Onlayn ictimai-siyasi qəzet
Qazaxıstan hökuməti Çinlə ticarət dövriyyəsini hazırkı 40 milyard dollardan 100 milyard dollara çatdırmağı planlaşdırır.
Musavat.com xəbər verir ki, bu məlumatı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Çin Dövlət Şurası baş nazirinin müavini Liu Quojonqla görüşü zamanı açıqlayıb.
Liu Quojonq Qazaxıstana rəsmi səfərə gəlib. Tərəflər ikitərəfli strateji tərəfdaşlığın hazırkı vəziyyətini və inkişaf perspektivlərini, Tokayev və Çin Xalq Respublikasının sədri Si Cinpinin əvvəllər əldə etdikləri razılaşmaların həyata keçirilməsində iki ölkə hökumətlərinin gedişatını müzakirə ediblər.
Tokayev bildirib ki, “Qazaxıstan-Çin hərtərəfli strateji tərəfdaşlığı və əbədi dostluğu yüksələn xətlə inkişaf edir və gələcəyə yönəlib”.
Görüş zamanı tərəflər ticarət, investisiya, kənd təsərrüfatı, nəqliyyat və logistika, enerji və turizm sahələrində əməkdaşlığın gücləndirilməsi perspektivlərini nəzərdən keçiriblər. Bundan əlavə, mədəni-humanitar əlaqələrin inkişaf etdirilməsi məsələlərinə toxunulub.
Qazaxıstan lideri vurğulayıb ki, Astana Pekinin etibarlı tərəfdaşı olub və qalır. Onun sözlərinə görə, Çinlə ikitərəfli münasibətlərin yeni keyfiyyət səviyyəsinə çıxarılması Qazaxıstan üçün ən mühüm prioritetdir.
Musavat.com
29 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ