İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazi “TikTok”da xanımın başına oyun açdı: Qızı işdən çıxardılar, nişanı qaytarıldı

Qazi "TikTok" istifadəçisi olan xanımın adından saxta profil açıb və intim münasibət göstərilməsi ilə bağlı paylaşımlar edib.

Musavat.com xəbər verir ki, bu paylaşımlardan sonra xanımın şəxsi həyatında ciddi problemlər yaranıb. Xanım işdən çıxarılıb, nişanı qaytarılıb.

Bu əməli törədən 2002-ci il təvəllüdlü Qasım (ad şərtidir) "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilib.

Qasım bu əməlini pul qazanmaq üçün etdiyini deyib.

Bakıda yanacaqdoldurma məntəqələrindən birində operator işləyən Qasım asan yolla pul qazanmaq üçün "TikTok" istifadəçisi olan xanımın profil adına uyğun yeni profil açıb. Yeni profilin adının sonuna "_14" əlavə edib. Xanımın öz səhifəsində paylaşdığı görüntüləri yeni açdığı profildə paylaşaraq intim xidmətlər göstərdiyini yazıb. Bununla da xanımın şərəf və ləyaqətini alçaldıb.

Qasım özünü qısa zamanda ifşa edib. Belə ki, yeni açdığı profillə xanımın şəxsi profilindəki videoları bəyənib. Öz adına uyğun ad görən zərərçəkmiş xanım həmin səhifəyə daxil olan zaman adına yeni profil açıldığını, barəsində rüsvayedici məlumatların paylaşıldığını görüb. Həmin şəxsə "bilmirsən səni tapmaq asandır?" deyə mesaj yazıb. Qasım isə cavabında "məzələnmə, əəə" deyərək qarşılıq verib.

Xanım Qasımın əməllərini ifşa etmək üçün ona başqa profilindən yazaraq görüşmək istədiyini deyib. Qasım xanımın adına açdığı saxta profildən 500 manat qarşılığında görüşdüyünü deyib. Ödənişi də əvvəldən edib. Xanım ilk olaraq Qasımın kartına 100 manat göndərdiyini yazıb. Lakin Qasım pulun gəlmədiyini deyib. Sübut üçün də öz kartının telefonunda olan mobil tətbiqinin şəklini çəkərək ona göndərib. Həmin görüntüdə kartın kimə məxsus olduğu yazılıbmış...

Zərərçəkmiş xanım bu yazışmaları və kart məlumatlarını polisə təqdim edib. Bundan sonra Qasım tapılaraq məsuliyyətə cəlb edilib.

Əməlindən peşman olduğunu deyən Qasım məqsədinin pul qazanmaq olduğunu bildirib. Deyib ki, məsələnin bu yerə çatacağını düşünə bilməyib.

Zərərçəkmiş xanım Qasımdan heç nə tələb etmədiyini, ona qanunla nəzərdə tutulmuş cəza verilməsini istəyib. Bildirib ki, Qasımın bu əməllərindən sonra onu çalışdığı şirkətdəki işindən azad ediblər. Nişanlısı da nişanı qaytarıb.

Məhkəmə Qasımı bu əməlinə görə 1000 manat cərimələyib.

Qeyd edək ki, Qasım bu əməlinə görə min manatdan iki min manatadək cərimələnə, iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilərdi.

Məhkəmə ona minimum cəzanı təyin edib.

İlkin Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR