İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ” çətinliyi aşaraq Liqa mərhələsinə yüksələ bilər

Azərbaycan futbolunun flaqmanı “Qarabağ” UEFA Çempionlar Liqasının Pro mərhələsinə vəsiqə uğrunda həlledici oyuna çıxmağa hazırlaşır. Komanda artıq vacib mərhələyə qədər irəliləyib və qarşıda yalnız bir addım qalır.

Həmin addımı uğurla atmaq isə həm komandanın Avropa arenasındakı mövqeyinə, həm də azarkeşlərin böyük ümidlərinə cavab olacaq.

MESTE.jpg (41 KB)

İdman şərhçisi Kənan Məstəliyev Musavat.com-a açıqlamasında qarşıdakı oyunun əhəmiyyətini vurğulayıb:

““Qarabağ”ın işi asan olmayacaq. Rəqib komanda qısa müddətdə formalaşmasına baxmayaraq, kifayət qədər güclü heyətə sahibdir. Amma “Qarabağ” da ondan geri qalmır. Təcrübə, oyun intizamı və meydanda qərarvermə bacarığı baxımından bizim komanda üstün ola bilər. Mən düşünürəm ki, bu mərhələni keçmək üçün hər şey komandanın əlindədir”.

K.Məstəliyev bəzi risk faktorlarına diqqət çəkib:

“Musa Qurbanlının sarı vərəqə limiti ciddi məsələdir. Belə vacib oyunlarda hər bir futbolçunun meydanda olması önəmlidir. Əgər hücum xəttində alternativlər azdırsa, mütləq şəkildə transfer edilməlidir. Bu, komanda üçün hava-su kimi vacibdir. Eyni zamanda, müdafiə xəttinin mərkəzində, xüsusilə hava toplarında standart vəziyyətlərdə zəiflik mövcuddur. Bu, “Qarabağ”ın ən çox üzərində işləməli olduğu sahədir”.

Şərhçi son transferlərdən də danışıb:

“Sami Mmaee kimi futbolçunun komandaya gəlməsi yaxşı addımdır. Bu, həm orta sahədə rəqabəti artıracaq, həm də oyunun tempinə müsbət təsir göstərəcək. Komanda tədricən formalaşır, amma ehtiyatlı olmaq lazımdır. Hücum xətti ilə müdafiə mərkəzinin gücləndirilməsi qarşıdakı mərhələlərdə həlledici rol oynaya bilər”.

Kənan Məstəliyev baş məşqçi Qurban Qurbanovun təcrübəsinə xüsusi vurğu edərək onun bu problemləri yaxşı bildiyini və həll yolları tapacağına inandığını deyib:

“Qurban Qurbanov Azərbaycan futbolunun ən təcrübəli mütəxəssislərindən biridir. O, həm taktiki, həm də psixoloji baxımdan komandanı oyuna ən yaxşı şəkildə hazırlamağı bacarır. Mən əminəm ki, “Qarabağ” rəqibini keçərək Liqa mərhələsinə vəsiqə qazanacaq və bu uğuru reallaşdıracaq”.

Bu oyunun nəticəsi yalnız komandanın Avropa mübarizəsində növbəti addımı deyil, həm də mövsümün taleyini müəyyən edən əsas dönüm nöqtələrindən biri ola bilər.

Sultan Məmmədli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR