Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, iqtisadçı Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə tutularaq ölkəyə gətirilən Fazil Qasımov və eyni cinayətə görə onunla mühakimə edilən Anar Əliyevə hökm oxunub.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fazil Qasımov 9 il, Anar Əliyev isə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Onlar Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar. Əməliyyat zamanı 210 ədəd saxta 100 dollarlıq əskinaslar ələ keçirilib. Həmin şəxslər Binəqədinin Rəsulzadə qəsəbəsindəki fərdi yaşayış evində müəyyən edilərək saxlanılıblar.
Adı çəkilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan edilib.
Anar Əliyevə qarşı isə qanunsuz olaraq odlu silah saxlama maddəsi ilə də ittiham verilib.
Qeyd edək ki, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu FETÖ ilə əlaqəli olmaqda ittiham olunub. Qasımovla birgə ittiham olunan Qubad İbadoğlu ibtidai istintaq dövründə sərbəst buraxılıb. Onun işi üzrə istintaq davam edir.
Musavat.com Anar Əliyevin daha əvvəlki cinayət əməli ilə bağlı bəzi təfərrüatlar əldə edib. Məlum olub ki, Anar Əliyev barəsində 2019-cu ildə də hökm çıxarılıb. O, dələduzluqda ittiham edilib.
Anar Əliyev özünü nazir müavininin kirvəsi, həmçinin hüquq-mühafizə orqanlarının vəzifəli əməkdaşı kimi təqdim edərək işə adam düzəltmək adı ilə pul alıb. Onun barəsində şərti cəza çıxarılıb.
İ.Muradov
Musavat.com
18 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ