Onlayn ictimai-siyasi qəzet
Qurban Məmmədov Baş Prokurorluğunun İstintaq idarəsinə çağırılıb.
Musavat.com-un məlumatına görə, bu barədə qanunvericiliyə uyğun olaraq İTV məlumat yayıb.
Məlumata görə, Qurban Məmmədov 16 aprel 2025-ci il tarixdə, saat 10:00-da Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin inzibati binasına dəvət olunub.
Qurban Məmmədov Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2, 214-2, 12.1, 34.2, 281.2, 284.2-ci maddələri ilə təqsirləndirilir.
O, 19 aprel 2019-cu il, 8 iyun 2019-cu il, 15 iyun 2019-cu il və 7 avqust 2019-cu il tarixlərdə qabaqcadan əlbir olan bir qrup şəxs halında internet informasiya resurslarında Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, habelə hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal şəkildə tabe olmamaqla və zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlar etməyə qəsdən açıq çağırışlar edib.
O, həmçinin, 26 mart 2019-cu il, 29 iyun 2019-cu il, 18 oktyabr 2019-cu il, 27 oktyabr 2019-cu il tarixlərdə internet informasiya resurslarında ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak zərərinin vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsinə şərait yaradan hərəkətlər etməyə, yəni terrorçuluğa, habelə əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi ixtişaşlara açıq çağırışlar edib.
Qurban Məmmədovun 11 iyul 2023-cü il tarixdə "AzerFreedom TV" internet platformasında işinə görə ona məlum olan dövlət sirri təşkil edən məlumatları ağır nəticələrə səbəb olaraq dövlətə xəyanət əlamətləri olmadan yaymasına əsaslı şübhələr müəyyən edilib.
Buna görə də Qurban Məmmədov Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 və 12.1, 34.2, 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla istintaqdan qaçıb gizləndiyi üçün həmin tarixli qərarla barəsində axtarış elan edilib. Onun barəsində Nəsimi Rayon Məhkəməsinin 08.09.2020-cu il tarixli qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bundan başqa, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində ibtidai istintaqı aparılmış cinayət işi üzrə 07.06.2019-cu il tarixli qərarla Məmmədov Qurban Cəlal oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 220.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla istintaqdan qaçıb gizləndiyi üçün həmin tarixli qərarla barəsində axtarış elan edilib. Onun barəsində Səbail Rayon Məhkəməsinin 14.06.2019-cu il tarixli qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib, 20.12.2023-cü il tarixdə ona Cinayət Məcəlləsinin 214-2, 220.2 və 284.2-ci maddələri ilə yeni məzmunda ittihamın elan edilməsi haqqında qərar qəbul edilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində ibtidai istintaqı aparılan cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün 13.03.2025-ci il tarixdə Baş Prokurorluğun İstintaq idarəsinə göndərilərək həmin idarədə ibtidai istintaqı aparılan digər cinayət işinə birləşdirilib, vahid icraatda ibtidai istintaq davam etdirilir.
İş üzrə toplanmış sübutların məcmusuna əsasən, 13 mart 2025-ci il tarixdə Məmmədov Qurban Cəlal oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2, 214-2, 12.1, 34.2, 281.2, 284.2-ci maddələri ilə yenidən ittiham elan edilməsi haqqında qərar qəbul edilib. Lakin o, Azərbaycan Respublikası hüdudlarından kənarda olduğundan ona ittiham elan etmək mümkün olmayıb.
Baş Prokurorluq Qurban Məmmədova çağırışa gəlmədiyi halda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada barəsində qiyabi icraat açıla biləcəyi barədə xəbərdarlıq edib. O da qeyd edilib ki, bu, onun barəsində qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi ilə nəticələnə bilər.
17 Mart 2025
16 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ