İnsanlara hürriyət, millətlərə istiqlal!

Qurban Qurbanovun gözə gələn köynəyi

Məşhurlar geyim-keçimi haradan alır?

Avqustun 28-də UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Dinamo Zaqreb”lə görüşdə məğlub olan “Qarabağ” futbol komandasının baş məşqçisi Qurban Qurbanovun geyindiyi köynəyin qiyməti maraq və təəccüb yaradıb. Təcrübəli məşqçinin köynəyinin dəyərinin 1835 manat olduğu deyilir.

Əlbəttə, hər kəs maddi imkanına uyğun öz həyatını qurur, geyim, avtomobil və s. seçir. O ayrı məsələ ki, bu imkanı halal və qanuni qaynağa əsaslanır, yoxsa yox?

Musavat.com mövzu ilə bağlı siyasətçilərin fikrini öyrənib. Görək onlar hansı brenddən geyim almağa üstünlük verirlər.

Milli Məclisin 6-cı çağırış deputatı olmuş Aqil Abbas deyir ki, Qurban Qurbanov Azərbaycan xalqına bütün sevincləri yaşadıb. Onu hədəfə almaq düzgün deyil: “Qarabağ Avropa Liqasına düşüb, yəqin ki, orada öz məharətini göstərəcək. İndi Azərbaycanda hər kəs futbol professoru çıxıb. Hər kəs Qurban Qurbanova məsləhət verir. Məsləhətinizi özünüzə saxlayın, ya da gedin özünüzə bir don tikdirin.  Qurban Qurbanov nəyi nə vaxt etməyi gözəl bilir. Bu futboldur. Qarabağ Xorvatiya kimi dünyanın futbol ölkəsi ilə oynayırdı. Futbolda uda da, uduza da bilərsən. Elə bir komanda yoxdur ki, haçansa uduzmasın. Həmişə qalib gəlmək mümkün deyil. Qarabağa da, Qurban Qurbanova da inanıram. "Qarabağ"ın atları öz qabiliyyətini göstərəcək və rəqibi tapdalayacaq. 

Qurban Qurbanovun “Dinamo” ilə oyunda geyindiyi köynəyin qiyməti şok etdi –  FOTO | KONKRET

Qurban Qurbanovun köynəyinin qiymətini müzakirə etmək mənasız söhbətdir. Qurban əyninə nə istəyir geyinə bilər. O geyindiyi “Adidas” formasıdır. Həmin formadan mənim də var. Qurbanın köynəyinin qiymətini müzakirə edənlər axmaq və ağılsız adamlardır. Qurban Qurbanov hamıdan gözəl görünməlidir. Biz yetim kimi geyinməliyik? Kasıb görünməliyik? Qurban Qurbanov Avropada az qala futbol dərsi keçir. Allah Qurban Qurbanova və komandasına ömür versin.

Mən isə əlimə nə keçir onu geyinirəm. Brend fikirləşən adam deyiləm. Nə geyinməyim məni narahat etmir. Əynimə nə gəldi onu geyinirəm".

Diaspora.tv - Biz bu istiqamətdə ciddi düşünməliyik - Ceyhun Məmmədov

Ceyhun Məmmədov

Milli Məclisin 6-cı çağırış deputatı olmuş Ceyhun Məmmədov deyir ki, insanların yanaşması müxtəlifdir. Bu məsələdən danışarkən hər kəs öz geyiminə cavabdeh olmalıdır: "Mən şəxsən bahalı geyimlərin tərəfdarı deyiləm. Elə firmalar var ki, orada satılan geyimlərin qiyməti həddindən artıq bahalıdır. Dövlət məmurlarının bahalı geyinməsinin tərəfdarı deyiləm, çünki cəmiyyətin gözü məmurlardadır. İmkanlı insanlarla yanaşı, imkansız insanlar da var. Vətəndaş görəndə ki, məmur bir neçə minlik köynək geyinir, o qədər də xoş görünmür. Fərqli reaksiya və münasibətləri ortaya qoyacaq.  Ona görə də mən çalışıram ki, Türkiyənin istehsal etdiyi orta qiymətli məhsulları alım. Bahalı məhsulları isə endirimli qiymətlərlə alıram.

Bizim cəmiyyət belə məsələlərin müzakirəsinə çox meyillidir. Bu cür məsələlərdə ehtiyatlı olmaq lazımdır. Klassik kostyumları 300-400 civarında olur. Ağ köynəklərə 50-100 manat verirəm".

Naqif Həmzəyev: Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır,  tariximiz məhv olur

Naqif Həmzəyev 

Siyasətçi Naqif Həmzəyev deyir ki, bahalı geyimləri sevmir: “Əsas odur ki, keyfiyyətli olsun və əyinə rahat otursun. Hər insanın öz seçimi var.  İnsanın gəliri varsa, bahalı da geyinə bilər. Qurban Qurbanova hücuma keçmək lazım deyil. Həmişə "Qarabağ"ın yanındayıq.

Əsas odur ki, səliqəli geyinəsən.  Elə insanlar var ki, bahalı geyinir, ancaq qırış və ləkəli olur. Mən geyimlərimi daha çox Gəncədən alıram. Burada paltarlar ucuz olur. Bakıda isə bahalıqdır".

Tural Abbaslı, xanımı və qayınatası namizəd oldu

 Tural Abbaslı

Ağ Partiyanın sədri Tural Abbaslı deyir ki, brend paltar almır: “Orta statistik azərbaycanlılar kimi geyinirəm. Əsas odur ki, əynimə yaraşsın.  Xüsusi paltar aldığım mağaza yoxdur. Bahalı geyimim olmayıb. Kimsə halal pul qazanırsa, lap 15 minlik geyim alsın.

Qurban Qurbanovun bahalı geyinməsinə etirazımız yoxdur. Şəxsi işidir. Öz puludur, hara istəyirsə xərcləsin".

Qeyd edək ki, Musavat.com-un əməkdaşı “Emporium” brend mağazasına da baş çəkib. Bəlli olur ki, klassik yaxalı qısaqol polo 175 manata, monogram printli uzunqol polo 1065 manata satılır. Düz biçimli cins şalvarlar isə 1195 manata və daha baha qiymətə satılır.

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR