Onlayn ictimai-siyasi qəzet
AXCP sədri Əli Kərimlinin və Milli Şuranın Azərbaycan dövləti üçün ən həssas vaxtda qanunsuz aksiya keçirmək istəyi cəmiyyətin böyük əksəriyyəti tərəfindən pislənir. Ə.Kərimlinin mitinqlə bağlı iki gün əvvəlki müraciətində Avropa Birliyinə inteqrasiya haqda daha çox danışması diqqət çəkib. Onun dediyindən belə çıxıb ki, Azərbaycanın hər mənada gələcəyi məhz Avropaya inteqrasiyadan asılıdır, əks təqdirdə, “ölkə batacaq”, “vətəndaşlar acından öləcək...”
AXCP sədri iddia edib ki, iqtidar avrointeqrasiyada maraqlı deyil, amma bu, Azərbaycanın “nicat yoludur”. Ə.Kərimli millətin sosial durumundan danışıb və çıxış yolunu əsasən Avropa Birliyi ilə vizasız əlaqədə görüb. Guya Avropa Birliyinə inteqrasiya “milləti ağ günə çıxaracaq”, əhali gedib o ölkələrdə işləyib pul qazanacaq. Bu, Ukraynanı bədbəxt edən növbəti “Avromeydan xülyası”na bənzəyir. Anlaşılan odur ki, radikallara da mitinq sifarişini onlar veriblər...
Yada salaq ki, Bakı Şəhər İcra Hakimiyyəti radikalların aprelin 21-nə təyin etdiyi mitinqə yer ayırmayıb. Onlar Bakı Şəhər İcra Hakimiyyətinə müraciətində mitinq üçün bu yerlərdən birini istəmişdi: metronun “28 May” stansiyasının qarşısındakı meydan, “Nərimanov” stansiyasının qarşısındakı meydan, “İnşaatçılar” stansiyasının yaxınlığındakı stadion. Təşkilatçılara aprelin 17-də göndərilmiş cavab məktubunda qeyd olunub ki, “İnşaatçılar” stansiyasının yaxınlığındakı stadionda təmir işləri gedir, digər iki meydan isə nəqliyyatın sıx hərəkət etdiyi ərazilərdir.
Elşən Musayev
Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev dedi ki, mitinq qərarı xaricdəki antimilli qüvvələrin birbaşa tapşırığı ilə verilib və Əli Kərimli son açıqlamasında ciddi ipucu verib: “Kimi tərifləyir, Əli Kərimli? Avropanı. Yaxşı bəs Avropada əsas təlatüm, qarşıdurma provokatoru kimdir? Əlbəttə ki, Fransa və onun kimi düşünənlər. Ukraynanın hazırkı durumuna baxın. Ermənistan da bu gün şövqlə, həvəslə Avropaya doğru qaçır. Bir azdan onların da aqibətini görəcəyik. Və çox maraqlıdır: Kərimli kimi avantüristlər indi nə təklif edir, görəsən? Bizdəmi Ukrayna olaq? Bizdəmi məramsız, hədəfsiz, hərdəmxəyal, sistemsiz Ermənistanın yolunu gedək?
Kimlə edəcəksən həmin mitinqi? 3 tək, 4 cüt adamınlamı? Cəmildən, Fuaddan, Nurəddindən ibarət elektoratınlamı? Sosial şəbəkələrə dövr etdiyin trollarlamı? Burada əsas pul söhbətidir. Xaricdən radikallara ötürülən mesaj odur ki, sizlərə maliyyə yalnız və yalnız mitinq, aksiya keçirəcəyiniz halda veriləcək. Ona görə Əli Kərimli siyasi əsməcəyə düşüb, özünə əl qatıb, həmin pulu təcili formada nağdlaşdırmaq qərarını verib. Və yanındakı 3-5 qolçomaq da düşüb bunun ardına və feysbukun canına ki, bəs mitinq keçiririk... Tam məsuliyyətimlə deyirəm: Əli Kərimli erməni lobbisi də daxil, Azərbaycanı hədəf alan bütün xətlərin, şəbəkələrin, qüvvələrin “kukla”sıdır, əmr quludur, nökəridir və bir gün tarix qarşısında da, qanun qarşısında da mütləq cavab verməli olacaqlar".
Bəhruz Məhərrəmov
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov qeyd etdi ki, Qərb Cənubi Qafqazda hökmranlığı qarşısında əsas əngəl kimi Azərbaycanın qüdrətli və tam müstəqil dövlətini görür: “Nəticə etibarilə regionda Azərbaycanla hesablaşmağa məcbur qalan Qərb özünə bağlı proksi qüvvələri işə salaraq ölkəmiz əleyhinə kompleks hücumlar başladır. Təsadüfi deyil ki, xaricdən müxtəlif səviyyələrdə korrupsiyalaşmış parlamentarilərin, ayrı-ayrı beynəlxalq media qurumları və "Freedom House"un timsalında beynəlxalq QHT-lərin anti-Azərbaycan hücumlarının aktivləşdiyinin şahidi olmaqdayıq. Qərb başa düşür ki, kənardan Azərbaycanın yaratdığı reallığı dəyişə bilməyəcək, ona görə də çarəni ölkə daxilində antimilli ünsürləri prosesə cəlb etməklə cəmiyyətdə qarşıdurma yaratmaq cəhdində görür. Xeyli müddətdir ki, qınına çəkilmiş Əli Kərimov və ona bənzər ünsürlər də məhz Qərbin “səlib yürüşü”nün başlaması ilə yenidən fəallaşmaqdadır. İndiki həssas məqamda, heç bir zərurət olmadan mitinq qərarı verməklə əslində antimilli qruplaşma özünü ifşa etmiş oldu və bir daha göstərdi ki, Milli Şura adlanan təsisat milli heysiyyətini itirmiş adamların cəlb olunduğu beşinci kolondur. Bütün fəaliyyətləri ixtilaf üzərində qurulmuş və varlıqlarını Qərb qrantları hesabına sürdürən bu radikallar bir daha göstərməkdədirlər ki, onlar milli maraqlara zidd istənilən tapşırığı yerinə yetirməyə, anti-Azərbaycan dairələr üçün əl buyruqçusu rolunu oynamağa razıdırlar. Əlbəttə, qalib xalqın Kərimli kimi artıq çoxdan tarixin zibilliyində olan, başdan ayağa məğlubiyyətdən ibarət özfəaliyyət siyasətçinin çağırışlarının önəmi yoxdur. Yəni Kərimlinin, onu maliyyələşdirənlərin Azərbaycanda meydan hərəkatı, yaxud kütləvi iğtişaş təşkil etməyə nə gücü, nə də potensialı yoxdur və antimilli şuranın bu avantürası da fiaskoya məhkumdur".
Sona Əliyeva
Siyasi təhlilçi Sona Əliyeva radikal müxalifətin Qərbdən tapşırıq aldığını qeyd etdi: “AXCP və Milli Şura hər zaman Qərbdəki bəzi qarapərdəli dairələrin Azərbaycandakı "dayaq nöqtəsi" funksiyası rolunu oynayıb. Dünən də belə idi, indi də belədir. Çünki bu siyasi dərnəklərin əsas maliyyə donorluğunu bir sıra Qərb institutları öz üzərinə götürüb. Hətta AXCP namizədlərinin sonuncu prezident seçkisini boykot etməsi əmri də Qərbdən gəlmişdi. Əvvəlcə onlar ABŞ səfirliyinin keçirdiyi gizli görüşə qatıldılar, daha sonra seçkini boykot etmək əmri aldılar. Hətta Azərbaycan mediasında ABŞ-da təhsil alan tələbələrlə görüşün detalları işıqlandırılınca Birləşmiş Ştatların ölkəmizdəki elçiliyi geri addım atmışdı. Qərb Gürcüstan və Ermənistandan sonra Azərbaycanda da “Avromeydan hazırlığı”na start verib. Amma bu hazırlıq əbəsdir. Çünki Milli Şuranın, bütün seçkilərə uduzmaq ehtimalı yüksək olduğu üçün qatılmamaq qərarı alan AXCP-nin ölkədə heç bir siyasi dayağı yoxdur. Çünki hazırkı ölkə başçısının xalq arasındakı reytinqi ən pik həddədir. Xalq Azərbaycanın ərazi bütövlüyünü 30 ildən sonra bərpa edən, rus qoşunlarını ölkəmizdən çıxaran, Xankəndinə bayraq sancan müzəffər komandanın arxasında möhkəm dayanıb. Düşünürəm ki, Qərbin yeni “avromeydan” hazırlığı da ölkəmizin uğurlarının qarşısına qalın bir xətt çəkmək, Türk Birliyinin güclənməsinin qarşısını almaqdır. Milli Şuranın və Azərbaycan Xalq Cəbhəsi Partiyasının da sonuncu addımları, yəni mitinq qərarı məhz Qərbdən gələn yeni “ev tapşırığı”nın anonsudur. Amma Qərbdəki dairələr yaxşı bilirlər ki, bu dəfə də alınmayacaq. Çünki inqilab üçün Azərbaycanda hər hansı münbit şərait yoxdur. Xalq-iqtidar birliyi ən yüksək səviyyədədir. Dəfələrlə seçkiləri uduzan və ya qatılmaqdan imtina edən siyasi dərnəklər bu dəfə də məğlubiyyətə məhkumdurlar. Amma “mən də varam” deyərək üç - beş nəfərlə icazəsiz piket keçirərək yenə də Qərbdəki havadarlarından böyük pullar qoparmağa çalışacaqlar. Bu da onların dolanışıq yoludur".
Cavanşir ABBASLI
“Yeni Müsavat”
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ