Onlayn ictimai-siyasi qəzet
Biləcəri qəsəbəsi, Məlikaslanov küçəsində yerləşən “Rahat Market” mağazasında oğurluq hadisəsi olub.
Musavat.com xəbər verir ki, marketin xanım işçilərindən biri digər xanım işçinin mobil telefonunu və qızıl üzüyünü oğurlayıb.
Hər iki xanım mağazada vitrin tərtibatçısı işləyib. 28 yaşlı Rəna (ad şərtidir) xanımlar üçün nəzərdə tutulan paltardəyişə otağında iş yoldaşının çantasından telefonunu, qızıl üzüyünü və pul kisəsini oğurlayıb. Nəticədə iş yoldaşına 1380 manat maddi ziyan vurub.
Zərərçəkmiş xanımın şikayəti ilə polis əməkdaşları oğurluq etmiş şəxsi müəyyənləşdirib.
Rəna əməlini etiraf edib və bildirib ki, maddi ehtiyaclarına görə bu yola əl atıb və əməlindən peşmandır. O, zərərçəkmiş şəxsə dəymiş zərəri ödəyib. Zərərçəkmiş qadın iş yoldaşından şikayətçi olmadığını deyib.
Məhkəmə Rənanın himayəsində azyaşlı övladlarının olmasını, zərərçəkmiş tərəfin şikayətçi olmamasını və ilk dəfə cinayət əməli törətməsini nəzərə alaraq ona yüngül cəza təyin edib. Məhkəmə Rəna barəsində bir il azadlığın məhdudlaşdırılması cəzası təyin edib.
İ.Muradov,
Musavat.com
17 Mart 2025
16 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ