İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağ zəfərimizdə “Rusiyanın payı var” iddiası - Bakıdan reaksiyalar

Rusiyanın populyar nəşrlərindən olan “Nezavisimaya qazeta”da “Ermənistan öz gələcəyini özü seçdi” başlıqlı yazı dərc olunub. Məqalənin müəllifi tanınmış rusiyalı hərbi analitik Aleksandr Xramçixindir. 

Kifayət qədər geniş olan məqalənin bir yerində müəllif yazır: “2020-ci il müharibəsinə (44 günlük müharibə - red.) gəlincə, "Bayraktar"ların əhəmiyyəti sırf siyasi səbəblərdən - Bakı ilə Ankaranın böyük dostluğunu vurğulamaq üçün “bir az” şişirdildi. Reallıqda isə Azərbaycanın qələbəsinə əsas töhfəni İsrail və müasir Rusiya silahları verib. Bakı bu silahları külli miqdarda pulla alıb. İrəvanın eyni silahları KTMT-nin xüsusi qiymətlərinə almasına nə mane olurdu? Bu, Ermənistanın “ən rusiyayönlü” liderinə, əslində isə onun rusiyapərəst olan (və ya elə görünən) sələflərinə ünvanlanacaq sualdır". Rusiyalı müəllifin Türkiyə istehsalı olan silahları görməzdən gəlməsi təəccüb doğurur. Ola bilsin burada Ukrayna paytaxtının elan olunduğu kimi, qısa müddətdə rus tankları tərəfindən işğalına məhz Türkiyə “Bayraktar”larının mane olmasından irəli gələn qıcıq da var. Ancaq bildiyimiz qədər, Bakıdakı Hərbi Qənimətlər Parkında əsasən Rusiyanın sıradan çıxarılmış hərbi sistem və texnika vahidləridir. Bundan əlavə, Rusiya istehsalı olan silah-sursatın nə qədər “etibarlı” olduğunu nəinki Nikol Paşinyan komandasının üzvləri, hətta eks-prezident Serj Sərkisyan hətta 2016-cı ilin aprel döyüşlərindən sonra Almaniya səfəri zamanı demişdi. Şuşa ətrafına atılan “İsgəndər-M”dən danışan erməni ekspertlər də Rusiya silahlarının onları uduzdurduğu haqda az danışmayıblar. Bəs ekspertlərimiz necə düşünür, Xramçixin nədən “Bayraktar”ların əhəmiyyətini kiçildib, rus silahını tərifləyir? Rusiyanın tarixi zəfərimizə hərbi və ya qeyri-hərbi anlamda hər hansı töhfəsi olubmu? Bəlkə xəbərimiz yoxdur, ən yaxşısı hərbi ekspertlərimiz söyləsinlər. 

Hərbi ekspert müdafiə nazirlərinin görüşü barədə: böyük perspektivlər vəd  edir - 23.01.2020, Sputnik Azərbaycan

Üzeyir Cəfərov: “Qardaş Türkiyə istehsalı olan silahlar heç bir halda Rusiya silahları ilə müqayisə oluna bilməz”

Ehtiyatda olan polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, zaman-zaman rus ekspert cameəsinin bəzi üzvləri öz ölkələrinin digərləri qarşısında əhəmiyyətini qabartmaq və önə çıxartmaq üçün həddən çox reallıqdan uzaq olan fikirlər səsləndirirlər: “Biz bunu xüsusi olaraq təkcə yazılı rus KİV-lərində deyil, daha çox elektron informasiya vasitələrində davamlı izləyirik. Elə Rusiya Federasiyasının Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Aleksandr Xramçixinin də adıçəkilən nəşrdə səsləndirdiyi fikirlər bu qəbildəndir. Təkcə Ermənistan deyil, 44 günlük savaşdan sonra Rusiya mətbuatında biz siyasi açıqlamalarla yanaşı, rus silahının da guya "əvəzsizliyi" ilə bağlı fikirlər eşidirik". Ü.Cəfərov əminliklə bildirdi ki, qardaş Türkiyə istehsalı olan silahlar heç bir halda Rusiya silahları ilə müqayisə oluna bilməz: “Türkiyə bir NATO ölkəsi və onun arsenalında olan silahlar da müasir tələblərə cavab verən silah-sursatlar və texnikalardır. İndi rus ekspertin öz ölkəsinin guya böyük əhəmiyyətinin olmasını deməsi şəxsən mənim üçün təəccüblü deyil. Amma hamı bilir ki, bu gün Ukrayna cəbhəsində Rusiya necə ciddi silah-sursat çətinlikləri ilə baş-başadır. Onların silah-sursat çətinliklərini nisbətən qaydaya salmaq üçün Şimali Koreyaya, İrana, Çinə minnətçi düşməsi bütün dünyanın gözü qarşısındadır. Hətta rus muzeylərində eksponat kimi olan artilleriya və atıcı silahlar müharibəyə səfərbər olunur. Bəli, Azərbaycanın 44 günlük zəfər savaşında əsas söz sahibi ilk növbədə Azərbaycan əsgəri və onun peşəkarlıqla idarə etdiyi İsrail və qardaş Türkiyə silah-sursatları olub. Çox cüzi sayda rus silahı da bizim tərəfdən istifadə olunub. Çox istərdim ki, Xramçixin Bakıdakı Hərbi Qənimətlər Parkında olaydı və dediklərinin necə qeyri-ciddi fikirlər olduğuna əmin olardı. Mən son dönəmlərdə Rusiyanın tarixi zəfərimizə hərbi və ya qeyri-hərbi anlamda hər hansı töhfəsi olması ilə bağlı fikirlərə qəti etirazımı bildirirəm. Bu cür fikirləri söyləyənlər ordumuzun və bütövlükdə Silahlı Qüvvələrimizin zəhməti və əziyyətinə kölgə salmış olmaları düşüncəsindəyəm. Belə olmaz! Biz öz gücümüz və qətiyyətimiz hesabına bu savaşı qazanmışıq. Şəhid balaların qanı və canı bahasına, qəhrəman müharibə iştirakçılarının əzmkarlığı nəticəsində”. Polkovnik zəruri xatırlatmanı da etdi: “Gəlin unutmayaq ki, o vaxt separatçılara silah-sursat daşıyan, onlara 2021-ci il istehsalı olan minaların gətirilməsinə birbaşa dəstək olan ölkə də Xramçixınin vətəndaşı olduğu ölkə və onun adı sülhməramlı olan bir silahlı dəstənin başıpozuq dəstələri olublar. 34 nəfər vətəndaşımız məhz o minaların qurbanı olub. Biz belə faktları unutmamalıyıq. Rus ekspertləri, o cümlədən həmin Xramçixin kimi rus şovinizmini federal telekanallarda təbliğ edən şəxslər rus əsgərlərinin necə "qəhrəman və fədakar" olmaları ilə bağlı, guya onların Qarabağda misilsiz xidmətlərindən yalanlar uydurmalarını davam etdirmələrinin bu gün də canlı şahidləriyik".

Bu kimi iddialarla rusiyalı ekspertlərin həm də Qarabağdakı rus hərbçilərinin ömrünün uzadılması “zəruriliyinə” işarə vurduqlarını söyləmək olarmı? 

Ü.Cəfərov buna cavabında dedi: “Bütün bu cür açıqlamalar rus ekspertləri tərəfindən bundan sonra daha çox dilə gətiriləcək ki, onların bu bölgədə hələ uzun illər qalması üçün zəmin hazırlasınlar. Əslində özləri də gözəl bilirlər ki, rus əsgərlərinin harada olmasından asılı olmayaraq, o yerlərdən çəkilib getməsini hamı istəyir”.

Ədalət Verdiyev: Günün sonuna qədər düşmənin artan itkiləri barədə yeni  məlumatlar əldə edəcəyik - "İki sahil"

Ədalət Verdiyev: “Silah bazarında Türkiyənin qapısında növbə gözləyən ölkələrin sayı Rusiyanın silah müştərilərinin sayından daha çoxdur”

Hərbi ekspert Ədalət Verdiyev vurğuladı ki, Azərbaycanın Vətən müharibəsində istifadə etdiyi silahların əsasən Türkiyə, İsrail və Rusiyaya aid olduğu kimsəyə sirr deyil: “Amma bu silahlar arasında Türkiyənin "Bayraktar TB2" zərbə tipli pilotsuz vasitələri xüsusi rol oynayıb. Məhz “Bayraktar”ların sayəsində Azərbaycanın Ermənistana məxsus 1 milyard dollarlıq silahı məhv etdiyi faktdır. Onların arasında əsasən tanklar və digər zirehli vasitələr üstünlük təşkil edib. Azərbaycandan başqa bir çox ölkələr də, o cümlədən Efiopiya yaxın keçmişdə keçirdiyi hərbi əməliyyatlarda “Bayraktar” PUA-larından geniş şəkildə istifadə edib və məhz buna görə də Efiopiya ordusunun rəhbərliyi “Baykar Makina” şirkətinin rəhbərliyini bugünlərdə ordenlə təltif edib. Eyni zamanda Efiopiya “BayraktarTB2"dən sonra Türkiyədən "Akınçı" PUA-larını da əldə edib. Eyni PUA-ların Azərbaycan silahlanmasına daxil olacağı da gələn il ərzində gözlənilir".

Ekspert qeyd etdi ki, Xramçixinin də Türkiyə silahlarının imkanlarını kiçiltmək məqsədilə verdiyi müsahibədə dünyada nüfuzu və müştəriləri ildən-ilə azalan rus silahlarını reabilitasiya etmək məqsədi aydın şəkildə görünür: “Yaxın onilliklər ərzində Rusiya silahları nə Əfqanıstanda, nə Yuqoslaviyada, nə İraqda, nə Suriyada, nə Qarabağda, nə də Ukraynada özünü müsbət cəhətdən göstərə bilməyib. Sırf Rusiya silahlarından ibarət arsenala malik olan ölkələrdən heç biri sadalanan münaqişələrdə konkret nəticələr əldə edə bilməyib. Ümumiyyətlə, bu gün dünyada baş verən və ya davam etməkdə olan, sülh müqaviləsi imzalanmayan 183 münaqişə ocağı mövcuddur və o münaqişələrdən tək biri - Qarabağ məsələsi Azərbaycanın Ermənistan üzərindəki tam qələbəsi ilə nəticələnib. Bu qələbənin də əldə olunmasında Türkiyə silahları mühüm əhəmiyyət daşıyıb. Odur ki, Xramçixinin verdiyi bu müsahibəni birtərəfli, Rusiya silahlarının reabilitasiyasına, onların sarsılmış nüfuzunun bərpasına yönəlik açıqlama kimi dəyərləndirə bilərik. Türkiyə artıq ABŞ və Rusiya silahlarına qarşı konkret rəqabət platformalarını silah bazarına təqdim etməkdədir. Onların arasında bir çox kritik silahlar, o cümlədən ballistik raketlər, yüksək hündürlükdə uzun müddət fəaliyyət göstərə bilən HALE tipli hücum PUA-ları, pilotsuz aviasiya və dəniz vasitələri, beşinci nəsil qırıcılar, gəmi əleyhinə torpedolar, desant və PUA daşıyıcı gəmilər yer almaqdadır”. Ə.Verdiyev bildirdi ki, bu gün silah bazarında Türkiyənin qapısında növbə gözləyən ölkələrin sayı Rusiyanın silah müştərilərinin sayından daha çoxdur: “Təbii ki, belə bir vəziyyət Rusiyanı dərindən narahat etməyə bilməz. Nəzərə alsaq ki, Afrikada və Orta Asiyada, o cümlədən Avropanın özündə Rusiya silahlarına maraq "0"ın altında olduğu bir halda, Türkiyə adıçəkilən qitələrə və regionlara artıq silah ixrac etməkdədir. Rusiya ilə silah alınmasına dair müqaviləni ləğv edən bir çox ölkələr Türkiyəyə müraciət edir. Hazırda Ankara ilə 30-dan çox ölkə uzunmüddətli müqavilələr imzalayıb. Onların arasında NATO ölkələri də mövcuddur. Belə olan halda Xramçixinin və ya digər mütəxəssislərin rus silahının nüfuzunu bərpa etmək məqsədləri də təəccüblü görünmür. Çünki Rusiya silahının tərk etdiyi regionları məhz Türkiyə müdafiə sənayesi şirkətlərinin istehsal etdiyi silah və vasitələr doldurmaqdadır. Təbii ki, bu, həm Xramçixini, həm də Rusiya müdafiə sənayesini dərindən narahat edir".

E.PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR