Onlayn ictimai-siyasi qəzet
Prezident Tokayevin səfərindən bir xeyli keçəndən sonra onun uydurma soyqırımı kompleksinə getməməsinin qabardılmasının kökündə də elə bu durur; proseslərin sonrakı gedişatı rəsmi İrəvanın siyasi iradəsindən asılıdır
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bugünlərdə Ermənistanda səfərdə oldu. Qazaxıstan prezidenti İrəvanda Nikol Paşinyanla birgə keçirdiyi brifinqdə deyib ki, danışıqlar üçün platforma təklif etməyə hazırdır: “Əsas məqsədimiz dost ölkələrimizi bir-birinə daha da yaxınlaşdırmaq və sarsılmaz dostluq münasibətlərinə, sülhə və sabit inkişafa yol açmaqdır”.
Ümumiyyətlə, Qazaxıstan azərbaycanpərəst mövqeli ölkə kimi tanınır, Türk Dövlətləri Təşkilatının üzvüdür, Astana Azərbaycanın Qarabağ iqtisadi rayonunun bərpasında iştirak edir, son səfərində hər iki ölkə prezidenti birgə Şuşaya da getdilər. Əslində bir türk dövlətindən başqa mövqe gözləmək də olmazdı. Bu ölkənin qərbyönümlü siyasəti də həm region, həm Ermənistanın özü, həm də Qazaxıstan üçün faydalıdır.
Yeri gəlmişkən, Qazaxıstanın Azərbaycan-Ermənistan münasibətlərində vasitəçi kimi təşəbbüsü yeni deyil. Hələ 1991-ci ilin noyabrında Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev rusiyalı həmkarı Boris Yeltsinlə Bakıya, oradan da keçmiş DQMV-yə səfər etmişdilər. Lakin həmin missiya o zaman çox da uğurlu olmadı və nəticəsiz qaldı. 1991-ci ilin 20 noyabr dəhşətli helikopter terrorunda həlak olanlar arasında qazax rəsmilər də var idi. Qarakənd səmasında həyata keçirilən həmin terror aktı Qazaxıstan və Rusiyanın da iştirak etdiyi danışıqların üstündən xətt çəkdi. Bu mənada yenidən Astanadan təşəbbüs gəlməsi maraqlı məsələdir və həm də məntiqlidir.
Xəbər verdiyimiz kimi, Bakı Qazaxıstanın Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə ev sahibliyi etmək təklifi ilə razılaşıb. Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransda bildirib ki, Qazaxıstan Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə ev sahibliyi etmək təklifi ilə müraciət edib: “Bununla razılaşdıq, Ermənistan da razılaşarsa, görüş Qazaxıstanda olacaq”.
Qeyd edək ki, Qazaxıstan prezidenti Ermənistanda rəsmi səfərdə olarkən qondarma soyqırımı abidəsini ziyarət etməyib ki, xüsusilə erməni müxalifəti bundan bərk qəzəblənib. Ermənistan XİN Tokayevin İrəvana səfəri zamanı qondarma “erməni soyqırımı” qurbanlarının xatirəsinə ucaldılmış Tsitsernakaberd memorialını niyə ziyarət etməməsi ilə bağlı sualı qısaca belə şərh edib: “Bu, protokolun istəyə bağlı hissəsidir”.
Mediada qeyd olunur ki, əvvəllər “xatirə”ni ziyarət etmək bütün dövlət səfərləri üçün məcburi idi.
Yada salaq ki, xüsusilə də Astana formatı çərçivəsində Rusiya, Türkiyə və İran danışıqları aparılırdı. Qazaxıstan bunu təşkil edirdi və həmin danışıqlar nəticə vermişdi. Belə ki, Suriyadakı proseslərin tənzimlənməsində Astana formatı öz müsbət təsirini göstərib. Ona görə də Astana bu təcrübədən yararlanaraq Azərbaycan və Ermənistan arasında danışıqları təmin edə bilər. Söhbət təbii ki, Azərbaycan və Ermənistanın birbaşa danışıqlarından gedir. Azərbaycan tərəfi birbaşa məsələlərin müzakirə edilməsində maraqlıdır.
Bəs ekspertlərimiz necə düşünür, proseslərin sonrakı gedişatından nələr gözləmək olar?
Sahib Alıyev
Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında öncə bildirdi ki, Tokayevin Azərbaycan-Ermənistan sülh danışıqlarının Astanada keçirilməsi təklifi 5 aprel Brüssel xosunlaşmasını təşkil edənlərin qətiyyən ürəyindən deyil: “Bunun da iki səbəbi var. Birinci səbəb odur ki, Astana danışıqlarında onun ikitərəfli xarakter daşıdığı özünü daha qabarıq göstərəcək ki, bu da vasitəçilik, yaxud da moderatorluq adı altında bu regionda öz oyunlarını oynamağa çalışan, bölücülük edənlərin maraqlarına cavab vermir. İkincisi, Astana danışıqları normallaşma prosesinin 3+3 əməkdaşlıq formatı çərçivəsində gedəcəyi anlamı daşıyır ki, bu da regiondankənar güclərin planları ilə üst-üstə düşmür. Prezident Tokayevin səfərindən bir xeyli keçəndən sonra onun uydurma soyqırımı kompleksinə getməməsinin qabardılmasının kökündə də elə bu durur. Bu haqda narazılığını bildirən müxalifət əslində Ermənistan hakimiyyətinin sızdırması nəticəsində onun əlinə oynayır. Və zənnimcə, əgər az-çox müstəqil siyasət aparmağı düşünürlərsə, azacıq dövlətçilik təcrübəsinə yiyələniblərsə, rəsmi İrəvan Paşinyanın Moskvaya gözlənilən səfərindən sonra bu haqda dəqiq fikir bildirməlidir”.
Azərbaycana gəldikdə, S.Alıyevin sözlərinə görə, heç şübhəsiz ki, Tokayev hər şeydən əvvəl böyük diplomatik təcrübəsi olan və regional reallığı yaxşı bilən bir dövlət adamı kimi rəsmi Bakı ilə razılaşdırmadan İrəvanda sözügedən təklifi səsləndirməzdi: “Mən belə düşünürəm ki, burada onun ölkəmizə dövlət səfəri zamanı aparılan ikitərəfli qapalı danışıqlar öz rolunu oynayıb. Və əslində Qazaxıstan prezidenti Ermənistanda bir növ həm də Azərbaycanın təklifini səsləndirmişdi. Bu təklif Ermənistan üçün onu həm divara dirəmək, həm də dalandan çıxarmaq mahiyyəti daşıyır. İzah edim niyə? Baxın, Ermənistan rəhbərliyi Rusiyanın İkinci Qarabağ savaşı zamanı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi adı altında orada danışıqlar keçirilməsindən imtina edir. Əslində isə bunun Qərbin diktəsi ilə baş verdiyi kimsəyə sirr deyil”. Millət vəkilinin fikrincə, Astanada danışıqlardan imtina etməklə Paşinyan göstərəcək ki, məqsədi sülh yox, Ermənistanı regionda bölücü xətt çəkməyi planlaşdıranların platsdarmına çevirməkdir: “Artıq doğmaları belə, yəni Tehran rejimi də Ermənistanın belə bir niyyət güddüyündən şübhələnməyə başlayaraq, narazılıq bildirir. Ermənistan açıq oynamağa qalxarsa, Astana danışıqlarından imtina da bunun bir əlaməti kimi dəyərləndiriləcək, onda inanmıram ki, Tehran, sadəcə, narazılıq bildirməklə kifayətlənəcək. Əgər Tehranla Moskva Birinci Qarabağ savaşı zamanı Ermənistana göstərdikləri sinxron dəstəyi indi sinxron təzyiqlə əvəz etsə, Azərbaycan və Türkiyə ilə əlaqələrin yoluna qoyulmaması şəraitində arxalarında yüz Qərb də dursa, rəsmi İrəvan duruş gətirməyəcək”.
Sahib Məmmədov
Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov isə hesab edir ki, mümkün hallarda danışıqların, xüsusən delimitasiya məsələləri ilə bağlı danışıq və razılaşmaların tədricən və növbə əsasında Azərbaycanın, yaxud Ermənistanın sərhəd yaxınlığında olan inzibati vahidlərində - şəhər, qəsəbə və ya kəndlərdə - keçirilməsi daha məqsədəuyğun olardı: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də qeyd edib ki, ikitərəfli danışıqlar daha səmərəlidir, nəinki vasitəçilərin iştirakı ilə. Bununla belə, danışıqların aparılması üçün məkan baxımdan Qazaxıstan uyğun ölkələrdən biridir. Ermənistanın hazırda Rusiya ilə münasibətlərini nəzərə alsaq, o zaman Qazaxıstanda sülh danışıqlarının aparılması hər iki tərəf üçün məqbul hesab oluna bilər. Astanada və ya Qazaxıstanın digər şəhərlərində aparılan danışıqlar Avropa İttifaqı ölkələrində və ya ABŞ-da aparılan danışıqlardan daha səmərəli ola bilər. Həmçinin bu halda həm Qərb dövlətləri, həm Rusiya xüsusi narahatlıq keçirməyəcək. Çünki hər iki tərəf üçün Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının hansı məkanda keçirilməsi xüsusi əhəmiyyət kəsb edir”. S.Məmmədov bildirdi ki, Rusiya danışıqların Moskvada və ya digər Rusiya şəhərlərinin birində, Qərb isə Avropa İttifaqı və ya ABŞ ərazisində aparılmasını istəyir: “Bu baxımdan Qazaxıstan hər iki tərəfi - Ermənistanı və Azərbaycanı, həmçinin həm Qərbi, həm Rusiyanı nisbətən qane edən platforma ola bilər”.
Qazaxıstan və Rusiyanın 1991-ci il təşəbbüsünə gəldikdə, S.Məmmədov qeyd etdi ki, şərait əsaslı surətdə dəyişib: “O zaman Ermənistanın planları Azərbaycan ərazisini işğal etmək idi və o, bu niyyətini reallaşdırmaq üçün səy göstərirdi. İndiki halda isə Ermənistan məğlub tərəfdir, Azərbaycan isə sülh danışıqlarında maraqlıdır. Həmçinin qeyd etdiyimiz kimi, Qazaxıstan vasitəçilik yox, məkan təklif edir, yəni sülh danışıqları üçün Qazaxıstan öz ərazisini təklif edir.
Qazaxıstan prezidentinin ermənilərin qondarma soyqırımı abidəsini ziyarət etməməsinin səbəbinə gəlincə, qeyd edək ki, Kasım-Jomart Tokayev təcrübəli diplomatdır. Uzun illər Qazaxıstanın Xarici İşlər Nazirliyinə rəhbərlik edib. BMT Baş Katibinin müavini və BMT-nin Cenevrə bölməsinin baş direktoru olub. Bu baxımdan Ermənistan səfəri zamanı maksimum səy göstərdi ki, Ermənistan və Azərbaycanı qıcıqlandıra biləcək hər hansı ifadələrə və hərəkətlərə yol verməsin. Qondarma abidəni də bu baxımdan ziyarət etmədi. Nəzərə alaq ki, abidə məsələsində Türkiyə amili də var və Qazaxıstan Türkiyə kimi bir müttəfiqlə münasibətlərə xələl gətirə biləcək addımlar atmayacaq. Ona görə də əvvəlcədən razılaşdırılmış protokolda ziyarət nəzərdə tutulmayıb".
STM icraçı katibinin sözlərinə görə, 4 kəndin qaytarılması ilə bağlı ikitərəfli razılaşmadan sonra sülh danışıqları üçün əlverişli şərait yaranıb: “Əgər Ermənistan kənar təzyiqləri kənara qoya bilsə, ən azı prinsipial məsələlərlə bağlı razılığa gəlmək olar. Əlbəttə, bunda maraqlı olmayan tərəflər var. Bu, Fransadır, ABŞ-ın bəzi dairələridir və erməni lobbisidir. Bu nöqteyi-nəzərdən yanaşsaq, proseslərin müsbət istiqamətdə getməsi əngəllənə bilər. Azərbaycan tərəfindən problem yoxdur. Problem Ermənistanla bağlıdır. Ermənistan hakimiyyəti həm daxili, həm xarici müqaviməti qıra bilsə, müsbət dinamika davam edəcək”.
E.PAŞASOY,
“Yeni Müsavat”
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ