İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbdən Milli Şuraya “vətənşüvənlik sifarişi”

Rusiya sülhməramlılarının məsələsinin qaldırılmasının arxasındakı niyyət də bəllidir

Milli Şura Rusiya qoşunlarının Azərbaycandan çıxarılmasını vacib sayır. Bu barədə Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli aprelin 21-də Bakıda mitinq keçirilməsi ilə bağlı müxalifətin qərarını “Amerikanın səsi” radiosunun Azərbaycan xidmətinə şərh edərkən bildirib.

“Faktiki olaraq ermənilər Azərbaycan ərazisini tərk edəndən sonra Rusiya ordusunun Azərbaycanda qalmasının anlamı nədir? Hökumət bunun normal izahını verməlidir. Bir müddət uydurdular ki, onlar guya ermənilərdən müsadirə olunan silahları saxlayırlar. Guya bu silahları saxlamağa Azərbaycanın hansısa bir batalyonu yoxdur? Bunu gərək hökmən rus kontingenti saxlasın? İndi də belə bir tezis ortaya atıblar ki, guya bu sülhməramlılar Xocalı və ətraf ərazilərdə minaların təmizlənməsi ilə məşğul olacaq. Əvvəla, mina təmizlənməsi üçün xüsusi hazırlığı olan yarımhərbi təşkilat lazımdır. Bizim bildiyimiz qədər, elə hamının bildiyi qədər bu kontingentdə xidmət edənlərin belə bir hazırlığı yoxdur. Yəni bunlar sülhməramlı kontingent adı ilə gəlib və onların funksiyası tamamilə başqadır. Bunlardan guya mina təmizləyən kimi istifadə etmək Azərbaycan hakimiyyətinin Azərbaycan xalqına dediyi yalanlardan biridir. Sadəcə, bu, rus qoşununu Azərbaycanda saxlamaq cəhdidir. Biz bunu ona görə mitinqin tələblərinə salmışıq ki, Azərbaycan hakimiyyəti izahat versin. Rus qoşununun Azərbaycanda qalma səbəbi aradan qalxdığı halda bu qoşunları niyə indiyədək ölkədə saxlayır. Bu, ölkənin təhlükəsizliyi ilə bağlı məsələdir”, - o qeyd edib. 

Qeyd edək ki, Rusiya sülhməramlıları 2020-ci ilin 10 noyabr üçtərəfli bəyanatı imzalandıqdan sonra Qarabağda yerləşəndə Milli Şura bəyan edirdi ki, Bakı indən sonra bu bölgəyə nəzarəti tam itirəcək, separatçı rejimi çökdürmək artıq heç cür mümkün olmayacaq və sair. Amma hər şey əksinə oldu, Azərbaycan bu  bölgədə suveren haqlarını tam bərpa etdi, hətta ermənilər könüllü çıxıb getdi. Və bütün bunlar Rusiya sülhməramlılarının gözləri qarşısında baş verdi. Azərbaycan dövlətinin öz ərazisində separatizmə qarşı həyata keçirdiyi qanuni əməliyyata sülhməramlılar mane olmadılar. Çünki mane olmaq üçün əsas yox idi. Bu məsələdə Rusiya sülhməramlılarını hədəf seçən  ermənilər və erməniləri dəstəkləyən dövlətlər oldu.  İndi də ABŞ və Avropa İttifaqı Rusiyanın bölgədən çıxarılması siyasətini aparır və bu sırada sülhməramlılar da var. Halbuki bu, sırf Rusiya  və Azərbaycan arasında həll ediləsi məsələdir, 2025-ci ilədək bu barədə qərar veriləcək. Cəmil Həsənlinin dediklərindən isə belə məlum olur ki, Milli Şura  populist tələbləri sırasına beynəlxalq rəng vermək üçün Rusiya sülhməramlılarının da məsələsini daxil edib. Bununla da həm də ağalarına xoş getmək, onlardan daha çox pul qoparmaq niyyəti ortadadır.

Deputat Aydın Hüseynov sosial şəbəkədə gülüş hədəfinə çevrildi - FOTO

Aydın Hüseynov

Bu barədə “Yeni Müsavat”a şərhində Milli Məclisin deputatı Aydın Hüseynov bildirdi ki, Milli Şura adlanan marionet qrup Azərbaycanı Qərbin platsdarmı etmək istəyir. Çünki onlar hesab edirlər ki, belə olarsa, Qərb onları hakimiyyətə gətirər: “Milli Şura adlanan marionet qurum bilirsiniz ki, Azərbaycanı istəməyən kənar qüvvələrin sifarişi və dəstəyi ilə yaradılmışdı. Yeni yaranan dövrlərdə arxalarında dayanan şimaldakı qüvvələrin sifarişi ilə hərəkət edirdilər və ümid edirdilər ki, həmin qüvvələrin dəstəyi ilə Azərbaycanda xalqı aldadıb hakimiyyətə gələcəklər. Lakin Azərbaycan xalqı kifayət qədər ayıq-sayıqlıq nümayiş etdirərək həmin məkrli qüvvələrin yalanlarına uymadı, onları boykot etdi. Milli Şura yaradılandan indiyə qədər Azərbaycan ictimaiyyəti tərəfindən həmişə boykot edilib. Xalqın dəstəyini heç zaman əldə edə bilməyib. Ona görə ki, bu qondarma qurum xalqın, cəmiyyətin istəyi ilə, sosial sifarişin nəticəsi olaraq meydana gəlməyib. Xalqın istəyi ilə sosial sifarişlə meydana gəlməyən, xaricdən verilən sifarişlə elan olunan təşkilata təbii ki, xalq heç zaman dəstək verə bilməzdi və vermədi. Bundan sonra da Milli Şuranı və onun tətikçisi rolunu üzərinə götürmüş AXCP-ni Azərbaycan xalqı boykot edəcək, onların heç bir çağırışına qoşulmayacaq. Azərbaycan xalqı onu qalib xalq edən Prezidentinin-İlham Əliyevin ətrafında birləşib. Azərbaycanda xalq-hakimiyyət birliyi sarsılmaz dərəcədə güclüdür. Milli Şura kimi kənar qüvvələrin əlində alət olan kiçik qrup bu birliyi pozmaq və ölkəni düşmənlərimizin arzuladığı xaosa sürükləmək gücündə deyil”. 

Deputat qeyd etdi ki, bölgəmiz çox mürəkkəb əraziyə çevrilib. Cənub və şimalımızda qanlı münaqişələr alovlanıb. Rusiya-Ukrayna müharibəsi və İran-İsrail münasibətləri bölgədəki vəziyyəti hər keçən gün gərginləşdirir: "Cənubi Qafqazda nüfuzunu gücləndirmək istəyən böyük güclərin mübarizəsi get-gedə dərinləşir. Ona görə də belə həssas məqamda milli birlik və həmrəylik məsələləri əvvəlkindən daha böyük aktuallıq kəsb etməlidir. Təəssüf ki, belə bir həssas məqamda, regionda toqquşmaların getdiyi bir zamanda Milli Şura adlanan özünü müxalifət adlandıran qrup fürsətdən istifadə etməyə çalışır. Onlara ölkədə daxildə qarşıdurmalar yaratmaq sifarişi veriblər. Onlar da Qərbdən istədikləri səviyyədə dəstək almaq üçün sifarişlə təyin etdikləri mitinqin tələbləri sırasına Rusiya sülhməramlıları məsələsini daxil ediblər. Görün nə dərəcədə deqradasiyaya uğrayıblar ki, bu cür vasitələrə əl atmaqdan belə çəkinmirlər. Qərbə mesaj verirlər ki, bizə daha çox dəstək versəniz Rusiyanı bölgədən sıxışdırıb çıxarmaq planınızda yer alarıq. Onlar aprelin 21-də mitinqlər keçirməklə Azərbaycanda qarşıdurma mühiti formalaşdırmağa cəhd göstərirlər. Amma Azərbaycanın güclü dövlət olduğunu da unudurlar”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”    

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR