Onlayn ictimai-siyasi qəzet
Deputat: “Amerika Azərbaycana qarşı hücumlar etməklə bu bölgədə özünü möhkəmlədə bilməz, əksinə, mövqelərini get-gedə sarsıdacaq”
Qərb, xüsusən də ABŞ mediası mediası və yalançı insan haqları təşkilatları, həmçinin Avropa Parlamenti və Avropa Şurası neçə vaxtdır yenə insan hüquqlarını, “erməni məsələsi”ni əldə bayraq edərək dövlətimiz əleyhinə demarşlar həyata keçirir. Bakıda saxlanılan erməni separatçı-terrorçuların utanmazcasına siyasi məhbus kimi qələmə verməyə çalışılması, onları azad etməyə çağırışlar bu qəbildəndir. Ancaq nədənsə Krım, Abxaziya, Cənubi Osetiya, Donbas, Moldova (Dnestryanı) separatçılarına gələndə bu qurumlar dərhal başqa hava çalır.
Səbəb sadə: Azərbaycan müstəqil xarici siyasət kursu tərcih edən bir müsəlman-türk ölkəsi. Ayrı sözlə, ən ideal demokratik idarəçilik rejimini bərqərar etsək belə, yenə əleyhimizə nəsə tapacaqlar. Məgər erməni işğalı dövründə hər il Qarabağdakı xunta rejiminə dövlət səviyyəsində maliyyə yardımı ayıran, ərazisi yağmalanan Azərbaycana isə “907-ci düzəliş”i (maliyyə yasağı) tətbiq edən “demokratiya beşiyi” ABŞ deyildi? O idi. Buna hətta heç Rusiya, Fransa da getməyib.
Yəni bu, əsla ölkəmizə qarşı bir insan haqları, demokratiya davası deyil. Qərb, özəlliklə Birləşmiş Ştatlar çoxdan bu alətdən “sözə baxmayan” dövlətlərə, ələlxüsus qeyri-xristian ölkələrə qarşı onları “ram etmək” üçün təzyiq qismində istifadə edir. Bu da növbəti fakt.
Söhbət “The Washington Post”da dekabrın 2-də Azərbaycan əleyhinə getmiş növbəti qərəzli məqalədən gedir. Guya Azərbaycanda demokratiya və insan hüquqlarının, söz azadlığının təəssübünü çəkirlər, əslində isə ölkəmizdə illərdir qurduqları, maliyyələşdirdikləri, dövlətimizə və xalqımıza qarşı istifadə etdikləri şəbəkənin, "5-ci kolon"un", bu şəbəkənin bariz nümunəsi olan “Abzas Media”nın ifşa olunmasından və onun əl-qolunun bağlanmasından narahatdılar.
Şəkk-şübhə yoxdur ki, bu şəbəkə antimilli ünsürlərin cəmləşdiyi, çirkli şəkildə ABŞ tərəfindən maliyyələşdirilən, çirkli pulların “yuyulması” üçün istifadə olunan bir mexanizmdir. Ona da şübhə yox ki, Bakıdakı səfiri indiyədək Şuşaya baş çəkməyən ABŞ Qarabağı azad edən Prezident İlham Əliyevin müstəqil siyasətini həzm edə, “erməni kartı”ndan əvvəlki tək faydalana bilmir. O səbəbə dövlətimizin rəhbərinə qarşı belə çirkin kampaniya aparılır, materiallar təşkil edilir.
Təbii ki, məlum yazı qəzetin özünün məhsulu deyil. Dövlət Departamentinin bir kabinetində sıravi bir işçinin aldığı tapşırığa uyğun ortaya qoyduğu cızma-qaradır. Eyni zamanda yalnızca Prezident İlham Əliyevə yox, ümumən Azərbaycan xalqına və dövlətinə sayğısızlıqdır. Çünki bu xalq öz müzəffər Prezidentinə inanır və onun ətrafında kifayət qədər sıx birləşib.
Durumun absurdluğu həm də ondadır ki, bu gün “Washington Post” SSRİ-nin dövründəki “Komsomolskaya Pravda”, “Pravda” və s. bu kimi nəşrlərin ənənəsini daha eybəcər şəkildə davam etdirir. Aydındır ki, azad media belə olmur. Bu, azad media adına həqarətdir və olsa-olsa, sifarişlə müxtəlif ölkələrə, xalqlara, ictimai-siyasi xadimlərə, iş adamlarına çirkab atan, divar kağızı ənənəsini yaşadan iyrənc təxribat mexanizmidir. Diqqəti çəkən həmçinin məqalənin ötən həftə dövlət katibi E.Blinkenin Əliyevə zəngindən, xahiş-minnətindən sonra iki ölkə arasında münasibətlərdə müşahidə edilən yaxşılaşmadan az sonraya təsadüf etməsidir. Beləcə, Amerikanın siyasəti, ikiüzlülüyü, ədalətsizliyi ən eybəcər forma və üsullarla yer üzündə anarxiya və xaos yaymağa davam edir.
Aydın Hüseynov
Milli Məclisin deputatı Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, ABŞ artıq əsl simasını get-gedə daha açıq formada ortaya qoyur. Bakı ilə İrəvan arasında sülhlə bağlı məsələlərin müzakirə olunduğu, regionda əməkdaşlığın və təhlükəsizliyin güclənməsi üçün fəaliyyətin artdığı bir zamanda Vaşinqtondan Azərbaycana qarşı hücumların başlanması, böhtan yağdırılması ABŞ-ın bölgədə sülh istəmədəyini təsdiqləyir: “Azərbaycanı zəif duruma salmaq məqsədini güdən ABŞ Ermənistanı qızışdırmaqla sülh müqaviləsinin imzalanmasını istəmədiyini nümayiş etdirir. Eyni zamanda ənənəvi çirkin siyasəti həyata keçirirlər. Demokratiya, söz azadlığı adı altında ayrı-ayrı ölkələrin daxili işlərinə müdaxilə etmək, marionet rejimlər yaratmaq, ayrı-ayrı ölkələri, xalqları bir-biri ilə üz-üzə qoymaq siyasəti on illərdir davam etdirilir. Bir zamanlar ABŞ bu iyrənc siyasətini Azərbaycanda da tətbiq etməyə çalışırdı. Lakin müdrik Azərbaycan xalqı əvvəllər Ulu öndər Heydər Əliyevin, sonrakı dövrdə Prezident İlham Əliyevin, dövlətçiliyin yanında dayandı. Nəticədə Amerikanın Azərbaycan planları reallaşmadı. Bu cür planları yenidən həyata keçirmək niyyətinə düşüblərsə, yenə də heç nəyə nail ola bilməyəcəklər. Erməni diasporunun və lobbisinin əlində oyuncağa çevrilən ABŞ siyasətçilərinin Azərbaycandan istədikləri Azərbaycanı da Ermənistan kimi asılı dövlətə çevirmək, Azərbaycanın üzərindən Cənubi Qafqazda tamamilə hökmranlığa sahib olmaqdır. Lakin Azərbaycan dövləti müstəqil dövlətdir və Amerikanın vassalı olmayacaq. Bu gün dünyada çox az sayda lider var ki, İlham Əliyev qədər öz xalqı tərəfindən sevilsin, dəstəklənsin. İlham Əliyev müzəffər Ali Baş Komandandır, onun misilsiz sərkərdəliyi ilə Azərbaycan xalqı qalib xalq oldu, torpaqlarını azad etdi. Onun liderliyi ilə Azərbaycan dünyada sözünün çəkisi olan nüfuzlu dövlətə çevrildi. Onun liderliyi ilə Ulu öndər Heydər Əliyevin qoyduğu yol uğurla davam etdirildi və etdirilir. O yol ki, bizi qələbələrə aparır. ABŞ siyasi dairələri Azərbaycanı qələbələr yolundan sapdırmaq istəyirsə, buna nail olmaları qeyri-mümkündür. Ona görə yaxşı olar ki, ABŞ riyakar siyasətindən imtina etsin, Azərbaycana münasibətdə korrektələr eləsin. Azərbaycanı hansısa qəzet yazıları, məruzələr və qətnamələrlə öz haqq yolundan döndərməyin mümkün olmadığını dərk etsələr özləri üçün yaxşıdır. Amerika Azərbaycana qarşı haqsız hücumlar etməklə qətiyyən bu bölgədə özünü möhkəmlədə bilməz. Əksinə, mövqelərini get-gedə sarsıdacaq.
Azərbaycan xalqı Amerikanın “Ərəb baharı” inqilabları adı altında bir sıra ərəb ölkələrini, məxməri inqilablar siyasəti ilə Ukraynanı hansı fəlakətlərlə üz-üzə qoyduğunu gördü və bu gün də görməkdədir. Azərbaycan xalqı Amerikanın erməni separatizmini bəslədiyi, erməni separatizminə, erməni terroruna dəstək verdiyini yaxşı bilir. Odur ki, Vaşinqton Azərbaycan xalqını da aldadacağı və burada istədiyini edəcəyi barədə xəyallara düşməsin".
Deputat qeyd etdi ki, ABŞ başqa dövlətlərin daxili işlərinə müdaxilə etməklə əslində sülhə və təhlükəsizliyə deyil, qanlı qarşıdurmalara rəvac verir. Əsrlər boyu dünya siyasi və hərb tarixində ABŞ-ın rəhbərliyi altında Qərb imperializminin haqsız siyasi istismarının səbəb olmuş ölkələrin üzləşdiyi fəlakətlər də təsdiq edir ki, Qərb dünyası hər zaman öz maraq və mənafelərinə görə beynəlxalq hüququ heçə sayır. Amma indiyə qədər olduğu kimi bundan sonra da Azərbaycanla bağlı arzuları, istədikləri həyata keçməyəcək.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ