İnsanlara hürriyət, millətlərə istiqlal!

Qüdrət Həsənquliyevdən önəmli təkliflər

Milli Məclisdəki büdcə müzakirələrində çıxış edən deputat Qüdrət Həsənquliyev çıxışına COP-29-un yüksək səviyyədə təşkilinə və əldə olunan nəticələrə görə hökumət üzvlərinə, xidməti olan hər kəsə təşəkkür etməklə başlayıb.

Musavat.com-un xəbərinə görə, daha sonra deputat bildirib ki, büdcə zərfi ilə tanışlıq iqtisadiyyatda islahatların genişləndirilməsinə böyük ehtiyac olduğunu göstərir:

“İslahatların uğurlu aparılmasını təmin edəcək güclü xarizmatik Prezidentin, Birinci vitse-prezidentin, qəbul olunacaq qərarların uğurla həyata keçirilməsini təmin edəcək baş nazirin olmasını nəzərə alaraq və islahatlara inanaraq, iqtidar nümayəndələrinin fərqli fikrə hörmət və dözümlə yanaşacağı ümidi ilə bəzi məsələlərə münasibət bildirmək istəyirəm. Hər il büdcənin gəlir və xərcləri artır, iqtisadiyyatımızın həcmi böyüyür. Bu, müsbət tendensiyadır, amma ÜDM-in real ifadədə 3.5%-lik artımı  heç birimizi qane etməməlidir. Çünki qarşımızda həllini gözləyən iri maliyyə tutumlu işlər, o cümlədən əhalinin həyat səviyyəsinin yüksəldilməsinə yönələn ciddi qərarların qəbuluna böyük ehtiyac var”.

Qüdrət Həsənquliyev qeyd edib ki, “Milli təhlükəsizlik haqqında” qanuna görə, milli təhlükəsizliyimizin təmin olunmasının 6 əsas prinsipindən birincisi Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına riayət olunmasıdır:

“Müdafiə və təhlükəsizlik, hüquq-mühafizə orqanları əməkdaşlarına, hakimlərə, dövlət qulluqçularına onların layiqli həyatını təmin edəcək qədər əmək haqqı vermədən korrupsiyaya qarşı effektli mübarizəni təşkil etmək, qanunların aliliyini və mülkiyyət toxunulmazlığını təmin etmək və beləliklə də əlverişli biznes mühiti yaratmaq qarşımızda çətin vəzifə olaraq qalacaq. İnkişafımızın qarşısında duran əsas problemlərdən biri olan bürokratik dövlət aparatı kiçildilməli, yəni optimallaşdırılmalı və bunun hesabına digərlərinin əmək haqqı artırılmalıdır.

Birinci oxunuşda bəzi həmkarlarım bizi Qərbi Avropa ölkələri ilə müqayisə etməyi təklif edirdi. 2023-cü ildə iqtisadiyyatın əsas göstəricisi olan adambaşına düşən ÜDM-in həcmi ( 12 114  manat,7155 ABŞ dolları ) olub, bu, Qərbi Avropa ölkələri ilə  müqayisədə  dəfələrlə azdır. İqtisadiyyata investisiya qoyuluşu keçən illə müqayisədə 3.9 % azalıb, “Milli təhlükəsizlik haqqında” qanuna görə, iqtisadiyyata investisiya qoyuluşunun azalması iqtisadi təhlükəsizliyə əsas təhdid hesab olunur. 2016-cı ildə Prezident tərəfindən təsdiq olunmuş iqtisadiyyatın inkişafına dair Strateji Yol Xəritəsinə uyğun olaraq üzən məzənnəyə keçməli, böyük özəlləşdirməyə getməliyik”.

Deputat bildirib ki, hər il olduğu kimi, həmkarları hansısa işlərin görülməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün büdcədən əlavə vəsait ayrılmasını təklif edir:

“Amma sual yaranır, hardan kəsib hara yönəldək? Bütün istiqamətlər üzrə xərcləri artırmağa ehtiyac var. Ona görə müzakirələr daha çox büdcə gəlirlərinin artırılmasına dair təkliflər verməkdən ibarət olmalıdır. Diqqətinizi bəzi rəqəmlərə cəlb etmək istəyirəm. Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər 612 milyon 230 min manat proqnozlaşdırılır. Onun 462 milyonunu Dövlət Neft Şirkəti ödəyəcək. 150 milyon 230 min manatını isə yerdə qalan digər müəssisələr, onların sayı və dövlət müəssiələrinin birlikdə ödəyəcəkləri vergilərin həcmi barədə də məlumat yoxdur. Hesab edirəm şəffaflıq təmin edilsə, bu istiqamədə büdcəyə daha çox vəsait cəlb edə bilərik”.

Qüdrət Həsənquliyevin sözlərinə görə, təəssüf ki, büdcə sənədlərində neft-qaz və qeyri-neft-qaz sektorları, hüquqi və fiziki şəxslər üzrə vergilərə dair təsnifat aparılsa da, qeyri-neft-qaz sektoru üzrə büdcə daxilolmalarının neçə faizinin özəl, neçə faizinin dövlət müəssisələri tərəfindən ödəniləcəyi barədə məlumatlar aydın görsənmir:

“Hesablama Palataının rəyində də deyildiyi kimi, investisiya fəaliyyətini xarakteriza edən məlumatlar yetərli deyil. 2024-cü ilin birinci yarısında 45 409 yeni iş yeri açılıb, bunun 95.1 %-i qeyri-dövlət mülkiyyətinin payına düşür. İqtisadiyyatın əsas sahələri dövlətin nəzrətindən çıxarılmalıdır. Bu, həm də Konstitusiyanın tələbidir. Konstitusiyanın 59-cu maddəsinə görə, “dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir”.

Real həyatda isə dövlət iqtisadiyyata total nəzarəti həyata keçirir. Konstitusiyanın 15-ci maddəsinə uyğun olaraq dövlət bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradıb azad sahibkarlığa təminat verməsə, indikindən artıq nəticələr əldə etmək mümkün deyil. Yerli kommersiya banklarına vətəndaşların inamını bərpa etmək və sahibkarların ucuz kreditlərə çıxışını təmin etmək üçün Dövlət Neft Fondunun vəsaitlərinin bir hissəsi ölkəyə gətirilməlidir. Fiziki və hüquqi şəxslərdən öz pullarını geri qaytarmaq tələb olunursa, dövlət özü bunu niyə etmir?”

Deputat qeyd edib ki, neft gəlirləri, xarici ticarət dövriyyəsi, qeyri-neft-qaz ixracı, iqtisadiyyata investisiya qoyuluşu azalır, idxal və dövlət borcları, borclara görə büdcədən ödəmələr isə artır:

“Özəlləşdirmənin təşkili və mülkiyyət hüquqlarının qorunması üçün büdcədən 27.5 milyon manat vəsait ayrılsa da, neçə müəssisənin özəlləşdiriləcəyi və burdan büdcəyə nə qədər vəsait daxil olacağı göstərilmir”.

Qüdrət Həsənquliyev sonda bir neçə təklifini irəli sürüb:

“Küçələrdə təmizlik işləri ilə məşğul olanlar 450 manat maaş alır, onlar hər dəfə mənimlə görüşdə bu məsələni hökumətin diqqətinə çatdırmağı xahiş edirlər. Vəziyyəti dəyişmək üçün bu sahəni təcili özəlləşdirməyi təklif edirəm. Akademiyada elmlər doktoru 764, fəlsəfə doktoru 647, elmi işçi 445, kiçik elmi işçi 415 manat maaş alır. Onların əmək haqlarının artıırılmasına ciddi ehtiyac var. Dövlət Statistika Komitəsinin yaydığı rəqəmlərə görə, keçən il dünyasını dəyişən kişiərin 47.5%-i pensiya yaşına, 65 yaşa çatmayıb. Bu, hamımızı düşündürməli və narahat etməlidir.

Güclü yağış yağanda su basan “gecəqondular” tikinti şirkətlərinə verilməli, müasir kanalizasiya sisteminin çəkilməsi onlara tapşırılmalıdır. Eynilə zirzəmiləri kanalizasiya suları ilə dolmuş, həyətlərinin abadlaşdırılmasına ciddi ehtiyac duyulan 9 mərtəbəli binalar da. Xarici investorlar cəlb edilməklə neftayırma zavodu Bakının mərkəzindən köçürülməlidir. Ölkədə dövlət müəssiələrinin və xidmət sahələrinin özəlləşdirilməsinə gedilməli, qarşıdakı illərdə neft gəlirlərinin azalacağını da nəzərə alaraq vaxt itirmədən Ümumdünya Ticarət Təşkilatına üzv olmalı, tam olaraq azad bazar iqtisadiyyatına keçməliyik. Təkliflərimin öyrəniləcəyi və nəzərə alınacağı ümidi ilə görülən işlər görə hökumətə təşəkkür edir, islahatların həyata keçirilməsində uğurlar arzu edirəm, Qarabağın bərpası və yenidən qurulması istiqamətində görülən işlərə görə hökumətə təşəkkür edirəm, büdcə layihəsinə səs verəcəm”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR