İnsanlara hürriyət, millətlərə istiqlal!

Qeyri-neft sektorunda artım tempi 6 dəfəyə yaxın azalıb - SƏBƏB

2025-ci ilin ilk 2 ayının iqtisadi nəticələri çoxsaylı müzakirələrə səbəb olub. İqtisadçı-ekspertlər ötən illə müqayisədə bir sıra göstəricilərdə mənfi tendensiyanın qeydə alınması ilə bağlı fikirlərini bölüşürlər. Ən çox diqqət çəkən məqam iqtisadi artım sürətinin minimuma düşməsidir.

Musavat.com-un xəbərinə görə, iqtisadçı-ekspert Rövşən Ağayev bildirib ki, rəsmi statistikaya əsasən adambaşına ÜDM göstərici ilə hesabladıqda ölkədə 0,3 faizlik kiçilmə var:

“2024-cü ilin 2 ayında qeyri-neft sektorunda 10 faizdən çox böyümə olduğu halda, bu il həmin sektorda cəmi 1,7 faizlik artım var.

AGAYEV.jpg (88 KB)

Keçən il neft sektorunda cəmi 0,7 faiz azalma olmuşdu, bu il 2,7 faiz geriləmə qeydə alınıb.

Əsas sual odur ki, qeyri-neft sektorundakı artım tempi niyə az qala 6 dəfəyə yaxın səngiyib? Səbəb odur ki, bu sektorda artım dayanıqlı deyil və artım mənbələri şaxələnməyib. Artım kapital əsaslıdır, digər istehsal amillərinin rolu yox səviyyədədir. Bu nəticəni nəyə əsasən deyirəm?

Təqdim olunan rəsmi göstəricilərdən bunu aydın görmək olur. Məsələn, 2024-cü ilin 2 ayında bütövlükdə iqtisadiyyat üzrə kapital qoyuluşları 15,5 faiz, qeyri-neft sektoru üzrə 17,1 faiz artmışdısa, 2025-ci ilin eyni dövründə iqtisadiyyat üzrə cəmi kapital qoyuluşları 25 faiz, qeyri-neft sektoru üzrə 21 faiz azalıb.

Eyni zamanda 2024-cü ilin 2 ayında tikinti sektorunda yaranan əlavə dəyər 48,5 faiz artıdğı halda, 2025-ci ilin eyni dövründə 18 faiz azalıb.

Ola bilər ki, işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı tikintinin geniş miqyası bir müddət ölkədə iqtisadi artımda kəskin azalmanın qarşısını alsın. Amma orta və uzunmüddətli dövrdə tikinti qətiyyən dayanıqlı və keyfiyyətli artım mənbə deyil”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Mart 2025

BÜTÜN XƏBƏRLƏR