İnsanlara hürriyət, millətlərə istiqlal!

Qlobal iqtisadiyyat sınaq meydanına çevrilir: Bu ölkələr batsa...

Oyuncağa və təzyiq alətinə çevrilmiş qlobal iqtisadiyyat indi də yavaş-yavaş yeni sınaqların tətbiqi ilə imtahana çəkilməkdədir.

Musavat.com xəbər verir ki, iqtisadçı-ekspert Elman Sadıqov bu qənaətdədir.

elman-sadiqov1200.jpg (127 KB)

Onun sözlərinəö görə, Yeni Düzənə gedən yolda yeni sınaqlar adətən pilot layihə kimi kiçik və ya orta ölçülü ölkələrdən biri və ya bir neçəsində və ya bir regionda tətbiq edilər:

“İndi isə bunu birbaşa ABŞ-ın özü digər iqtisadi güc mərkəzlərinə qarşı tətbiq edir. Risk buradadır ki, istənilən ölkə və ya ölkələr batsa, ABŞ onları xilas edə bilər, ABŞ, Çin, Avropa İttifaqı batsa kim xilas edəcək sualı cavabsızdır.

Bu sınaq və risklər nədən ibarətdir və davamlı olması nə dərəcədə mümkündür? Əvvəla, onu qeyd edək ki, Tramp kifayət qədər böyük gücə malik olan bir siyasətçi olduğunu ona qarşı olan qüvvələrin də güclü olmasına rəğmən yenidən hakimiyyətə qayıtmaqla sübut etdi. Danılmaz faktdır ki, Tramp həm də güclü biznesmendir.

Lakin güclü biznesmen olan Tramp iqtisadçı deyil. Biznes və iqtisadçı təfəkkürləri tamamilə fərqlidir. Biznesmen yalnız özünü və öz mənafeyini düşünür: 5 manata aldım, 8 manata satdım, 3 manat qazanc. Ondan mal alan, ona mal satan digər iş adamı uduzdu, batdı biznesmenin vecinə deyil. Amma iqtisadçı hər bir məsələni nəzərə alır. Bilir ki, hər bir qərar ikibaşlı ağaca bənzəyir. Hər bir qərarın müsbət və mənfi nəticələri olur. O elə qərar qəbul edir ki, həmin qərar hər bir tərəfin mənafeyinə uyğun olsun, qərarın nəticələrinin müsbət tərəfləri mənfi tərəflərindən çox olsun”.

İqtisadçıya görə, tariflərin müsbət və mənfi tərəfləri var: “Mənfi tərəfləri iqtisadi dəyər itkisi yaradır, inflyasiyaya səbəb olur, azad ticarəti zəiflədir. Müsbət tərəfləri, ölkədə daxili istehsalı və xidməti, iş adamlarını qoruyur, istehsalı, məşğulluğu idxalın təzyiqi altında əzilməyə qoymur. Əsas hədəfi qeyd etdiyim müsbət tərəflər olsa da, sonralar tariflər təzyiq, embarqo, ölkələrin büdcələrinə daha çox vəsait daxil olmasını təmin etmək vasitəsinə çevrildi. Getdikcə tariflər məhz bu istiqamətdə tətbiq edilməklə bir çox ölkələrin iqtisadiyyatlarını tələyə saldı. Gömrük xarici ticarətin tərkib hissəsindən fiskal siyasətin tərkib hissəsinə çevrildi. Yəni qısamüddətli mənfəət (büdcə daxilolmaları) uzunmüddətli hədəflərə (uzunmüddətli investisiya qoyuluşları, daxili istehsalın güclənməsi, idxalın əvəzlənməsi, ixracın genişlənməsi və sair) qurban verildi. Ümumdünya Ticarət Təşkilatı quruldu, lakin bu təşkilat da qeyd etdiyim mənfi meylləri zəiflədə bilmədi. Bu konteksdə yanaşsaq, son 80 ildə ABŞ-ı ABŞ edən məhz xarici ticarət siyasəti oldu. Dolları rezerv valyutaya çevirən ABŞ dünya ölkələrinə dolları yaymaq, öz müttəfiq və ticarət tərəfdaşlarına valyuta ehtiyatlarının formalaşmasına imkan vermək üçün həm də dollar ixrac etməli idi. Yəni mal, məhsul alıb dollar vermək. Bunun ən optimal yolu isə əsas ticarət tərəfdaşları, xüsusilə strateji tərəfdaşlarla mənfi ticarət balansı formalaşdırmaq idi. Əgər ABŞ Çinlə, Aİ, Yaponiya və resurs ölkələri ilə 100 milyardlarla dollar mənfi ticarət balansı formalaşdırmasaydı bu gün dollar nə rezerv valyuta olardı, nə də ABŞ həmin dollarları yenidən öz iqtisadiyyatına investisiya şəklində cəlb edə və ya borclana bilərdi. Yəni kağız çap edir, onun qarşılığında real məhsul (məsələn, neft, qızıl) alır, sonra o verdiyi dolları da öz banklarında hesablara, öz müəssisələrinin səhmlərinin və ya dövlətinin istiqrazlarının alışına cəlb edir. İncə, dərin petrodollar sisteminin sadə, bəsit şəkildə mahiyyəti. Kitablar yazılacaq qədər maraqlı və mürəkkəb tərəfləri çoxdur.

Bu petrodollar sistemində oyunu pozan ölkə Çin oldu. Son onilliklər ərzində hər il təkcə ABŞ ilə ortalama 500 milyard dollara yaxın müsbət saldo nəticəsində 2 trilyondon çox valyuta ehtiyatı, istehsal və ixracyönümlü iqtisadiyyat formalaşdıran Çin qazandıqlarını yeni qütb formalaşdırmaq, ABŞ-a qarşı nüfuz müharibəsi aparmağa sərf etməyə başladı. Tramp bu məsələni pozmaq üçün tarif məsələlərini sərtləşdirdi. Tarif siyasətini təzyiq alətinə çevirərək müəyyən güzəştlər əldə edən Tramp növbəti mərhələdə bu siyasəti hər bir ölkə ilə bərabər ticarət saldosu əldə etmək siyasətinə çevirdi. Bu qədər geniş şəkildə tətbiq ediləcək tariflər iqtisadi fəlakət gətirər. İnflyasiyanı gücləndirər. Lakin.... Tramp inflyasiya məsələsini ciddi qəbul etmir və enerji qiymətlərini düşürməklə inflyasiya təzyiqini zəiflədəcəyini düşünür. Diqqətli olaq, digər məhsulların qiyməti qalxacaq, enerji qiymətləri düşəcək. Niyə bu məsələ ciddi narahatlıq doğurmur? Əvvəla, Tramp əmlak biznesmeni olub. Əmlak biznesində milyardlar qazandıran əsas amillərdən birincisi məhz inflyasiyadır. Trump şüuraltı olaraq inflyasiya ilə dostdur. Amma inflyasiyanın iqtisadiyyat üçün nə qədər dağıdıcı olduğunu hiss etməyib. Çünki həmişə əmlak biznesi tərəfdə olub, ətrafındakı milyarderlər iqtisadçı deyil, ən əsası isə qiymətini düşürmək istədiyi neft biznesində də deyil, xidmət və yeni texnologiyalar sahələrindədir. İnflyasiya ilə bağlı şüurlu və şüuraltı arxayınçılıq, iqtisadiyyatı oyuncağa çevirmək, 80 il ərzində formalaşmış sxemlə oynayıb kökündən dəyişməyə çalışmaq böyük bir dağıntı formalaşdıra bilər. Bunu Tramp administrasiyası da gözəl bilir və may-iyun aylarında tarif siyasətində müəyyən yumşalmalar olacağı ehtimalı yüksəkdir. Lakin neft qiymətləri ilə bağlı təəssüf ki, bunu demək çətindir.

Tramp qənaət məqsədilə dövlət işində olanların ixtisarını başlayıb. Lakin əsas səbəb qənaət deyil, Maskın ABŞ dərin dövlətində (qurumlarda) öz adamlarını yerləşdirib onların təsir dairələrini artırmaqdır. Təhlükəli tendensiyadır. Çünki sistemin pozulması riski mövcuddur.

Pentaqonun GPS-i söndürülmüş helikopterinin mülki təyyarə ilə toqquşmasından sonra Pentaqon daxilində korrupsiya məsələləri daxil olmaqla bir çox sahələrdə ciddi yoxlamalar başlayıb. Onsuz da Pentaqonla arası soyuq olan və hazırda açıq-aydın tərs düşən Tramp ilkin mərhələdə nə olursa-olsun Rusiya-Ukrayna müharibəsini dondurmaqla, birinci prezidentliyi dövründə heç bir münaqişəyə qoşulmayan, indi isə mövcud münaqişələrə son qoyan prezident kimi Nobel Sülh Mükafatı almağı hədəfləsə də bu sahədə də kəskin mövqeyini Ukraynanın xeyrinə yumşaldacaq. Ukrayna məsələsi sadə məsələ deyil. Pentaqona qarşı olmaq düşüncəsinə hakim olmaq və ya Rusiya prezidenti ilə hər məsələdə anlaşacağına özünü inandırmaqla birtərəfli mövqe tutmağı yavaş-yavaş balanslı siyasətlə əvəzləyəcək. Çünki Rusiyaya güzəştə getmək ABŞ-ın öz iqtisadi, strateji və siyasi mənafelərinə uyğun deyil. Qısamüddətli ucuz müvəffəqiyyət orta və uzunmüddətli müvəffəqiyyətsizliyin əsasını qoyar. Rusiya ilə münasibətləri normallaşdırıb Çinə qarşı fokuslanmaq düşüncəsi Rusiyanın növbəti dövrlərdə atacağı addımların ABŞ başda olmaqla bir çox ölkələr üçün ciddi fəsadlar formalaşdırması ilə nəticələnə bilər.

Nəhayət, qısaca büdcə və maliyyə məsələlərinə toxunaq. Büdcə qənaəti (kəmərsıxma siyasətini) sevir, lakin bu siyasət qısamüddətli olur və uzunmüddətli olduqda iqtisadiyyatı boğur, ciddi fəsadlar verir. Büdcə qənaətdən daha çox səmərəliliyi sevir. Büdcə xərcləmələrinin səmərəliliyinin ölçülmə üsullarından biricisi isə büdcə geridönüşlərinin ölçülməsi, hesablanmasıdır. ABŞ bunu gözəl bilir və sürətlə artan borclar da müəyyən amillərin göstəricisidir. Trampın da məhz daha çox ikinci istiqamətdə gedəcəyi ehtimalı yüksəkdir ki, ən məqsədəuyğun yol da bu hesab edilir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR