmə geri göndərsinlər”. Sitatın sonu.

Bu, artıq müstəqilliyimizə təhdid və demokratik quruluşa təhlükə yaradır. Şəxsən mən Rəqsanənin ərinin sözlərini Putinin diksiyası ilə dinlədim. Əgər Rusiya Rəqsanənin ərinin müraciətindən sui-istifadə edərək xüsusi hərbi əməliyyat keçirib Rəqsanəni azad etməyə çalışsa, ciddi problemlər yaranar. Tarixdə belə şeylər olubdur. Məsələn, Troya müharibələri necə başlamışdı? Homerin yazdığına görə, Troya çarının oğlu Paris Sparta çarı Menelayın övrəti, gözəllər gözəli Yelenanı qaçırmışdı. (“Qaçan gəlinlər” mövzusu o vaxtlar da var imiş). Bundan sonra Menelay qoşun yığır, qərdeşi Ağaməmnun müəllim də əsgərlərə qoşulur, hücuma keçirlər indiki Türkiyə ərazisinə. Çanaqqala tərəfdə Troyanın xarabalıqları indiyəcən durur. Böyük ehtimalla Troyanı o vaxt türklər işlətsəydi, heç spartalılara məğlub olmazdılar.

Nəsə, mövzumuz bu deyil, sadəcə, narahatlığımı ifadə elədim ki, ölkələrimiz arasında “1-ci Rəqsanə müharibəsi” başlaması ehtimalı gündən-günə artır. Rusiya həmişə belə oxşar, gic bir bəhanə tapıb ora-bura giribdir.

Əslində bütün müharibələr orta hesabla elə bu cür gic bəhanə, axmaq səbəblə başlayır. Məsələn, 1969-cu ildə Salvador futbolda Hondurası udandan sonra 5 günlük müharibə başlamışdı və ... 5 minə yaxın insan tələfatı olmuşdu. Səbəb də məhz Hondurasın “bizi niyə udmusunuz” qəzəbi olmuşdur.

Görün indi biz nə qədər sülhsevər millətik, futbolda daim uduzsaq da heç kimə müharibə elan etmirik.

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR