Onlayn ictimai-siyasi qəzet
Azərbaycan dövlətinə və xalqına qarşı ağır cinayətlərdə ittiham olunan bir qrup şəxsin mühakiməsi davam edir. Bakı Hərbi Məhkəməsində martın 10-da keçirilmiş prosesdən dərc olunmuş xəbərlərdə qeyd olunur ki, təqsirləndirilən şəxs Arkadi Qukasyan suallara cavabında “Sovet Ermənistanı” qəzetində redaktor müavini vəzifəsində çalışdığını deyib: “Mən Qarabağ münaqişəsinə aid mövzularda yazırdım. Qəzet 1991-ci ilədək çıxdı. O vaxtdan sonra qəzet nəşr olunmayıb”.
Medianews.az bildirir ki, əslində Arkadi Qukasyan Ermənistanda yox, Azərbaycanda çıxan qəzetdə işləyib. “Sovet Ermənistanı”, adından da göründüyü kimi, Ermənistanda dərc edilib. Bu qəzet erməni, rus və Azərbaycan dillərində çıxıb (“Sovetakan Hayastan”, “Sovetskaya Armeniya” və “Sovet Ermənistanı”). Qukasyan həmin qəzetdə işləməyib.
Arkadi Qukasyan sovet dövründə Azərbaycanın Xankəndi şəhərində erməni və rus dillərində çıxan, o zaman Dağlıq Qarabağ Muxtar Vilayətinin rəsmi nəşri sayılan qəzetin (“Sovetakan Karabax” və “Sovetski Karabax”) əməkdaşı olub. 1980-ci ildən müxbir, 1981-ci ildən redaktor müavini postunu tutub.
Çox güman, Arkadi Qukasyanın Bakı Hərbi Məhkəməsində verdiyi ifadənin həmin məqamı yanlış tərcümə olunub.
Arkadi Qukasyan 1957-ci ildə doğulub. Qarabağlıdır. Azərbaycana qarşı işğalçı hərəkatın liderlərindən biridir. Qarabağdakı separatçı rejimin “parlamentinin” üzvü, “dövlət müdafiə komitəsi”nin üzvü, “xarici işlər naziri”, “prezidenti” olub. 2009-2018-ci illərdə Ermənistan prezidentinin xüsusi tapşırıqlar üzrə səfiri kimi fəaliyyət göstərib. O, 2023-cü il oktyabrın 3-də tutulub.
12 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ