İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbi Azərbaycana qayıdış: “Hamımız Qərbi azərbaycanlıyıq” andı

44 günlük Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda elə tarixi hadisələr, qürurverici olaylar bir-birinin ardınca elə sürətlə baş verir ki, adam bəzən baş verənləri ipə-sapa düzməyə, ictimailəşdirməyə, hiss və həyəcanını, qürurunu, iftixarını ifadə etməyə çətinlik çəkir. Belə hallarda yenidən baş qaldırmağa cəhd edən revanşist haylara – yanlara, onların havadarlarına xitabən uca səslə Vladimir Mayokovskinin məşhur şeirinə düzəlişlər etməklə “Alın ...a! Yana-yana qalın... a! Mən Azərbaycan vətəndaşıyam!” demək keçir adamın könlündən.

Azərbaycanın varlığı boyunca belə iftixar doğuran tarix salnaməsi yaradılmamışdı. Təkcə son günlərin möhtəşəm hadisələrini sadalayanda böyük siyahı alınır: Şuşada möhtəşəm quruculuq işləri, Xankəndi şəhərində köhnə tikililərin sökülməsi, Xocalı, Laçın və digər ərazilərə yurd həsrətli sakinlərin əbədi qayıdışı, Laçında Beynəlxalq Hava Limanının açılışı, Azərbaycan və Türkiyə prezidentlərinin, Pakistan baş nazirinin iştirakı ilə Zirvə görüşünün keçirilməsi, Qarabağa, Şərqi Zəngəzura bir-birinin ardınca təşkil olunan səfərlərin xoş təəssüratları, Laçın kanat yolunun təməlinin qoyulması, Zəngəzur dəhlizinin tikintisinin yüksək sürətlə həyata keçirilməsi, 2026-cı ilin sentyabrında Şuşa Real Məktəbində tədrisə başlanılacağı haqda müjdənin verilməsi və bu kimi çoxsaylı hadisələr ömrümüzə ömür calayır, düşmənin bağrı çatlayır.

ZİRVA EN SON.jpg (66 KB)

Ağdama çəkilən dəmir yolunun Xankəndiyədək uzadılması qərarı, Bakı-Ağdam sürət qatarının 32 ildən sonra hərəkətə başlamasını da unutmadıq.  

Hələ 21-ci əsrin Nürnberq prosesi – Bakı Hərbi Məhkəməsində Qarabağdakı keçmiş xunta rejiminin rəhbərlərinin xalqımıza və dövlətimizə qarşı törətdiyi cinayətlərin ifşasının özü isə başqa bir tarixdir. Bu, çoxları üçün xəyal oluna bilməyəcək bir prosesdir, İlahi Ədalətin təcəssüm tapmasıdır. İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan dövləti hüquq müstəvisində də nümunə ortaya qoydu, həm də yüz illərlə istinad olunası, həm də Azərbaycanda nəsillərin fəxrlə dilə gətirəsi, düşmənin dilini qısa edəsi faktların müttəhimlər kürsüsündən etirafına nail olmaqla qiymətli tarix yazdı.

Azərbaycan dövləti Qarabağı yenidən qurur, dağılmış kənd və şəhərlərimizin yerində yeni, müasir evlər, binalar tikilir, infrastruktur yaradılır, iş yerləri açılır, gələcəkdə uzaq-yaxın ölkələrin yaşıl enerji ilə təchiz edilməsi istiqamətində də böyük potensialdan istifadə istiqamətində nəhəng layihələr gerçəkləşdirilir. Laçın seyrangahından bərpa olunan cənnətməkan bölgələrimizə tamaşa edən Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərifin heyranlığını hamımız izlədik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəniz səviyyəsindən 1700 metr hündürlükdəki Laçın ucalığında qardaş Azərbaycanın zəfərini məmnunluqla vurğulaması da unudulmaz xatirəyə çevrildi.

ZİRVA EN YENİ.jpg (90 KB)

Möhtəşəm nəticələrdir. Buraya Azərbaycan Prezidentin qətiyyəti, prinsipiallığı, hakimiyyət-xalq birliyi, ordumuzun gücü, şəhid və qazilərimizin “Təki Vətən yaşasın” amalı ilə gəldik. Uduzan təkcə Ermənistan, erməniçilik olmadı. Vaxt var idi Azərbaycana “5+2”=qondarma “respublika” tipli “həll yolları”nı təklif edənlər, buna görə dövlət başçısına təzyiq göstərənlər də məğlub oldular. Həm də Bakı “Nürnberq prosesi” onların ifşa prosesidir. Bizi məğlubiyyətin dibinə yuvarlatmağa, “Şuşasız Azərbaycan yoxdur” andımızdan keçməyə vadar etmək istəyənlər indi Azərbaycanın yaratdığı reallığa və 1881-ci il yadigarı olan Şuşa Real Məktəbinin bərpa olunan binasına ulduza hürən köpəklərsayağı baxırlar...

NURN.jpg (86 KB)

Bu sətirləri yazarkən “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu qapıdan içəri daxil oldu, salamlaşdıq və bir gün öncəki səfər təəssüratlarını məmnunluqla bölüşdü.

Qarabağ məsələsini bir sayında belə diqqətdən kənarda qoymayan qəzetimizin baş yazarı artıq neçənci dəfə Qarabağda və Şərqi Zəngəzurda səfərdə olur, amma hər dəfə yeni təəssüratlarla geri dönür, möhtəşəm müşahidələrini bölüşür. Məlum olduğu kimi, iyunun 3-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin iştirakı ilə ölkədə fəaliyyət göstərən siyasi partiya sədrlərinin sayca yeddinci (daha öncə Ağdam, Şuşa (2 dəfə), Zəngilan, Xocalı, Əsgəran, Xankəndi və Laçın) olan növbəti birgə səfəri baş tutub.

24 siyasi partiyanın sədr və nümayəndələri, politoloq, siyasi şərhçi, internet televiziyalarının rəhbərləri, qəzet redaktorları və digər jurnalistlərin iştirakı ilə keçirilmiş səfərin proqramı kifayət qədər zəngin və maraqlı olub. Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin iştirakı ilə vaxtaşırı diplomatik korpusun nümayəndələrinin Qarabağa, Şərqi Zəngəzura səfərləri təşkil olunur. Hikmət Hacıyevin “Bakıda akkreditə olunmuş diplomatik korpusla birlikdə Füzuli hava limanına endik. Şuşa və Xankəndiyə yollanırıq. Xankəndidə Qarabağ Universitetini və tələbələri ziyarət edəcəyik. Münaqişədən sonrakı yenidənqurma və Qarabağ və Şərqi Zəngəzurun transformasiyası təsirlidir!”, - məzmunlu paylaşımı indinin özündə də təsirlidir. Erməni vandalizminin yerində Azərbaycan dövlətinin həyata keçirdiyi möhtəşəm işləri təqdim etmək olduqca vacibdir, bu, həm də tarix üçün önəmlidir.

Beləcə, Azərbaycan dövləti erməni faşizminin xaraba qoyduğu yurd yerlərimizi yenidən qurub - yaradır, paralel olaraq keçmişin unudulmaması üçün gərəkəni edir, gələcəyə körpülər atır. Amma proses Azərbaycanın hüdudları çərçivəsində məhdudlaşmır, çünki “bu dağların o üzü” də bizim tarixi vətənimizin bir parçasıdır və erməni talanları, vandalizm aktları, deportasiyalar, qan-qadalar...Dövlətimizin prioritetləri sırasında Qərbi Azərbaycana Ədalət, Qərbi azərbaycanlıların ləyaqətli Qayıdışı çox mühüm yer tutur. Bu gün hədəfimiz yalnız Qarabağa, Şərqi Zəngəzura deyil, həm də Qərbi Zəngəzura Böyük Qayıdışımıza nail olmaqdır. Kimlərsə beynəlxalq hüquqa əsaslanan bu hədəfimizə mane olmaq istəsə, sonda məğlub və rəzil olacaq, Qarabağdakı Şərqi Zəngəzurdakı kimi...Azərbaycan 44 günlük müharibə və bir günlük antiterror əməliyyatı nəticəsində Ermənistanın işğalı altında olan 300-dən artıq yaşayış məntəqəsini azad etdi. Ermənistan adlı qondarma ölkədəki - Qərbi Azərbaycandakı təqribən 300-dən artıq şəhər və kəndlərimizdən 300 min nəfər soydaşımız didərgin salınıb 1988-89-cu illərdə. Bu ədalətsizlik aradan qaldırılmalıdır! Dəfələrlə yazmışıq: İlham Əliyev dedisə, deməli, olacaq! Müzəffər Ali Baş Komandan, Qalib Prezident 28 May Müstəqillik günündə, Laçın Zirvəsindən əbəs yerə Qərbi Zəngəzurun Azərbaycandan qoparılaraq Ermənistana verilməsini xatırlatmadı. Dağların o üzündəki gəlmələrə yerlərini və öhdəliklərini bir daha xatırlatdı.

Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı prioritetləri bəyan etmişdi.

İCMA EN YENU.jpg (141 KB)

“Bu gün biz artıq Bala Göyçənin sahilindəyik. Bu gün biz Göyçə gölünü binoklsuz görürük. Birincisi, hesab edirəm ki, bu, ədalətlidir. İkincisi, sentyabr toqquşmaları bizi gələcəkdə böyük problemlərdən sığortalayacaq... Bu gün yerləşdiyimiz yüksəkliklərdən hətta Naxçıvan dağları da görsənir. Yəni, bu, doğrudan da tarixi nailiyyətdir. Qarabağın, Şərqi Zəngəzurun döyüş meydanında azad edilməsi tarixi hadisədir və Azərbaycan durduqca Azərbaycan tarixində qalacaq”, sözləri bu gün və gələcəyimiz üçün mühüm mesajlardır. Geriyə yol yoxdur, ancaq irəli və haqq etdiyimiz hədəflərə doğru! Təbii ki, beynəlxalq hüquqa əsasən. Azərbaycan Zəngəzura tankla yox, avtomobillərlə gedəcəyini bəyan edir, buna müqavimətin heç bir əsası yoxdur. Dünən səfərdən qayıdan şəxslər Zəngəzur dəhlizində həyata keçirilən möhtəşəm işlərdən danışır. Azərbaycan dövləti var qüvvəsi ilə yoluna davam edir, Zəngəzur dəhlizindən keçməyə icazə istəməyə bilərik günün birində, çünki Prezidentin də dəfələrlə istinadən etdiyi, ötən əsrin əvvəllərinə aid xəritələr var əlimizdə - o torpaqlar türk torpaqlarıdır, Azərbaycana məxsus olub və ədalətsiz yollarla, Azərbaycan xalqının rəyi nəzərə alınmamaqla qoparılıb. Bunu hətta Nikol Paşinyan bir neçə gün əvvəl etiraf etdi, Hayastan qurulanda bu qədər ərazilərinin olmadığını söylədi. Həqiqət biz tərəfdədir və bu, əlimizi, qolumuzu qüvvətləndirir!

HARİT.jpeg (15 KB)

Ona görə də hədəflərimiz dağları aşıb, Göyçə - Zəngəzur, Dərələyəz, Basarkeçər, Vedibasar, İrəvan, Zəngibasar...bütün Qərbi Azərbaycana doğru istiqamətlənib. Belə bir durumda “Hamımız Qərbi Azərbaycanlıyıq!” andı ətrafında birləşməliyik. Bu, “Şuşasız Azərbaycan yoxdur” andı qədər müqəddəs olmalıdır. Təbii ki, biz savaş istəmirik, ermənilərlə barışa hazırıq. Amma barışın şərtlərindən biri də Aşıq Ələsgər yurduna əsl sahiblərinin qayıdışının təmin olunması, 1991-ci ildə sonuncu tərk edilən Nüvədi kəndinin sakinlərinin yurd həsrətinə son qoyulmasıdır! Bunu beynəlxalq konvensiyalar tələb edir! Ermənistanda 300-dən çox məscid, onlarla mədrəsə, məktəblər, minlərlə evlər darmadağın edilib, 600-dək qəbiristanlıq yer üzündən silinib, bu, beynəlxalq cinayətdir!  

Ötən ay Qafqaz Müsəlmanları İdarəsində İrəvan Qazılığı ilə bağlı Əsasnamə qəbul olundu. Səsvermə nəticəsində Bəxtiyar Nəcəfov İrəvan qazısı seçildi. Özü də İrəvan Qazılığı ilkin mərhələdə Qafqaz Müsəlmanları İdarəsinin binasında yerləşəcək. Bu, Qərbi Azərbaycan İcmasının vaxtilə “Qarabağa dönüş” İctimai Birliyinin yerləşdiyi binada fəaliyyət göstərməsi qədər tarixi və dürüst məntiqə əsaslanan qərardır. Qayıdışımız mütləqdir!

AZİZ İLHAM.jpg (143 KB)

Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasında konkret Yol Xəritəsini təqdim edərək bunları söyləmişdi: “Bir daha onu da bildirməliyəm ki, bu yer icma üçün təsadüfən seçilmədi, rəmzi mənası var. Bu binada yerləşmiş qarabağlılar artıq Qarabağa ya qayıdıblar, ya da qayıtmağa hazırlaşırlar. Burada yerləşən Qərbi azərbaycanlılar da qayıdacaqlar, İnşallah”. Əminik, inanırıq, güvənirik! Amma eyni zamanda hər birimiz Qərbi Azərbaycana Böyük Qayıdışımız naminə əlimizdən gələni etməyə borcluyuq. Bizi birləşdirən ali dəyər və hədəflərdən biri həm də bu yol olmalıdır!

Yeri gəlmişkən, Prezidentin təqdim etdiyi strategiyaya uyğun olaraq qəbul edilən Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının ardınca bir çox vacib işlər görülüb və görülür.

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın sərəncamına əsasən, Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların doğma torpaqlarına qayıtmaq hüququnun gerçəkləşməsinə dəstək vermək məqsədilə parlamentdə deputat Əziz Ələkbərovun rəhbərliyi ilə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu yaradılması da böyük hədəfimizə nail olunması istiqamətində çox mühüm addımdır.

Qəzetimizin daim önəm verdiyi mövzulardan biri – Qərbi Azərbaycanla bağlı silsilə materiallar hazırlayan biri olaraq Qərbi Azərbaycan İcmasına üzvlüyə qəbul edildiyim üçün Qərbi Azərbaycan İcmasına, şəxsən millət vəkili, İcma sədri Əziz Ələkbərliyə təşəkkür edirəm!

QARABAQ.jpeg (228 KB)

Yeri gəlmişkən, Əziz bəy Milli Məclisdə, şəhidlərimizin xatirəsinə həsr olunmuş xatirə guşəsinin qarşısında üzvlük vəsiqəni təqdim edərkən dedi ki, son günlərədək məni qarabağlı olaraq tanıyırmış. Açığı, bir çoxlarından eşitmişdim bu, xoş kəlməni. On illər boyunca Qarabağa, Şərqi Zəngəzura qayıdışımızın həsrətinə köklənmiş, daha sonra Zəfərimizi tərənnüm edən yazılar yazmışam. Bundan sonra isə Yardımlıda doğulmuş “Qərbi Azərbaycanlı kimi daha bir müqəddəs yolun sıravi əsgəri olmaqdan qürur duyuram. Yolumuz açıq, zəfərlərimiz daimi olsun!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR