Onlayn ictimai-siyasi qəzet
Yanlış təbliğatlar ailə münasibətlərində daha dramatik durum yaradıb
Uzun illərdir Azərbaycanda ailə konfliktləri, qadın qətlləri ilə bağlı xoşagəlməz mənzərə müşahidə olunur. Qadınlara şiddətə qarşı zaman-zaman cəmiyyətin düşünən kəsimi, media, ziyalılar həyəcan təbili çalıblar. İndi isə fərqli bir mənzərənin şahidi oluruq: qadınlar ərlərini, sevgililərini bıçaqlayır, öldürür.
Son 2 ay yarımda artıq 3 belə qətl baş verib.
*Dekabrın 15-də saat 16 radələrində Sumqayıt şəhəri 11-ci mikrorayon ərazindəki evlərin birində 1988-ci il təvəllüdlü E.Quliyevə kəsici alətlə xəsarət yetirib öldürməsi barədə polisə məlumat daxil olub.
Əməli törətməkdə şübhəli bilinən onun arvadı 2000-ci il təvəllüdlü N.Quliyeva polis əməkdaşları tərəfindən saxlanılıb.
*Masazırda dekabrın 4-də 31 yaşlı Nazilə Nazir qızı Əliyeva həmyaşıdı olan həyat yoldaşı, 4 uşaq atası Ayxan Əhliman oğlu Hacızadəni bıçaqlayaraq öldürüb.
* Oktyabrın 24-də saat 08 radələrində paytaxtın Xətai rayonu ərazisində 1986-cı il təvəllüdlü Hacı Mahmudovu arvadı, 1987-ci il təvəllüdlü Raidə Mahmudovanın birgə yaşadıqları mənzildə aralarında yaranmış mübahisə zamanı baş nahiyəsinə küt alətlə zərbələr yetirərək öldürüb...
Statistikaya nəzər salanda şahidi oluruq ki, 2024-də təxminən 10-yaxın kişini qadın bıçaqlayıb və ya digər formada xəsarət yetirib.
Qadınların kişiləri öldürməsi daha dəhşətli ailə dramıdır, cəmiyyətə və məhz qadınların, uşaqların firavan yaşamasına ağır zərbədir.
Bir çox müstəqil ekspertlər bildirir ki, qadınların konfliktlərdə rolu daha çox görünməyə başlayır və bu, hətta kişiləri öldürməklə nəticələnir.
Bunun indiyədək müəyyən təşkilatlar tərəfindən aparılmış düzgün olmayan ailə münasibətləri, yanlış təbliğ edilən “qadın haqları” kampaniyasının nəticəsi olduğunu deyənlər də az deyil. Yanlış, xüsusi məqsədli “gender” hayqırtıları, missioner təbliğatlar, efirlərdəki “qadın azğınlığı”, “kişi mağmunluğu” təşviqatı öz ağır fəsadlarını verməkdədir. Qadınlarımızın kriminallaşması, qəddarlaşması gələcəkdəki böyük faciələrdən xəbər verir.
Maraqlıdır, Azərbaycan qadını niyə kriminal xəbərlərin obrazına çevrilir? Onları buna nə vadar edir? Və ən əsası qadınlarımızı qətldən necə çəkindirmək olar?
Çingiz Qənizadə
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Musavat.com-a açıqlamasında bildirib ki, Azərbaycan cəmiyyətində stress çoxalıb. Onun sözlərinə görə, dayələrin uşaqlara, kişilərin qadınlara, xanımların ailə üzvülərinə qarşı bir aqressiyası var: “Cəmiyyətdəki bu streslərin bir sıra səbəbləri var. Buraya iqtisadi bağlılıq, qanunlarda boşluqların olması və s. daxildir. Əri tərəfindən şiddətə məruz qalan qadın əlbəttə ki, bir gün cinayətə əl atacaq. Bəzən qadın boşanır, ər evini tərk edir, lakin həyat yoldaşı onu rahat buraxmır. Küçədə izləyir, qısnamaya məruz qoyur. Belə olan halda qadın aqressivləşib, xətaya yol verir.
Qadınların törətdiyi cinayətlər bir neçə kateqoriyaya bölünür. Birinci yerə iqtisadi xarakterli cinayətlər daxildir. Yəni narkotik vasitələrin satılması, daşınmasında kuryerlik etmə, oğurluq və digər cinayətlər nəzərdə tutulur. Digər hallara isə qadınların soyuq silahla qətl törətmələri daxildir. Biz cəzaçəkmə müəssisələrinə gedəndə 6 məhbus qadından biri kimisə öldürəndir. Dəqiqliklə analiz etdikdə görürsən ki, əks tərəfin müəyyən qədər günahı olub və qadını bu qətlə sanki sövq edib. Lakin biz bütün hallarda qətlləri pisləyirik.
Qadınların ölüm işlərində məsuliyyətə cəlb edilməsi, adının hallanması daha çox kişilər tərəfindən şiddətə məruz qalmaları ilə bağlıdır. Bəzən ər övladına qarşı şiddət göstərir, bu zaman qadın dözmür və cinayət törədir. Son çıxış yolunu bunda görür. Bütün hallarda bu, cəmiyyətimizdəki aqressiyanın nəticəsidir. Amma bütün hallarda bu cür cinayətlərdə məsuliyyəti ilk olaraq kişilərin üzərinə qoyuram. Lakin elə qadınlar var ki, başqa bir şəxslə birləşərək heç bir günahı olmayan həyat yoldaşını öldürür, zəhərləyir. Bu cür nankor qadınlar da var. Onlar azlıq təşkil edirlər.
Qadınların qatilə çevrilməsinin qarşısının alınmasında vətəndaşların həyat şəraitinin yaxşılaşdırılmasının da rolu olacaq. Sosial problemlər həll olunarsa, ailədə sülh olacaq və belə cinayətlərin sayı da azalacaq. Ər işləmir və ya iş tapa bilmir, bu da ailədə narazılığa, söz-söhbətə, aqressiyaya gətirib çıxarır. Nəticədə işsizlikdən, sosial problemlərdən doğan cinayətlər baş verir".
Üzeyir Şəfiyev
Sosioloq Üzeyir Şəfiyev deyir ki, Azərbaycanda və digər üçüncü dünya ölkələrində müxtəlif Qərb mərkəzli qüvvələr ənənəvi cəmiyyətin əsasını sarsıtmaq üçün qadın-kişi qarşıdurması yaratmağa çalışırlar. Onun sözlərinə görə, aqressiv feminist dalğasının təsiri ilə gender bərabərliyi adı altında qadınları kişilərə qarşı aqressivləşdirir, qadınları bu vaxta qədər ki, status-kvonu ləğv etməyə sövq edirlər: "Azərbaycanda ənənəvi ailə dəyərlərinin deqradasiyasına nail olmaq və kişi-qadın qarşıdurması fonunda ailə əsaslarını sarsıtmaq məqsədini güdürlər. Bu, Avropa mərkəzli qüvvələrin realizə etməyə çalışdığı planların bir hissəsidir. İndi gender bərabərliyini qadın-kişi qarşıdurması kimi təqdim edirlər. Azərbaycanda da ailə düzənində dəyişmə meyilləri yaranmağa başlayıb.
Əvvəllər də qadın məhbuslar arasında qatillər olub. Lakin indiki kimi təbliğ edilməyib. Bu məsələdə mətbuatın üzərinə böyük məsuliyyət düşür. Əvvəllər KİV-də belə məlumatlar işıqlandırılmırdı. İndi isə istənilən ailədə elementar narazılıq efirə daşınır. Bu, domino effekti ilə digər münaqişəli ailələrə də sirayət edir.
İndi bir çox mətbu orqanda kriminal aləmin nümayəndələri qəhrəman kimi təqdim edilir. Bu, yolverilməzdir.
Məişət zorakılığı dedikdə kişilərin qadınlara qarşı zorakılığı kimi qələmə vermək istəyirlər. Halbuki məişət zorakılığına qadının kişiyə qarşı emosional zorakılığı da daxildir. Yaxud da valideynlər arasında münaqişənin nəticəsi olaraq ananın övladına qarşı aqressiyası da bu kateqoriyadandır. Əfsuslar olsun ki, bu məsələlər bir tərəfdə qalır, diqqəti qadın-kişi qarşıdurmasına çəkirlər. Bu da məqsədli təbliğatların nəticəsidir".
Sosioloq bildirir ki, yaranmış problemlərin həlli üçün KİV-lə bağlı siyasət dəyişməlidir: “Televiziyalarda, mətbuat orqanlarında monitorinqlər aparılmalı, ailə dəyərlərini zədələyən verilişlər, proqramlar, nəşrlər cərimələnməlidir.
"Media haqqında" Qanunda göstərilən qanunlara zidd fəaliyyət qəbul olunmamalıdır. Kriminal şəxslərlə bağlı portret yazısını dərc etmək onu təbliğ etmək deməkdir. Ailə münaqişəsi efirə daşınmamalıdır. Hər informasiya verilə bilməz".
Şahanə RƏHİMLİ,
Musavat.com
07 Fevral 2025
06 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ